Hüquqşünas: "Xanlar Vəliyev cinayətkar psixologiyası ilə hərəkət edir"

Hüquqşünas:

02-11-2021 11:57 / Bu xəbər 1072 dəfə oxundu

Hüquq müdafiəçisi: "Hərbi prokuror bir-birinə zidd fikirlər səsləndirir”

"Xanlar Vəliyevin dünənki açıqlaması aprelin 16-da səsləndirdiyi fikirləri təkzib edir. Ona görə dövlət bu məsələyə diqqət artırıb aydınlaşdırmalıdır ki, niyə hərbi prokuror "Tərtər işi” barəsində bir neçə ay ərzində bir-birinə zidd fikirlər səsləndirir? İkinci, Xanlar Vəliyev yeni bir şey deməyib, sadəcə, onun işgəncələr barədə söylədikləri ajiotaj yaradıb”.

Bunu hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin "Tərtər işi” ilə bağlı açıqlamasını şərh edərkən Meydan TV-yə deyib.

"İşgəncə faktını sübut etməyə ehtiyac yoxdur”

Onun sözlərinə görə, hərbi prokurorun dediklərinin məzmunu yeni bir şey deyil: "Artıq uzun müddətdir ki, hüquq müdafiəçiləri, başqa şəxslər sosial şəbəkələrdə, mətbuatda bu barədə danışırdı. Deyirdik ki, işgəncə faktını sübut etməyə ehtiyac yoxdur. Çünki işgəncə faktı artıq sübuta yetirilib”.

Hərbi prokuror Xanlar Vəliyev noyabrın 1-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının iclası ərəfəsində jurnalistlərə "Tərtər işi” ilə bağlı açıqlama verib.

Xanlar Vəliyev: "Cinayət işi başlayana qədər bir nəfər vəfat edib”

"Hərbi Prokurorluq tərəfindən "Tərtər işi” ilə bağlı aparılan istintaq zamanı müəyyən olunub ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə – bir neçə gün ərzində olub – dövlətə xəyanətdə şübhələndirilən şəxslərə qarşı qanundan kənar çox ciddi fiziki zorakılıqlar həyata keçirilib. Nəticədə biz cinayət işi başlayana qədər bir nəfər şəxs vəfat edib”, – deyə Xanlar Vəliyev qeyd edib.

Onun sözlərinə görə, işgəncə halları haqqında məlumat alandan sonra bir sıra rəsmi şəxslərlə birgə həmin hərbi hissəyə gediblər: "Müəyyən etdim ki, doğrudan da, kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıq. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük həkim briqadası gəldi, oradakı şəxsləri müayinə etdi. Kimlərin hansı dərəcədə müalicəyə ehtiyacı olduğunu müəyyənləşdirdi. Bir qisim insanlar Mərkəzi Hospitala təxliyə olundu, onlara qarşı çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə verilməsi ilə bağlı cinayət işi başlandı. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxs cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər qəbul olundu. Eyni qaydada həmin şəxslər hökmlərdən şikayətlər verdi, lakin nə Apelyasiya Məhkəməsi, nə də Ali Məhkəmə həmin şikayətləri qəbul etdi. Məhkəmələr hesab elədi ki, istintaq orqanı onlara istinad olunan ittihamları əsaslı və qanuni verib, odur ki, hökmlər qüvvəsində saxlanıldı”.

"Onlar təmizlənməsəydi, qələbəni qazana bilməzdik”

Xanlar Vəliyev deyib ki, Hərbi Prokurorluq "Tərtər işi”ndə obyektiv olmağa çalışıb: "Zənn edirəm ki, Hərbi Prokurorluq buna nail olub. Bu gün kimsə razılaşmaq istəmir ki, onların övladları belə cinayətlərdə günahlandırılır. Bu, hər bir azərbaycanlı üçün qara ləkədir. Bu ləkəyə görə həmin övladın valideyni olmaq istəmir. Amma neynəmək olar? Əvvəllər də belə hallar olub, əvvəllər də belə adamlara qarşı mübarizə aparılıb, belə adamlar cinayət məsuliyyətinə cəlb olunub, onlar haqqında məhkəmə məsuliyyətinə verilib. Onlar təmizlənməsəydi, bu gün bizim ordumuz təmizlənməsəydi, biz çox pis vəziyyətdə qalardıq, bu gün bu qələbəni qazana bilməzdik. Bu, təkcə bizdə deyil. II Dünya müharibəsi zamanı sovet ordusunun diviziyaları belə satılmışdı”.

