“İcra başçısı deyir ki, atan getsin, kimin üçün döyüşübsə, ondan nəsə istəsin”

“İcra başçısı deyir ki, atan getsin, kimin üçün döyüşübsə, ondan nəsə istəsin”

20-08-2021 12:40 / Bu xəbər 943 dəfə oxundu

Füzuli sakini: "Gözümü açıb ailəmizin zülm çəkdiyini görmüşəm”

Füzulinin Böyük Bəhmənli kəndində yaşayan Elşən Həsənov Birinci Qarabağ müharibəsində sağ ayağını bud hissədən itirib. 

O, xeyli vaxtdır ailəsi ilə kənddəki birotaqlı evə sığınıb.

"Evdə hamımız paltarla yatırıq”

Elşən Həsənov müharibədən sonra bir müddət Böyük Bəhmənlidə valideynlərinin yanında yaşayıb. Sonradan indi məskunlaşdığı yarımçıq tikiliyə oxşayan evi qurub, ailəsi ilə bura köçüb. Ev çox nimdaş təsiri bağışlayır. Suvaq tam vurulmayıb, tavan qismən çöküb.

Müharibə iştirakçısına danışmaq asan deyil. Başında hələ də qəlpə var. Bəzən möhkəm ağrılar olur, yaraları irinləyir. Onun əvəzinə daha çox oğlu Elvin Həsənov danışır: "Ata evi, adətən, ailənini kiçik oğluna qalır. Qalanları özünə başqa yerdə koma qaraltmağa çalışır. Atam da belə eləmişdi. Gücü birotaqlı daxmaya çatmışdı. Atam ayağını itirəndə mən körpə olmuşam. Gözümü açıb ailəmizin zülm çəkdiyini görmüşəm. Əziyyət indi də davam eləyir. Yayın günündə dörd nəfər bir otağa yığışmışıq. Heç vaxt kondisioner görməmişik biz. Evdə hamımız paltarla yatırıq”.

Elvin Həsənov deyir ki, ailəsinin bu vəziyyətdə yaşamasına görə çox xəcalət çəkir. Kiçik bacısının artıq 18 yaşı var: "Hələ əvvəllər beş nəfər bir otaqda yaşayırdıq. Sonra o biri bacım ailə həyatı qurdu. Adicə hamam şəraitimiz yoxdu. Çox pis vəziyyətdə yaşayırıq”.

"Dolana bilmirik”

Elvin Həsənov özü çətinliklə gəzir. 2017-ci ildə təsərrüfat işləri zamanı dabanının vətərini dəmir kəsib. İki dəfə əməliyyat keçirib, amma bərpa oluna bilməyib. Əməliyyatlar üçün böyük kreditlər götürüblər. Elşən Həsənov deyir ki, oğlunun da ayağının tamamilə sıradan çıxmasına razı ola bilməzdi.

Müharibə iştirakçısının təqaüdünün böyük hissəsi borcların ödənməsinə gedir. Ailə ayda 200 manatla dolanmalı olur. Elvin Həsənov ayağının bu vəziyyətində də işləməyə hazır olduğunu bildirir:

"İcra başçısından xahiş elədim ki, mənə yüngül iş versinlər, heç olmasa, ailəni dolandıraq. Evin yeganə oğluyam, məsuliyyət mənim üzərimə düşür. Mənim üçün yoxdusa, anama bir iş tapsınlar. Dolana bilmirik. Ağlaşma qurmaq deyil, bu. Elə olsun ki, acından ölməyək. Ayda 200-300 manat mənim dərmanlarıma lazımdır. Ayağım qaralıb. Çirk bağlayıb. O gün təkcə antibiotikə 300 manat xərclədim”.

Birinci Qarabağ Müharibəsində qəlpə Elşən Həsənovun sol ayağını da parçalayıb. Həmin ayaqda tez-tez problemlər yaranır. Elvin Həsənov deyir ki, atasına çəliklə gəzmək də çətindir: "1999-cu ildə atama "Oka” maşını vermişdilər. Maşın insan deyil ki, 100 il yaşaya. Sıradan çıxdı. Atam heç hərəkət eləyə bilmir. Çəliklə uzağa getmək olmur”.

Ailə
Mənbə: Meydan Tv

"Bu adamlar o vaxt torpaq ala bilməyib deyə, indi onlara pis gözlə baxmalıyıq?”

29 yaşlı kənd sakini ailəsi üçün sosial şəbəkələrdə yardım toplamağa çalışır. Videoyazılardan birində Elşən Həsənov özü də insanlara müraciət edir. Qarabağ qazisi hər şeyi satıb övladını əməliyyat etdirdiyini, daha dolana bilmədiklərini deyir. Oğlu əlavə edir ki, dövlət orqanlarının ailənin problemlərinə diqqət yetirməsi üçün çox çalışır:

"İcra başçısı mənə deyir ki, atan getsin, kimin üçün döyüşübsə, ondan nəsə istəsin. Heç qaziyə, ayağının birini itirmiş adama belə söz deyərlər?! Biz ağır vəziyyətdə olmasaq, gəlib kömək istəmərik. Kommunal xərcləri ödəməyə gücümüz çatmır. Nə qədər qaz borcu yığılıb”.

Evin vəziyyəti
Mənbə: Meydan TV

Elvin Həsənov YAŞAT Fonduna da müraciət etdiyini bildirir. Amma oradan lazımi münasibət görməməsindən gileylənir.

"Deyirlər ki, biz yalnız İkinci Qarabağ Müharibəsində xəsarət alanlara kömək eləyirik. Bu adamlar o vaxt torpaq ala bilməyib deyə, indi onlara pis gözlə baxmalıyıq? Mənim atam könüllü getmişdi. O da vətən uğrunda vuruşub”, - Elvin Həsənovun sözləridir.

Meydan TV Həsənovlar ailəsinin durumu, onların dediklərilə əlaqədar Füzuli Rayon İcra Hakimiyyətinin də münasibətini öyrənməyə çalışıb. İcra hakimiyyətinin saytındakı telefonlara günlərlə zəng eləsək də, onları cavablandıran olmayıb.

Yaşat Fondundan Meydan TV-yə bildirilib ki, əgər müraciət qazinin səhhəti ilə bağlı olubsa, heç kim onlara belə cavab verə bilməz: "Yaşat Fondu istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi iştirakçılarına eyni xidməti göstərir, ayrı-seçkilik etmir. Fond yalnız onların səhhətləri ilə bağlı problemlərə yardım edir və quruma müraciət edən heç bir qazi diqqətdən kənarda qalmır”.

Evin içi
Mənbə: Meydan Tv

Evin çölü
Mənbə: Meydan TV