Hüseyn Cavidin ölüm öncəki rəqsi

Hüseyn Cavidin ölüm öncəki rəqsi

12-07-2022 12:08 / Bu xəbər 5972 dəfə oxundu

Çingiz SULTANSOY

Telefonla tez-tez söhbət elədiyim mühacir dostum Hacı Hacıyev Facebook divarında yazıb: "Təfəkkür ictimai təcrübənin məhsuludur. Cəmiyyətdə hamı oğurlayırsa, beyində "Niyə mən də yox?” sualı yaranacaq…" 

Bununla razılaşmamaq  çətindir, əlbəttə. "Palaza bürün, elnən sürün" ataları sözü çoxları üçün bir məsəl yox, yol göstəricisidir, bir həyat prinsipidir, ona əməl edərək sürünürlər... Bəziləri böyük uğurla, xeyli varlanıb.

İKİ HƏFTƏYƏ İTİRİLƏN İNSANLIQ

Əlbəttə, alman konslagerində, ya Sibirdəki sovet həbs düşərgəsində, yəni ölümün bir addımlığında olan insan üçün bu fikirlə mən də razılaşa bilərəm.  Həbsdəki həyatın dəhşətlərini təsvir edən məşhur ”Kolıma hekayələri” silsiləsinin müəllifi,  Stalin dövrünün düşərgələrində 14 il cəza çəkən və azad olunandan sonra iki il də Kolımada yaşamaq zorunda qalan  Varlam Şalamov yazırdı ki, düşərgədə qış vaxtı - soyuqda, həmişə yaş paltar, az yemək və çox ağır iş şəraitində insan insanlığını ikicə həftəyə itirirdi və yalnız instinktləriylə yaşayırdı, heyvan kimi. Burada adamı belə tez sındıran əsas amil yeməyin azlığı, aclıq yox, soyuq idi, çünki nisbətən isti Orta Asiya düşərgələrində bu proses iki yox, üç-dörd həftə, bəzən aydan da çox çəkirdi. Sitatın sonu. 

Amma Varlam Şalamov özü o şəraitdə heyvan kimi yaşamadı, insan olaraq qaldı və hətta qayıdandan sonra böyük bədii təsir gücü olan, adamı sarsıdan hekayələrini yazdı.

Səkkiz il düşərgə həyatı yaşamış Nobel mükafatçısı, məşhur "Arxipelaq QULAQ”ın və başqa bu kimi məhbus həyatıyla bağlı əsərlərin müəllifi Aleksandr Soljenitsın yazırdı ki, ziyalılar çətin şəraitdə daha zəif olub dözə bilmirlər, daha tez zəifləyib ölürlər: ya sınır, ya zibilxanada eşələnib tapdıqlarını yeyir, ya da bir parça çörəkdən ötrü "stukaçlıq” edirlər.  

Amma 1993-2022-ci illərin Azərbaycanı 1930-40-cı illərin Sibir düşərgəsi deyil axı? Həm buna görə,  həm də elə bütövlükdə, prinsipial məsələlərdə "Palaza bürün, elnən sürün"  məsəliylə razı deyiləm, ö cümlədən "Hamı oğurlayırsa, "Niyə mən də yox?” sualı"nın müsbət cavabıyla...

FƏXR ETDİYİMİZ ADAMLAR

Əvvəla, bütün maddi çətinlikərə baxmayaraq, hətta həbsdə, işgəncə altında əqidəsindən dönməyən, dəyərlərini, mənliyini qorumaq üçün ölümə gedən adamlar var. Onlar necə olsun? Siz necə baxırsınız, dəyərli oxucular? Onlar bir deyil, iki deyil, Azərbaycanda onlarla, yüzlərlə var: ölüm aclığı çəkən və sonucda azad olunan Canmirzə Mirzəyev, Saleh Rüstəmli, Tofiq Yaqublu, Mehman Hüseynov...

Aclıq çəksə də azad olunmayan Taleh Bağırzadə, aclığının nəticəsində həbsxanada dünyasını dəyişən Faina Kunqurova. Həbsdə yatıb sınmayan, əyilməyən, kişi kimi çıxanlar -  Arif Hacılı, Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Qənimət Zahid, Babək Həsənov, Əfqan Muxtarlı, Xədicə İsmayıl, Seymur Həzi, İlkin Rüstəmzadə, Asif Yusifli, Aqil Məhərrəmli, Saday Şəkərli, Bayram Məmməd, Qiyas İbrahim, Fuad Əhmədli və yüzlərlə başqaları, hamısını yazsam, bu köşə siyahıya dönər. Hazırda həbsdə yatan, sınmayan Mövsüm Səmədov, Niyaməddin Əhmədov və dünyadan köçmüş Tofiq Qasımov, Elmar Hüseynov... Onların hər birinin adını sayğıyla çəkirəm. Dünyada isə yüz minlərlə, bəlkə də, milyonlarla belə mətin adamlar var. Onların işıqlı örnəyinə nə deyirsiniz?

