İcra başçısı Əli Kərimin adına olan park kimə satıb? - Şairin oğlu açıqlama yaydı

İcra başçısı Əli Kərimin adına olan park kimə satıb? - Şairin oğlu açıqlama yaydı

22-11-2017 20:34 / Bu xəbər 2537 dəfə oxundu

Göyçay Rayon İcra Hakimiyyəti tanınmış şair Əli Kərimin adına olan parkın adını dəyişdirməyə çalışır. 

Bu barədə manera.az-a şairi oğlu filologiya elmləri doktoru Paşa Əlioğlu məlumat verib. 

O bildirib ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə şair Əli Kərimin qəbri yerləşən parkın adının dəyişdirilərək şəhər parkı qoyulması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib. 

P. Əlioğlu deyib ki, icra başçısı yaxın vaxtlarda Əli Kərimin qəbrini oradan götürmək fikrindədir. 

Şairin oğlu icra başçısının bu addımını Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri olan, həyatdan vaxtsız getmiş şairin xatirəsinə hörmətsizlik kimi dəyərləndirib. 

"Az qala bütöv bir nəsil Əli Kərimin "Qaytar, ana borcunu” şeiri ilə böyüyüb. Bu gün belə, şairi qəbirdə də rahat yatmağa qoymurlar. Kimlərinsə parka gözü düşüb, oranı əyləncə yerinə çevirmək istəyirlər. Mənəvi dəyərləri pula qurban vermək olmaz”, - deyə Əlioğlu vurğulayıb. 

Paşa Əlioğlu deyib ki, Əli Kərim adına park Heydər Əliyevin birinci hakimiyyəti dövründə Nazirlər Kabinetinin qərarı ilə salınıb: "Nə haqla Göyçay rayonunun icra başçısı belə bir hərəkətə yol verir? Şairin parkın girəcəyində qoyulmuş heykəli götürülərək parkın küncünə atılıb. Xatırladıram ki, parka Əli Kərimin adının verilməsi də, orada qəbrin yerləşməsi də həmin qərarda var”. 

Paşa Əlioğlu sonda haqqın öz yerini tutacağına iandığını deyib: "Azərbaycanın milli-mənəvi dəyərlərinə xüsusi həssaslıqla yanaşan möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə müdaxilə edəcəyinə, ədalətin bərpa olunacağına inanıram". 

Göyçay Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib.