İcra başçısı öz müavini üçün 130 min dollarlıq maşın almaq istəyib

İcra başçısı öz müavini üçün 130 min dollarlıq maşın almaq istəyib

01-07-2019 15:22 / Bu xəbər 978 dəfə oxundu

''Məsələ təxirə düşdü''

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatına 1 ədəd "Mersedes Benz S 350” markalı avtomobil almaq üçün tender elan edib.

Tender şərtləri "Respublika” qəzetində dərc edilib.

Sosial şəbəkələrdə fəaliyyət göstərən müvafiq profilli səhifələrdə bununla bağlı qeyd olunub ki, həmin maşının qiyməti təxminən 130 min dollardır.

Səhifədə bildirilir ki, qanuna görə elan həm qəzetdə, həm də "tender.gov.az” saytında dərc edilməli idi, lakin saytda bu barədə elan yoxdur.

"Digər tərəfdən "Mercedes” markalı avtomobillərin 1 rəsmi distribütoru olduğunu nəzərə alsaq tender formal xarakter daşıyır. Bu kimi hallarda boşuna vaxt itkisi olmasın deyə səbəbi əsaslandırmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə bir mənbədən satınalma üçün müraciət edilməlidir”.

Bununla belə ixtisaslaşdırılmış səhifədə vurğulanır ki, bu formada tələblər bir brend ilə məhdudlaşdırılmamalı idi.

"Maşının texniki göstəriciləri və sinfi qeyd edilərək elan verilməli idi və bu halda artıq bir neçə brend (məsələn Lexus, BMW) təklif verə biləcəkdi”.

"Respublika" qəzeti
Mənbə: google.az

Məsələ ictimailəşəndən sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov "Modern” saytına açıqlama verərək, bildirib ki, avtomobil onun 3 il maşınsız olan müavini Eldəniz Mehtiyev üçün lazım idi.

A.Məmmədov qeyd edib ki, büdcə proqnozlaşdırılan zaman onların xahişi ilə 55 min manat vəsait ayrılıb.

"Biz bu vəsaitə uyğun avtomobil almalıyıq. Maşını almaq üçün tender elan verməliyik. Xüsusi komissiyanın qərarına əsasən, 2009-cu ilin buraxılışı olan avtomobil almaq istədik, amma onun da qiyməti bizim büdcəmizə uyğun olmadı. Çünki qiyməti baha idi. Məsələ təxirə düşdü. Heç bir maşın almamışıq”.

İcra başçısının dediyi kimi məsələ təxirə salınsa da, tenderin təxirə salınması ilə bağlı yeni elan hələlik verilməyib.