I qrup əlil həbsxanada 6 gündür aclıq edir
20-08-2024 13:06 / Bu xəbər 542 dəfə oxundu
1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov 6 gündür aclığı davam etdirir.
O, "qanunsuz həbsinə" etraz edir.
Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova onunla görüşdən sonra avqustun 20-də bildirib ki, Familin səhəti çox ağırdır.
"Qolları iflic olmasına baxmayaraq, sosial iççi ilə təmin olunmayıb. Həkim nəzarəti yoxdur. Otaq yoldaşları da artıq onu sanitar qovşağa aparmırlar. Onları da qınamıram, artıq beziblər. Antisanitariyadan Familin bədənin hər yerində, hətta qulaqlarının içində belə yaralar yaranıb. Yaralarını da müalicə edən yoxdur. Həftədə iki dəfə özüm gedib onu yuyundururam. Hətta təcridxanaya həftədə iki dəfə getməyə maliyyə vəsaitimiz yoxdur. İnsanların yardımı ilə ailəmi dolandırıram. Üç azyaşlı uşağımızı da dolandırmaq çox çətindir", - deyə o qeyd edib.
Kiçikxanım Xəlilova həyat yoldaşının xeyli çəki itirdiyini və arterial təzyiqinin yüksək olduğunu deyib.
Penitensiar Xidmət Famil Xəlilovla bağlı sorğuya hələ cavab verməyib.
Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb.
Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər(Turan)