O, "Tərtər işi” ilə bağlı məhkum olunmuş şəxslərin apelyasiya, sonra isə Ali Məhkəməyə kassasiya şikayəti verdiklərini vurğulayıb: "Həm apelyasiya, həm də kassasiya mərhələlərində həmin şəxslərin bu cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvəsində saxlanıldı”.

Rəsul Cəfərov: "Xanlar Vəliyevin səsləndirdiyi fikirlərdə açıq qalan suallar var”

Rəsul Cəfərov deyir ki, artıq məhkəmələr də işgəncə faktlarını təsdiqləyib və məhz həmin qərarlardan sonra hərbi prokuror belə bir açıqlama verib: "İlk dəfədir ki, Azərbaycan məhkəmələri bu qədər işgəncə faktını təsdiqləyib. Yəni birinci korpus ərazisində hərbi qulluqçulara işgəncə verilməsi haqda dörd məhkəmə hökmü var, hamısı da Tərtər Hərbi Məhkəməsinin. Birinci hökm 2018-ci ildə, ikisi 2019-cu ildə, sonuncu hökm də ötən il verilib. İkinci korpusun ərazisində isə Füzuli Hərbi Məhkəməsi 2018-ci ildə hökm çıxarıb. Bu hökmlərlə 116 nəfər zərərçəkmiş şəxs kimi tanınır. Faktiki təsdiqlənib ki, bu insanlar ağır işgəncələrə məruz qalıb. Məqsəd bu olub ki, onlar ya özlərinin əleyhinə, yaxud başqa hərbi qulluqçuların əleyhinə olmayan bir ittihamı – Vətənə xəyanət ittihamını təsdiq etsinlər. Nəticədə 16 nəfər hərbi quluqçu cinayət məsuliyyətinə cəlb olunub, onların biri haqda cərimə cəzası, digərləri barəsində azadlıqdan müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası təyin olunub”.
 
Rəsul Cəfərov 

"Ən vacib məqam odur ki, vətənə xəyanət məsələsi açıq qalır”

Hüquq müdafiəçisi düşünür ki, Xanlar Vəliyevin səsləndirdiyi fikirlərdə açıq qalan suallar da var: "Bu sualları da Xanlar Vəliyev cavablandırmalıdır. Əgər Xanlar Vəliyev işgəncədən ölən şəxsin olduğunu deyirsə, ya da kütləvi işgəncəni təsdiqləyirsə, niyə istintaq daha yüngül maddələr əsasında aparılıb? Yəni Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) və 293-cü (işgəncə verilmə) maddələr niyə qoyulmayıb? Bu adamlar işgəncəyə məruz qalmaqdan başqa onların azadlıqları məhdudlaşdırılıb. Niyə qanunsuz azadlıqdan məhrum etməylə bağlı cinayət məsuliyyəti yaradan maddə üzrə iş açılmayıb? Nəhayət, niyə bütün zərərçəkənlər nəzərə alınmayıb, ancaq 116 nəfər zərərçəkən kimi tanınıb?! Ən azından 46 nəfər hərbi qulluqçu var ki, onlar 2017-ci il may-iyun ayları zamanı ağır işgəncələrə məruz qaldıqlarını deyirlər. İndiyə qədər də onların bədənlərində işgəncə izləri qalır. Bəs niyə bu adamlar zərərçəkmiş kimi tanınmırlar? Xanlar Vəliyev bu suallara da cavab verəndə onda gerçəklik ortaya çıxacaq. Ən vacib məqam odur ki, vətənə xəyanət məsələsi açıq qalır. Xanlar Vəliyev faktiki günahı məhkəmənin üzərinə atır, yəni məhkəmələr baxıb və təsdiqləyib ki, burda vətənə xəyanət işləri öz təsdiqini tapıb. Belə deyil, çünki istintaq orqanı işi məhkəməyə təqdim edir və onu müdafiə edir. Hərbi prokurorluq 2017 və 2018-ci illərdə əsaslığı böyük suallar doğuran ittihamları müdafiə ediblər. İndi də ortaya çıxır ki, o vaxt zərərçəkmiş kimi ortaya çıxan adamlar ifadələrindən imtina edirlər. Bəs bunları kim araşdıracaq, bu suallara da cavab verilməlidir. Eyni zamanda, məhkəmə instansiyalarına suallar ünvanlamalıdır ki, hansı səbəbdən işgəncə verən əksər hərbi qulluqçulara yüngül cəzalar kəsilib? Məsələn, məhkəmə heç kimə 3.5 və 4 il cəza təyin edə bilməzdi. Çünki müvafiq məcəllədə cəzalar 6 il və daha yuxarıdan başlayır. Amma bəzilərinə 3 il və ya 3.5 il cəza veriblər. Bu suallara məhkəmələr cavab verməlidir”.

