Hüquqşünas: Yaxın gələcəkdə Nazirlər Kabineti ləğv edilə bilər

Hüquqşünas: Yaxın gələcəkdə Nazirlər Kabineti ləğv edilə bilər

17-08-2021 13:13 / Bu xəbər 1319 dəfə oxundu

"Yaxın gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsi gündəmə gələ, bələdiyyələrin statusunun genişləndirilməsi, hakimiyyət qolları arasında balansın, tarazlığın qorunması istiqamətində Konstitusiya dəyişiklikləri baş verə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "torpaqlarımızın işğaldan azad olunması Ana Yasada hansı dəyişikliklərin olmasını labüd edir" sualını cavablandırarkən deyib. Hüquqşünasın fikrincə, bu, Konstitusiyada hər bir neçə ildən bir mütəmadi dəyişikliklər baş verməlidir anlamına gəlməməlidir:

"Konstitusiya canlı orqanizmdir. Canlı orqanizm isə hər zaman dəyişikliklərə məruz qalmalıdır. Çünki ictimai münasibətlərin inkişafı, buradakı dəyişikliklər istər-istəməz bütövlükdə qanunverici sistemə tam olaraq təsir göstərir. O cümlədən Konstitusiyada da fundamental dəyişikliklər əksini tapmalıdır ki, qanunvericilik digər sahələrdə də inkişaf etsin. Bu baxımdan Konstitusiyada dəyişikliklər əvvələr də olub, gələcəkdə də olması istisna deyil. Proses davam edəcək. Konstitusiya həm də qanunvericilik sisteminin sabitliyinin təminatıdır. Burada tez-tez dəyişikliklər baş versə, qanunvericiliyin özündə qeyri-sabitlik və qeyri-müəyyənlik yarana bilər”. 

Həmsöhbətimiz düşünür ki, Konstitusiyanın bir çox normaları təkmilləşməli, hökumətin hesabatlılıq məsələsi daha da artırılmalıdır: "Hesab edirəm ki, gələcəkdə Nazirlər Kabinetinə ümumiyyətlə ehtiyac olmayacaq. Ölkədə Prezidentlik, birinci vitse-prezidentlik və vitse-prezidentlik institutları var. Hansı ki, bu institutlar hazırkı mövcud reallığı yetərli qədər dəyişdirmək imkanına malik institutlardır. Ona görə də istisna etmirəm ki, gələcəkdə Nazirlər Kabinetinin ləğvi məsələsi gündəmə gələ bilər. Həmçinin bələdiyyələrin statusunun genişləndirilməsi, hakimiyyət qolları arasında balansın, tarazlığın qorunması istiqamətində Konstitusiya dəyişiklikləri baş verə bilər”.