İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

İçiləsi deyilmiş (Su replikasının əks-sədası)

20-05-2022 19:04 / Bu xəbər 2584 dəfə oxundu

Prezident İlham Əliyevin 12 avqust 2020-ci il sərəncamı ölkənin 24 yaşayış məntəqəsində əkin sahələrinin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı, əhalinin içməli suya tələbatının ödənməsi üçün 24 subartezian quyusunun qazılmasını nəzərdə tutub, dövlət büdcəsindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.

Siyahıda Beyləqan rayonunun Mil, Milabad, Yeni Mil qəsəbələri də olub.

2022-ci il mayın ilk günlərində həmin sərəncamı xatırladan iqtisadçı Rövşən Ağayev yazmışdı ki, Mil, Milabad, Yeni Mil qəsəbələrindəki subartezian quyularının 200 min manata başa gəldiyi bildirilir: "Quyular 2020-ci ilin sonlarında vurulsa da, sakinlər onun suyunu hələ də görməyib. Təsəvvür edin ki, məktəb tikirsən, içərisində oxuyan yoxdur, yol çəkirsən, kimsə oradan faydalana bilmir. Çox qəribə idarəçilikdir. Adamlar yerli icra hakimiyyətlərindən əllərini çoxdan üzüblər. Görünür, heç Prezident Administrasiyasında da o binadan çıxan sərəncamların nəticələri izlənmir”.

Mayın 19-da Rövşən Ağayev həmin məsələyə qayıdaraq yazır ki, onun replikasından sonra internet televiziyalarından biri Milabaddakı problemi yerində araşdırıb: "Su təsərrüfatına məsul qurumlardan nə deyilsə yaxşıdır? "Su içməyə yararsızdır, təsərrüfat suyu kimi istifadə etmək olar”.

Halbuki Araz çayının qulağının dibində yerləşən kəndin suvarma suyuna ehtiyacı yoxdur, əksinə, sakinlər məhz içməli su dərdi çəkir, sudaşıyan maşınların ümidinə qalıb.

Bu işə məsul olan "Azərsu” quyu qazılanda ərazidə kəşfiyyat aparıb suyun yararlılığını təyin etmirmi?

Ölkədə neft hesabına o qədər böyük pullar var ki, dövlət orqanları milyonlarla manatlıq layihələri göyə sovururlar. Hələ mənim bildiyim üçcə artezian quyusunun taleyi belə qara gəlib.

Ən pisi odur ki, belə yarıtmaz və qeyri-peşəkar idarəçiliyə görə nəinki məsuliyyət daşıyan, hətta adi xəcalət hissi keçirən də yoxdur”.