İcra başçısının müavini Şuşa döyüşçüsünə: “Sosial yardım ala bilmək üçün müharibəyə getmisən”
08-12-2020 13:50 / Bu xəbər 762 dəfə oxundu
Rahib Ağayev deyir ki, könüllü olaraq döyüşə yollanmazadan öncə aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı sosial yardım almaq məqsədilə sənədlərini Dövlət Sosial Müdafiə Fonduna təqdim edib.
Fondun nümayəndələri onun evinə baxış keçirib və yardımın ödənilməsindən imtina qərarı verilib. Səbəb kimi isə ailə tərkibini düzgün göstərmədiyini - atasının onunla yaşadığını, həmçinin həyətində üç iribuynuzlu heyvanı olduğunu qeyd etmədiyini bildiriblər.
Rahib Ağayev müharibədə olduğu müddətdə ailəsinin tək qalmaması üçün ailəsinin onlarla yaşadığını və heyvanların da qardaşına məxsus olduğunu bildirir.
Əsgər iddia edir ki, Fondun nümayəndələri sənədlərini qeydiyyatdan keçirmək üçün onun atasından pul tələb edib.
R.Ağayevin sözlərinə görə, atası Savadxan Ağayev məhkəməyə müraciət etsə də, rayonun icra başçısının birinci müavini Azər Xamiyev pul verib işi bağlatdırıb: "Atama "Məhkəmə mənimdir!” deyib. Düzdür, biz kasıb ailəyik, vəzifədə olanımız da yoxdur. Amma məhkəmə onun yox, dövlətindir, xalqındır!”
İcra başçısının birinci müavini Azər Xamiyev "Toplum TV”-yə Rahib Ağayevin atasının icra hakimiyyətinə müraciət etdiyini və ona yaxın günlərdə maddi yardım göstəriləcəyini deyir.
O, ünvanlı sosial yardımın isə onlayn qaydada Dövlət Sosial Müdafiə Fondu tərəfindən verildiyini, icra hakimiyyətinin bu işə heç bir aidiyyatı olmadığını qeyd edir. Məhkəmə işinin bağlatdırılması iddiasına gəlincə, Azər Xamiyev belə söyləyir: "Yalan söhbətdir, mənim bu barədə heç bir məlumatım yoxdur”.
Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinin müdiri Zamin Əliyev əsgərin evində maddi-məişət müayinəsi aparıldığını və nəticədə onun həyətində yardımçı təsərrüfat aşkarlandığını bildirir: "Təmsilçinin həyat yoldaşının iştirakı ilə maddi-məişət müayinəsi aparılıb və həyat yoldaşı Rahib Ağayevin hərbi xidmətdə olduğunu aktda qeyd etməyib. Bundan əlavə Rahib Ağayev müraciət zamanı ailə tərkibi kimi özü, həyat yoldaşı və 3 uşağını göstərməsinə baxmayaraq, müayinə zamanı aşkar olunub ki, onun evində atası və atasının ikinci dəfə evləndiyi, qeyri-rəsmi evində saxladığı analığı var”.
Z.Əliyev Rahib Ağayevin sistemə daxil etdiyi məlumatlarla onların apardığı maddi-məişət müayinəsinin nəticəsinin üst-üstə düşmədiyini söyləyir: "Rahib Ağayev evdə 4 nəfərin yaşadığını göstərir, biz 6 nəfərin yaşadığını görürük. O, evdə heç bir təsərrüfatı olmadığını göstərir, biz görürük ki, 2 iribuynuzlu inək, bir balası, 12 hinduşka, 4 qaz, 3 toyuq var. Bütün bu uyğunsuzluqlara görə, yəni ailə tərkibində olan uyğunsuzluq, atanın gətirdiyi ikinci həyat yoldaşının evdə olması və ailənin təsərrüfatında baş vermiş uyğunsuzluq, yəni, həyətdə mal-heyvanın olmasına görə imtina qərarı qəbul etmişik. Məsələ də bitib. Yenidən müraciət etməlidir və ailə tərkibi və təsərrüfat haqqında məlumatı doğru daxil etdikdən sonra onun müraciəti təmin olunacaq”.

Rahib Ağayevin söylədiyinə görə, Zamin Əliyev "Toplum TV” ilə söhbətdən sonra ona zəng edərək "Sən sosial yardım ala bilmək üçün döyüşə getmisən” deyib.
DSMF rəsmisi deyilənləri təkzib etmir və bunu belə izah edir: "Yardımlıda 40 şəhidimiz, 50 qazimiz var, onların ailələri heç bir yardım tələb etmirlər. Rahib isə döyüş bölgəsindən bizə video çəkib göndərir".
Qeyd edəki, döyüşçü ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı video paylaşıb.
Zamin Əliyev Fondun əməkdaşı Kazım Sədinin R.Ağayevdən rüşvət tələb etməsi iddiasını rədd edib.
Hüquqşünas Zibeydə Zəkəriyyəyeva deyir ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
"Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda sosial yardım almaq hüququ itirilir.
Sözü gedən məsələdə də əgər müraciət edən şəxsin mülkiyyətində əmlak varsa (əmlak kimi toyuq-cücə və s. hesab oluna bilər) göstərilməlidir. Qanunvericilikdə təsərrüfata daxil olan hər şey (mal-qara, toyuq-cücə və s.) mülkiyyət hesab edilir”.
Konkret Rahib Ağayevə gəlincə, vəkil müraciətçinin bir neçə məsələ ilə bağlı məlumat vermədiyini və bunun da imtina üçün əsas sayıla biləcəyini qeyde dir. Onun sözlərinə görə, müraciət edən şəxs əmlak və ailə tərkibi barədə düzgün məlumat verməməsini qəsdən etmədiyini sübuta yetirməlidir: "Atası və onun yoldaşı əgər onlarla yaşamırsa və bunu sübut edəcək sənədləri varsa, əlbəttə ki, bu məsələni mübahisələndirməlidir. Sübut dedikdə məsələn, atasının qaldığı daimi yerini ünvanı, qonşuların şahid ifadəsi və s. təqdim olunmalıdır”.
Z.Zəkəriyyəyeva əks halda R.Ağayevin bir il ərzində ünvanlı sosial yardım üçün müraciət edə bilməyəcəyini bildirir.
Şəhla Kərimli