Buna kimsə belə cavab verə bilər ki, istisnalar həmişə olub və olacaq...

KONFORMİSTLƏR VƏ NONKONFORMİSTLƏR

Amma istisnalar bir-iki, beş-on ola bilər, belə çoxdursa, o daha istisna deyil,  çoxsaylı vətəndaşın fərqli ictimai-siyasi dəyərləri, prinsipləri və onlardan irəli gələn həyat yolunu seçməsidir. Belə baxışların yayılmasıdır.  Yəni ölkədə, toplumda fərqli dəyərlər və  baxışlar daşıyan iki müxtəlif, bərabər olmayan qrupun yaranmasıdır. 

Biri konformist, hamı kimi olmaq, "palaza bürünüb, elnən birlikdə sürünmək" istəyən,  hamı oğurlayırsa, "Niyə mən də yox?”  düşünən,  uyğunlaşmaq istəyən qrup. Bu daha böyükdür, təbii...

O biri, nonkormist, bu sayaq sürünmək, oğurlamaq, həşərat kimi yaşamaq istəməyən, daha ali dəyərlər daşıyıcısı olan ikinci qrup. Bu daha kiçikdir, təbii.  

Qeyd edim ki, nonkormistlər, axınla getməyənlər, əksinə, qarşı gedənlər həmişə, bütün dünyada azlıqda olublar, ona görə bu adı alıblar.   
Belə durumda, müəyyən seçim qarşısında insan öz seçimini edir - mən oğruların, əclafların, anasının əmcəyini kəsənlərin yanındayam,  yoxsa mərd insan olan və qalan, uca dini və bəşəri dəyərlərə söykənən adamların? 

"УМРИ ТЫ СЕГОДНЯ...”

Oğurluqla, əclaflıqla da olsa varlanmaq, ev almaq istəyənlər gedib oğurluq, alçaqlıq edəcək, bu aydın. Amma bu daha Azərbaycandakı ağır həyatın zoru deyil, özünün seçimidir, öz seçiminə "Palaza bürün, elnən sürün" sözləriylə don geyindirməkdir,  öz alçaqlıq, əclaflığını pərdələməkdir.  

1930-40-cı illər, sovetin Sibirdəki düşərgələri başqa, çağdaş Azərbaycan başqa. O zamanlar orada ümumi axına qoşulan adamları qınamaq olmaz, qınamaram, azı ona görə ki özümün o durumda necə hərəkət edəcəyimi bilmirəm. Bəlkə, mən də axına qoşulub sağ qalmaq üçün özümdən zəiflərin çörəyini də əlindən alardım? Ya da almazdım, bir-birini yeyən həşərat kimi yaşamaqdan iyrənərdim, ölərdim?  

Sovet düşərgələrindəki məhbusların bir dəhşətli məsəlini, heyvani yaşam şüarını bilirsiniz? Bu şüar çörək payını əlindən alan oğrulara "Axı niyə bizə belə zülm edirsiniz, onsuz da hamımız burada öləcəyik?!” verilən sualın-fəryadın cavabından doğub. 

"Умри ты сегодня, а я завтра!” - "Bu gün sən öl, sabah mən!”. "Palaza bürünüb sürünmək” atalar sözünün tərəfdarları belə şeyləri də gərək gözlərinin altına alsınlar. Öz xeyrinə alacaqlarını bilirəm, o məlum, amma başqa tərəfi də var axı, - onların da çörəkləri bu şüarla-tutarqayla əllərindən alınacaq... Razıdırlar?  Yoxsa elə bilirlər ki, olmayacaq bu?

HÜSEYN CAVİDİN SON GÜNLƏRİ

Yaxşı yadımdadır,  indi də, zamanında da, demək olar ki, tanınmayan görkəmli ixtiraçı, bir çox, o cümlədən sovet dövründən sonra da Rusiyadan aldığı onlarla patent müəllifi, atamın bibisi nəvəsi, 30-cu illərdə repressiya olunan vəkil İbrahim ağa Kəngərlinin kiçik oğlu, "Aslan əmi" dediyim  Aslan Kəngərli, mənə Hüseyn Cavidin ölümündən az əvvəl düşdüyü acınacaqlı vəziyyət haqqında danışmışdı. 

