Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxmaq üçün müraciət etdi

Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından çıxmaq üçün müraciət etdi

30-03-2021 17:51 / Bu xəbər 3510 dəfə oxundu

"Öz evimdə özgəyə dönməyim məni buna vadar edir”

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Prezident İlham Əliyevə müraciət edib. O, Azərbaycan vətəndaşlığından çıxarılmasını istəyib. 

Bu barədə Meydan TV-yə anası Zeynəb Abdullayeva məlumat verərək bildirib ki, oğlu illərdir ona qarşı davam edən haqsızlığa etiraz olaraq, bu addımı atmaq məcburiyyətində qalıb.

Zeynəb Abdullayevanın sözlərinə görə, ölkə rəhbərliyinə oğlu haqqında yalan məlumat verilib. 

Hüseyn Abdullayev də müraciətində bu barədə yazıb.

"Bir Allah şahiddir ki, nə mən, nə də məndən uzaq düşən anam bu cür zülmü, məlum qüvvələrin təziqlərini haqq etmişik. Ona görə də mən uğrunda can qoyduğum və sabitliyinin təmin olunması üçün bütün gəncliyimi sərf etdiyim Azərbaycan vətəndaşlığından çıxmaq qərarına gəlmişəm. Çünki öz elimdə özgəyə dönməyim və adını hər zaman qəlbimdə daşıdığım Azərbaycanda düşmən kmi qəbul edilməyim məni belə bir ağır qərar verməyə vadar etdi. Bu baxımdan, Sizdən çox xahiş edirəm ki, mənim Azərbaycan Respublikası vətəndaşlığından çıxarılmağım üçün aidiyyəti orqanlara müvafiq göstəriş verərsiniz”, - deyə Hüseyn Abdullayev müraciətində yazıb.

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyəyə gəlib və İstanbulda saxlanılıb. Bir gün sonra o, Bakıya gətirilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Yuxarı məhkəmə instansiyaları da bu hökmü qüvvədə saxlayıb.

Hüseyn Abdullayevlə eyni cinayət işi üzrə anası da cəzalandırılıb. Zeynəb Abdullayeva 4 min manat cərimə cəzasına məhkum edilib. Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.

"Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, - deyə keçmiş deputat bildirib.