İcra başçısı və bələdiyyə sədrindən bezən vətəndaş İlham Əliyevdən kömək istəyir
26-10-2024 00:10 / Bu xəbər 842 dəfə oxundu
"İcra başçısı və bələdiyyə sədri məhkəmənin qərarına hörmət etmirlər"
Uzun illərdir ki, Azərbaycanda heç funksional fəaliyyəti olmayan bələdiyyə sistemi ancaq torpaq alqı-satqısında "makler" rolunu oynayır.
Hüquqi baxımdan müstəqil olması nəzərdə tutulan və Konstitusiya ilə təsbit olunan bələdiyyələrin, sadəcə, adı var, özü isə faktiki yerli icra hakimiyyətlərinin oyucaq qurumuna çevrilib.
Hüququn təməl sahələrindən biri olan mülkiyyət hüququ anlayışı isə çoxdan bələdiyyələri və yerli icra hakimiyyəti orqanlarını maraqlandırmır.
Bu, təkcə gözdən və könüldən uzaq olan ucqar rayonlardan müşahidə olunmur, elə paytaxtda da belədir. Bunu Bakının Səbail rayonu ərazisindəki Salyan şosesi, 32 ünvanında çoxdan başlayan torpaq qalmaqalı ilə də təsdiqləmək olar.
Bu rayonda "torpaq mafiyası"nın insanların şəxsi mülkiyyətinə müdaxiləsi isə məhkəmələrə qədər gecib çıxıb.
Hazırda Səbail rayonunda "torpaq mafiyası"nın qurbanlarından biri də mülkiyyətçi Rövşən Feyziyevdir.
Rövşən Feyziyev
"Arqument.az"a danışan Feyziyev deyir ki, fərdi torpaq sahələrinin yerləşdiyi bu böyük ərazidəki 1200 kvadratmetrlik torpaq sahəsi üzərində mülkiyyətçi hüququ var, amma yerli icra orqanları, bələdiyyə və "torpaq mafiyası" onun mülkünü əlindən almağa çalışır.
Bu torpağın Rövşən Feyziyevə məxsus olmasını təkcə Səbail Rayon Bələdiyyəsinin verdiyi sərəncam, qərar və digər hüquqi sənədlər deyil, həmçinin Bakı İnzibati Məhkəməsinin çıxrdığı Qərardaddır.
Yerli bələdiyyə isə təkcə öz verdiyi qərar və sərəncamlara hörmətsizlik etmir, eyni zamanda Bakı İnzibati Məhkəməsinin çıxrdığı Qərardadı kağız parçası sayır.
Bələdiyyə sədri Hacı Əliyev
Bələdiyyə sədri Hacı Əliyev isə Səbailin icra başçısı Vüqar Zeynalovun əsas adamlarından biridir. Vətəndaşların torpaqlarının əlindən alınması isə birgə hazırlanmış planın tərkib hissəsidir.
Məhkəmə bələdiyyə sədrinin iddiasını rədd edir...
Hazırda Rövşən Feyziyevə qarşı da belə bir plan qurulub və heç bir sənədə, hüquqi əsasa baxmayaraq, onun torpaq sahəsi zorla əlindən alınır. Halbuki 2006-ci il dekabrın 29-da Səbail Bələdiyyəsi 421 saylı Qərarı ilə 1200 kvadratmetrlik torpaq sahəsinin ona məxsus olduğunu imzalı-möhürlü təsdiqləyib.
Vətəndaş deyir ki, bələdiyyənin verdiyi sənədlər, torpağın xəritəsi, sərəncam, torpaq alqı-satqısı aktı, dövlət rüsumlarının ödəniş qəbzləri və s. sənədlər mövcuddur və istənilən quruma təqdim edə bilər.
Vətəndaş bildirib ki, bələdiyyə sədri Hacı Əliyev ciddi cəhdlə heç bir rəsmi və hüquqi sənədlə barışmaq istəmir. Hətta o, rəhbəri olduğu bələdiyyənin verdiyi Qərarın etibarsız sayılması üçün Bakı İnzibati Məhkəməsinə üz tutub.