Düşərgədə gözləri tutulan, bu səbəbə daha işə çıxa bilməyən, ona görə də başqa işləyə bilməyən "zek"lər kimi onsuz da kiçik, ən yaxşı halda 300-500 qram arası gündəlik çörək payının hamısını yox, yalnız yarısını alan, yaşı 60-ı haqlayan Cavid günlərlə yatdığı yerdə oturub ölümünü gözləyidi.  Daha imkanlı məhbuslar, ehtimal ki, başqa məhbusların payını əlindən alan həmin "blatnoy”, "vor”,  yəni oğru qismindən idilər,  - başqa kimdə artıq çörək vardı, ola bilərdi ki? – ona deyirdilər: "Джавидка, станцуй! Станцуй!”. 

Adın həqarətlə, bir kiçik kimi çəkilməsiylə "Cavid, oyna! Oyna!” mənasında...

1920-30-cu illər Azərbaycan ədəbiyyatının ən parlaq və nüfuzlu qələmi, böyük  şair və dramaturqumuz, indi klassiklər sayıdığımız sıranın ən önəmli fiqurlarından biri, əsərlərindən parçaları atam mənə əzbərdən deyən, mənim də bildiyim Hüseyn əfəndi, böyük Hüseyn Cavid elə yerindəcə əllərini "Ləzgihəngi” oynayırmış kimi sinəsinin önünə tuturdu, gah sağa, gah sola iki-üç, sifarişçi təkid eləsə, beş-altı, on-on beş dəfə açıb-bükürdü və bu "rəqsin” müqabilində mükafatını - bir parça çörəyi götürüb yeyirdi. Ölməmək, daha iki-üç gün də artıq yaşamaq üçün...  

Bir dəfə yazmışam, 15-20 il əvvəl qərara almışdım ki, həbsdə məni sındırsalar, düşündüyümün, dediyimin əksini dedirtsələr, hörmət elədiyim hərəkat liderlərinə ya Hikmət Hacızadə kimi dostuma böhtan dedirtsələr, daha yaşamaram, yaşamaq istəmərəm, ordaca həbsdə ya azadlığa çıxandan sonra intihar eləməyə gücüm də, iradəm də çatar. Bu qərara gələndən sonra yaşamaq, yazmaq, daxildəki qorxuya qalib gəlmək asanlaşdı, gərginlik azaldı...   

"UĞURLU SEKS XİDMƏTÇİSİ”

Bilirəm, hamı adekvat düşünə, düzgün yol seçə bilməz – savadsız, cahil kütlə var, düşünə bilmir, hakimiyyətin yeritdiyi uğurlu siyasətlə sayı da, cəhaləti də artır. Onlar kanalizasion təbliğat təsirində , "dolanmaq” təfəkküründə olan insanlardır. Bu məlum. 

Bəs özünə ziyalı deyən, aydınlığıyla özünü fərqli sayan, qürur duyan kəsim? Özəlliklə də, onların içindəki qələm əhli? Onlar da "dolanmaq”, həşərat kimi də olsa yaşamaq, daha doğrusu "sürünmək” eşqiylə yaşayırlar? Bəs sizin ziyalılığınız nə oldu?! Harda salıb itirdiniz onu? Mənzil almaq, prezidentin tulapayı təqaüdünü almaq eşqi ziyalılıqdan, alimliyin, qələmin məsuliyyətindən güclü çıxdı?! Bəlkə, heç ziyalılığınız yox idi əvvəldən, sadəcə diplom alıb qoymuşdunuz dal cibinizə?

Axı indiki Bakı QULAQ düşərgəsi deyil, yaşamağın, bir parça çörək qazanmağın başqa yolları var, jurnalistikadan getmək var, - özüm getmişəm də, qayıtmışam da, - bəd ayaqda mirzəlik var, lap fəhləlik var, - Türkiyədə işləmək var, Avropa, Amerikaya mühacirət var. Daha mühacirətə gedib hakimiyyətlə əməkdaşlığa başlayanları demirəm, riyakarlığın pik həddidir...

Belə şəraitdə başqa yolları qoyub, gedib hakimiyyətin tapşrığıyla yalan danışırsınızsa, haqq sözü deyən işıqlı adamlara şər atırsınızsa, başqa sözlə, alçaqlıq, söz, qələm fahişəliyi edirsənsə, deməli elə içinizdə varmış?! Varmış ki, imkan, fürsət düşən kimi başlamısız eləməyə? Bunu etiraf edin də! Əvvəlcə heç olmasa özünüzə. Daha Mirşahin Ağayev kimi uğurdan-zaddan danışmayın, siz Allah... )) 

Ən uğurlu, başqalarından çox pul qazanan pornoulduz ya seks xidməti işçisi yenə də pornoifaçı ya seks işçisi olaraq qalır. Mən sadəlövh olmasam da, sizi özümə bərabər adam, ziyalı, qələm sahibi bilirdim. Səhv etmişəm...

Səadət Cahangir demişkən: "Bəs bu adam bildiyim adamlara nə olmuş?!”