Hövsanda yeni salınmış parklar niyə sökülür? - FOTOLAR

Hövsanda yeni salınmış parklar niyə sökülür? - FOTOLAR

20-08-2020 11:08 / Bu xəbər 2108 dəfə oxundu

Suraxanı rayonu Hövsan qəsəbəsi Elçin Məmmədov küçəsində (binaların arasında) yeni salınmış parklar sökülür. 

Bu barədə Arqument.az-a sakinlər deyiblər. 

Onlar deyiblər ki, bu parkların salınmasından heç bir il keçməyib: "Ötən ilin sonunda köhnə parklar abadlaşdırılıb və tamet döşəmə salınıb, çəmən, dekorativ ağac və kollar əkilib. İndi də gəlib sökürlər. Deyirlər ki, yeniləyəcəyik", - sakinlər bildirib.

Sakinlər isə deyirlər ki, bu "yenilənmə"yə heç bir ehtiyac yoxdur: "Yəqin, pul yemək üçün yeniləyirlər. Əsas problemimiz qalıb, bunlar park sökməklə məşğuldurlar. 3 aydır liftsiz qalmışıq. Liftləri yeniləyirlər, amma 3 aydır iş ağır gedir. Bütün liftləri söküblər, yaşlı adamlar, xəstələr əziyyət çəkirlər. İşi aparan "Verti" MMC-nin əməkdaşları işin hələ bir aydan çox çəkəcəyini deyirlər".

Sakinlərin sözlərinə görə, bu parklar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınıb: "Yaxşı parklar salınıb. Neçə illər idi buralarda normal park yox idi. Abadlaşandan sonra uşaqlar üçün atraksionlar da qoyulub. Səhərlər, axşamlar düşüb dincəlirik. Hər şey də yaxşıdır. İndi nə gərək var sökülüb yenilənməyə? Ondansa Hövsanın 100 problemi var, onları həll etsinlər də".

Arqument.az-ın əməkdaşı parklara baş çəkib və İcra Hakimiyyətinin ərazidə çalışan əməkdaşları ilə görüşüb. 

Onlar da bildiriblər ki, parklar yenilənəcək.


Yeni salınmış parkların "yenilənməsi"nin hansı zərurətdən irəli gəldiyi ilə bağlı suala gəlincə,  İcra Hakimiyyətinin əməkdaşları bildiriblər ki, tapşırıq rəhbərlik tərəfindən verilib.