"Prokurorluğa müraciət etmişdik, heç bir əməli addım atılmayıb”

Rəsul Cəfərovun bildirib ki, hadisə ilə bağlı Tərtər Hərbi Prokurorluğuna və Respublika Hərbi Prokurorluğuna ərizələr də göndəriblər: "Həmin ərizələr sadəcə, adamları zərərçəkmiş kimi tanımaqla bağlı deyil. Ərizlərdə şahidlər, hadisə yerləri göstərilir, vəsatətlər göstərilib. 7-8 ay keçib, amma həmin şəxslərin zərərçəkmiş kimi tanınması və təqsirləndirilən cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı heç bir əməli addım atılmayıb”.

Hərbi prokuror: "Qurban Məmmədov və onun kimilər bu gün hələ də ermənilərin maşasıdır”

Xanlar Vəliyev isə dünənki açıqlamasında deyib ki, Tərtər işi”nin müharibədən sonra məqsədli gündəmə gətirilib. 

O, bu məsələdə mühacirətdə olan hüquqşünas Qurban Məmmədovu ittiham edib: "Vətən müharibəsindən sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə etdi. Bu məsələni bu cür tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd elədi. Qurban Məmmədov və onun kimilər bu gün hələ ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimilər başa düşmür ki, onların deməyi ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır, çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycan Respublikasında hər şey qanunla həll olunur. Cinayət işi başlanıb, istintaq aparılıb, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verilib. Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Müəyyən olunub ki, istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə və digərlərinə qarşı qanunsuz işgəncə verən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir. Təkcə işgəncə işi üzrə 102-103 nəfər müəyyən edilib. Onlara qarşı müxtəlif formada fiziki zorakılıq tədbirləri həyata keçirilib. Yalnız təqsirləndirilən şəxslər deyil, digərlərinə də qarşı bu cür tədbirlər həyata keçirilib. Biz istintaqın gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişik, ancaq sonra müəyyən etdik ki, həmin adamların günahı yoxdur. Buna görə də onların cinayət işinə xitam verilib”.

