Hüquqşünas: "Nazim İbrahimov da Rövşən Əkbərov işi üzrə məsuliyyətə cəlb edilə bilər"

Hüquqşünas:

17-03-2021 16:43 / Bu xəbər 6090 dəfə oxundu

"Cinayət Məcəlləsinin tələbinə və Beynəlxalq Konvensiyaya görə Rövşən Əkbərovun Ukraynada da mühakimə edilməsi mümkündür”.

Bunu "qaynarinfo"ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov deyib. 

O, cinayət hadisənin Ukraynada baş verdiyini bildirib: "Cinayət Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər ölkənin hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. 120.2.2-ci bəndə əsasən isə xuliqanlıq niyyəti ilə adam öldürmə; irəli sürülən ittihamlardan biri də xuliqanlıq niyyəti ilə adam öldürmədir. İrəli sürülmüş ittiham təsdiqini taparsa, Rövşən Əkbərov 15 ilə qədər azadlıqdan məhrum edilə bilər".

Səməd Vəkilov onu da əlavə edib ki, Nazim İbrahimov da bu iş üzrə məsuliyyətə cəlb edilə bilər: "Ancaq Nazim İbrahimovun cinayət məsulliyətinə cəlb edilmə müddəti keçdiyi üçün ona irəli sürülmüş ittiham təsdiqini tapsa, cəzadan azad oluna bilər. Lakin Elçin Əliyevin anasının mətbuata verdiyi açıqlamalara görə,, Nazim İbrahimovda bu hadisələrin şahidi olub”.

Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, general-leytenant 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşə Əliyev Elçin Fəday oğlunu 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürməkdə ittiham olunur. 

31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.