İACC Qubad İbadoğlu ilə bağlı qətnamə qəbul edib

İACC Qubad İbadoğlu ilə bağlı qətnamə qəbul edib

25-06-2024 14:55 / Bu xəbər 779 dəfə oxundu

Sənəddə ədalət mübarizlərinin kriminallaşdırılmasının qorxulu həddə çatdığı bildirilir

XXI Beynəlxalq Anti-Korrupsiya Konfransının (İACC) iqtisadçı Qubad İbadoğlu ilə bağlı qətnamə qəbul etdiyi bildirilir.

Bu barədə onun qardaşı Qalib Bayramov məlumat verib.

Onun sözlərinə görə, qətnamədə ədalət mübarizlərinin kriminallaşdırılmasının qorxulu həddə çatdığı bildirilir: "Bütün dünyada korrupsioner korporasiyaları və siyasi liderləri cinayətkar adlandırdıqlarına görə sözünü açıq deyənlərin necə sıxışdırıldığının, həbs edildiklərinin və işgəncəyə məruz qaldıqlarının şahidi oluruq”, – İACC bildirib.

Daha sonra qeyd olunur ki, dünyanın bütün regionlarında meşə və torpaq müdafiəçilərinin öldürülməsindən tutmuş jurnalistlərin, insan haqları və anti-korrupsiya fəallarının həbsinə qədər hökumətlərin hərəkətsizliyi və hətta şərikliyi korrupsionerlərin cəzasızlığını əbədiləşdirir. Daha demokratik, ədalətli və əhatəli cəmiyyətlərin müdafiəsi üçün böyük cəsarət və fədakarlıq tələb olunur: "Azərbaycanlı siyasi fəal, tanınmış insan haqları və ətraf mühitin müdafiəçisi doktor Qubad İbadoğlu fəaliyyətinə, neft və qaz gəlirləri, neft hasilatı ilə bağlı ətraf mühitin korlanması, korrupsiya ilə əlaqəli araşdırmalarına görə cəzalandırılır. Onun həbsi təxminən bir il əvvəl ölkənin neft və qaz siyasətini tənqid edən məqalə dərc etdikdən sonra baş verib. Onu 17 ilə qədər həbs cəzası gözləyir, o, saxlanılarkən ailəsi ilə birlikdə polis zorakılığından əziyyət çəkib. Biz ona qarşı bütün ittihamların dərhal və qeyd-şərtsiz götürülməsini tələb edirik”.

Daha sonra hərəkat bildirib ki, Qubad İbadoğlu və ailəsi ilə birlikdə XXI IACC stendinə toplaşıblar. 

Onlar Braziliyada, Gürcüstanda və başqa yerlərdə ədalətə və şəffaflığa sadiq olduqlarına görə təqib, zorakılıqla üzləşən və ya hətta həyatlarını qurban verənlərin hamısının yanında olduqlarını bildiriblər: "Jurnalistlərin, fəalların, vətəndaşların, dürüstlüyü müdafiə edən hər kəsin qorxu və təqibdən azad yaşamasını təmin etmək üçün bütün dünya hökumətlərindən dərhal və qeyd-şərtsiz addım atılmasını tələb edirik. İndi hərəkət etmək vaxtıdır”.

Qətnamə 21-ci İACC-də qəbul edilib.

Qubad İbadoğlu ötən il iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul… və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Qubad İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.(Meydan TV)