Qurban Məmmədov: "Xanlar Vəliyevin özü və tayfası üçün qurduğu firavan həyatın alt-üst olmasına səbəb olmuşam”

Qurban Məmmədov isə Meydan TV-yə deyib ki, bu açıqlama Xanlar Vəliyevin hüquqşünas kimi səviyyəsini göstərir: "İkincisi isə onun dövlət adamı kimi əxlaqı bəlli olur. Bilirsiniz, vətəndaş əsəbləşəndə söyə də, təhqir də edə bilər. Ancaq Xanlar Vəliyev anlamır ki, bir dövlət məmurunun vətəndaş barəsində istədiyini danışmaq, yaxud təhqiramiz ifadə işlətmək haqqı yoxdur. O məni erməni maşası adlandırıb. Çox maraqlı cümlədir. Xanlar Vəliyev mənim erməni maşası olduğumu haradan bilir? İnşallah, onun qolu qandallanıb istintaq aparılanda haranın maşası olduğu bilinəcək. Hər halda hərbi prokuror bir neçə ay əvvəl "Tərtər işi”ndə işgəncələrin nağıl olduğunu deyirdi. Bu gün özü işgəncələrdən danışırsa, deməli, təlaşdadır. Başa düşür ki, həlqə tədricən daralır. Ona görə başqalarına da "danışaram” işarəsini verir. Diqqətlə fikir verin, Xanlar Vəliyev özündən başqa vəzifəli adamları da xatırladır, yəni tək olmadığını deyir və o adamlara da "hərəkətə başlayın, mən batıramsa, kimisə batıracağam” işarəsini verir. Çox maraqlı gediş edib və məhkəmə hakimlərini hədəfə alır. Bəli, mən onu dəstəkləyirəm, doğrudan da prokurorluq səhv etmişdi, bəs Apelyasiya və Ali Məhkəmə hakimləri hara baxırdı? Ali Məhkəmənin hakimi Ramiz Rzayev hara baxırdı? Heç bir sübut olmadan, işgəncə nəticəsində alınan etirafedici ifadələrə əsaslanaraq hökm çıxartmaq olarmı? Xanlar Vəliyev artıq cinayətkar psixologiyası ilə hərəkət edir, inşallah tezliklə layiq olduğu yerdə olacaq”.
Qurban Məmmədov

Xanlar Vəliyevin "təkcə işgəncə işi üzrə 102-103 nəfər müəyyən edilib” açıqlamasına gəlincə, Qurban Məmmədov bildirib ki, o, 2 min yox, minlərcə ifadəsini işlədib: "Bəli, hətta 10 minə yaxın adam işgəncə görüb. Bu adamlar belə bir şeyi gizlətməyə çalışırlar. Bütün hallarda Xanlar Vəliyevin dediyindən bir nəfər çoxdur, onun yalan danışdığını öz kanalımda faktlarla sübut edəcəyəm”.

Qurban Məmmədovun sözlərinə görə, Xanlar Vəliyevin fikirləri onun üçün gözlənilməz deyil: "Mən Xanlar Vəliyevin yığdığı milyonların, özünün və tayfası üçün qurduğu firavan həyatın alt-üst olmasına səbəb olmuşam. Ona görə məni söyəcək və haqqımda min söz deyəcək”.

Bu ilin aprel ayında Xanlar Vəliyev İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının "Tərtər işi” ilə bağlı bəyanatını www.gununsesi.info saytına açıqlamasında təkzib etmişdi: "Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.

İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının aprelin 13-də yaydığı bəyanatında qeyd olunurdu ki, "Tərtər işi” çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

Təşkilat 2017-ci ilin mayında Azərbaycan Baş Prokurorluğunun, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında istinad edərək bildirib ki, Ermənistan kəşfiyyatına casusluq ittihamı ilə bir qrup hərbçi və mülki şəxs saxlanılıb.

Bundan əlavə iyunun 28-də İşgəncə Qurbanlarına Dəstək Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının 24 üzvü Azərbaycanda işgəncələrin araşdırılması təşəbbüsü ilə çıxış etmişdi.

Sənəd müəllifləri "Tərtər işi”ndə miqyaslı işgəncələr faktı ilə əlaqədar araşdırmaların zəruriliyini vurğulayıblar. Bildirilib ki, 200-dən artıq hərbçi bu işin qurbanı olub, onlardan 11-i vəfat edib: "Bundan sonra həbsdə olan hakimiyyət tənqidçilərinə qarşı qeyri-insani rəftarın və işgəncələrin olması barədə xəbərlər yayılıb”.