İcbari tibbi sığortada "elektron camaşırxana" - ARAŞDIRMA
03-12-2022 21:40 / Bu xəbər 2434 dəfə oxundu
Tibbi sığortadan kimlər, necə faydalanır? Vətəndaşlar pulsuz xidmət, məmurlarsa korrupsiya imkanı əldə edib.
Toplum TV-nin araşdırması göstərir ki, bəzi hallarda tibb müəssisələri göstərilməyən tibbi xidmətləri də rəsmiləşdirirmiş.
Prezidentin tərif etdiyi tibbi sığorta sistemindən Bakı sakini Sevda Əliyeva heç vaxt istifadə etməyib.
Deyir ki, dövlət xəstəxanalarına etibarı yoxdur deyə, bütün tibbi xidmətləri özəl müəssisələrdən almağa üstünlük verir. Amma bu yaxınlarda sürprizlə qarşılaşıb.
Elektron hökumət sistemində onun dövlət xəstəxanalarında aldığı xidmətlər haqqında qeydlər var.
İcbari tibbi sığorta sistemi belə qurulub ki, tibb müəssisələri və həkimlər də xidmət göstərdiyi hər bir xəstəyə görə məvacib alır. Sevda Əliyevaya göstərilməyən xidmət üçün də dövlət pul ayırıb, amma vətəndaş xidməti görməyib.
Həkim ekspert Aydın Əliyev deyir ki, belə hallar tək-tük deyil: "Mütəmadi halda insanların belə şikayətlərinin olması göstərir ki, sistemin problemləri var. Düzdür, təzədir. Amma İcbari Tibbi Sığorta şəffaf olmalıdır. İndiyədək heç bir hesabatları olmayıb. Tibbi idarə edən qurumlar şəffaf deyil. Bu problemlərin aradan qaldırılması üçün yetəri addım atılmır".
Qaradağ rayon sakini Sübhan Bəşirlini də 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində müayinə ediblər. Daha doğrusu, etməyiblər. Amma bu barədə qeydi özünün də xəbəri olmadan sistemə əlavə ediblər.
Toplum TV-yə danışan Sübhan Bəşirli bildirir ki, göstərilən tarixdə o heç ölkədə də olmayıb.
"Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev sadalanan faktlarla bağlı bir neçə hüquqpozma halı olduğunu deyir.
Elektron kabinetdə Sübhan Bəşirlini müayinə edən həkim kimi göstərilən Vüqar Feyziyev söyləyir ki, belə bir xəstəni heç vaxt görməyib.
İcbari Tibbi Sığorta Agentliyi deyir ki, pripiskadan xəbərləri yoxdur. Məsələni araşdıracaqlarını da vəd edirlər. Bəs siz necə, elektron kabinetinizi yoxlamısınızmı? Bəlkə, yeni xəstəliyiniz var, xəbəriniz yoxdur?