Bakı İnzibati Məhkəməsində hakim Miminat Hacıbəyovanın sədrliyi ilə işə baxılıb və bələdiyyə sədrinin iddiası təmin olunmayıb. Yəni məhkəmənin çıxardığı 23.08.2024-cü il tarixli Qərardadı "torpaq mafiyası"nın arzusunu gözündə qoyub, mülkiyyətçinin hüquqları isə təmin olunub. Prosesi uduzan bələdiyyə sədri Hacı Əliyev isə geri çəkilmək niyyətində deyil.
Ona görə də mülkiyyətçi Rövşən Feyziyev Ədliyyə Nazirliyinə və yerli instansiyalara üz tutub, bələdiyyənin qanunsuzluqlarına son qoymağı xahiş edir. Bu da baş tutmazsa, Avropa Məhkəməsinə qədər prosesi davam etdirmək niyyətindədir.
Bəs icra başçısı Vüqar Zeynalov nə düşünür?
Mediada gedən məlumatlara görə, bu, Səbail rayonunda ilk torpaq qalmaqalı deyil. İcra hakimiyyəti və yerli bələdiyyənin birgə planı ilə bu ərazidə 12 vətəndaşın mülkiyyət hüququ pozulub, bəzilərinin işi artıq Avropa Məhkəməsinə göndərilib. Belə ki, icra hakimiyyəti və bələdiyyə bu əraziləri "Modul-X”-in şirkətinin rəhbərliyinə verib. Yəni 20 ildən çoxdur ki, qanuni sənədlərlə vətəndaşların adında olan torpaqlar "işğal" olunaraq şirkətə verilib.
İcra başçısı Vüqar Zeynalov
12 nəfərin — Osman Tanrıverdiyev, Üzeyir Allahverdiyev, Zinyət Tanrıverdiyeva və s. vətəndaşların torpaq sahələri, evləri, hasarları başlarına uçurdularaq və əllərindən alınaraq, "Modul-X”ə satılıb. Halbuki həmin vətəndaşların əllərində qanuni sənədlər olub, torpaqlar onlara qərar və sərəncamla verilib.
İndi eyni qabibətlə də Rövşən Feyziyev üz-üzə qalıb.
Ölkə başçısına müraciət edən vətəndaş deyir ki, yerli icra hakimiyyəti və bələdiyyə hətta məhkəmənin çıxardığı Qərardadı heçə sayır, onun mülkiyyət hüququna kobud müdaxilə edərək qanuni torpağınə zəbt etmək və şirkətə satmaq istəyir.
Bakı İnzibati Məhkəməsinin Qərardadından da aydın görünür ki, bu torpaq üzərində mülkiyyət hüququ Rövşən Feyziyevə aiddir. Görünür, icra hakimiyyəti və bələdiyyə qanunla təsbit olunmuş heç bir hüquqi sənədə və qərara hörmətlə yanaşmaq istəmir, əksinə, insanların mülkiyyət hüquqlarına "öz qaydaları" və "cəngəllik qanunları" ilə müdaxilə edirlər.
Maraqlıdır ki, hətta cəngəlliklərin də özünün müəyyən qaydaları olur, amma Bakının "Səbail cəngəlliyi"nin qaydalarının dünyada analoqu yoxdur, yəni Afrikanın cəngəllikləri belə bura ilə müqayisəyə gəlməz.
Bəs onda vətəndaş nə etsin?
Çıxış yolunu ölkə başçısına müraciət etməkdə görən vətəndaş deyir ki, onun müraciətinə mütləq reaksiya veriləcək.
Şikayətlə bağlı Səbail Rayon İcra Hakimiyyəti və bələdiyyəsindən münasibət almaq mümkün olmayıb.
Məsud Turan
"Arqument.Az" torpaq mülkiyyətinin Rövşən Feyziyevə məxsus olduğunu təsdiqləyən sənədləri - qərar, sərəncam, akt və məhkəmə qərardadlarını təqdim edir: