Hüquqşünas: "Vətəndaşlar Tarif Şurasını məhkəməyə verə bilərlər"

Hüquqşünas:

05-01-2021 15:56 / Bu xəbər 905 dəfə oxundu

"Tarif Şurası yenə qanunlara əhəmiyyət verməyərək oğru kimi gecə yarısı qiymət qaldırır”.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli "Toplum TV”yə açıqlamasında belə deyib.

Ə.Məmmədli deyir ki, Tarif Şurası neft məhsullarının qiymətini qəfil qaldırmaqla "İnformasiya əldə etmək haqqında” Qanunun tələblərini pozub: "Bu da inzibati məsuliyyət yaradır. "İnformasiya əldə etmək haqqında” Qanuna görə, dəyişiklik edilməzdən ən az 30 gün öncə ictimaiyyətə bu haqda məlumat verilməli idi".

Hüquqşünasın sözlərinə görə, qanunun pozulması inzibati məsuliyyət yaratdığından, bu halda məhkəməyə müraciət etmək, həmçinin Ombudusmandan protokol tərtib etməsini istəmək olar.

"Qanunun tələbləri pozulduğu üçün qiymət dəyişikliyinin 30 gün geriyə çəkilməsini tələb etmək olar. Bu da qərar qüvvəyə minənədək vətəndaşların ondan daha avantajlı yararlanmasına gətirib çıxaracaq”, - deyə Ə.Məmmədli bildirib.

Tarif Şurasının qərarına əsasən, yanvarın 4-dən etibarən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Dünən dəyişikliklə bağlı qəbul edilən bu qərar ölkədə bir mənalı qarşılanmayıb, bir çox insanın etirazına səbəb olub.

Bu günə kimi isə Aİ-92 markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 90 qəpik, dizel yanacağının isə 60 qəpik təşkil edib.