“İcra başçısının adamları Müalicə-Diaqnostika Mərkəzini döyüş meydanına çeviriblər”

“İcra başçısının adamları Müalicə-Diaqnostika Mərkəzini döyüş meydanına çeviriblər”

06-12-2019 17:02 / Bu xəbər 1084 dəfə oxundu

Füzulidə yerləşən tibb müəssisəsində heyətin böyük əksəriyyətinin bir-biri ilə qohum olduğu deyilir

"Gələn ildən səhiyyə xidmətləri icbari tibbi sığortaya keçir axı. Bu, bir çox insanda, eləcə də, bizim rayonda vətəndaşların səhiyyəyə ümidlərini artırır. Ancaq belə bir durumda ölkənin cəbhə bölgəsində yerləşən, ucqar rayonu Füzulinin səhiyyə sistemi tayfadaxili münaqişələrin döyüş meydançasına çevrilib”.

Söhbət Böyük Bəhmənli kəndində yerləşən Füzuli Müalicə-Diaqnostika Mərkəzindən gedir.

Meydan TV-yə danışan, adının açıqlanmasını istəməyən mərkəzin bri neçə işçisi əlavə edir ki, Füzuli Səhiyyə Şöbəsinin müdiri Natiq Şükürov icra başçısı Alı Alıyevin yaxın adamıdır:

"Rayon sahibkarlarından Süleyman İsmayılov və Natiq Şükürovun (hər iki şəxs həmçinin xalaoğludur) öz aralarındakı düşmənçilikləri, müəssisədəki inzibati postlar üzərindən aparılan mübarizə və bu mübarizənin tibb mərkəzinin işinə vurduğu zərər günbəgün artır”.

Şikayətçi deyir ki, Füzuli Müalicə-Diaqnostika Mərkəzi fəaliyyətə başlayandan müəssisəyə başçılıq edən Cümşüd Məmmədov bu ilin oktyabrında müəmmalı şəkildə, qəfil vəzifəsindən azad edilib. Onun yerinə Natiq Şükürovun qardaşı oğlu, bu təyinata qədər Horadiz Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi olmuş Şaiq Şükürov təyin edilib:

"Cümşüd Məmmədovun vəzifədən azad edilməsində birbaşa Alı Alıyevin illərdir marağı və təkidi olduğu rayonda hər kəsə məlumdur. Bu dəyişiklik onsuz da Natiq Şükürovla münaqişəsi olan, uzun müddətdir, baş həkim postuna həyat yoldaşının keçməsini istəyən Süleyman İsmayılovu hiddətləndirmişdi”.

Mənbə bildirir ki, S.İsmayılovun ailə üzvləri hazırda müəssisədə müxtəlif postlar tutur. Məsələn, Ceyran Qəhrəmanova həyat yoldaşıdır və baş həkimin müalicə işləri üzrə müavinidir. Sadiq İsmayılov oğludur və baş həkimin təsərrüfat işləri üzrə müavinidir. 

Vasif İsmayılov əmisi nəvəsidir. Baş mühasibdir. Elgün İsmayılov da əmisi nəvəsidir və baş mühasibin müavinidir. Elgün İsmayılovun qardaşı da mühasib kimi çalışır. Tahir İsmayılov da onun qohumudur. Kadrlar şöbəsinin müdiridir. İlyas İsmayılov da onun qohumudur və qazanxana müdiridir. Digər yaxın qohumlar olan tibb bacıları, xadimələr, texniki işçilər də var:

"Natiq Şükürovun xəstəxanada müxtəlif postlar tutan qohumları ilə (Şaiq Şükürov, Səfa Şükürov və digər tibb bacıları, təsərrüfat tibb bacıları və xadimələr) digərləri müəssisəni döyüş meydanına çeviriblər. Maraqlıdır, eyni ailədən olan hər iki tərəfin nümayəndələrinin eyni müəssisənin eyni şöbəsində işləməsi nə qədər qanuna uyğundur? Bütün bu proseslərin nəticəsi olaraq əsas funksiyası əhalinin sağlamlığına xidmət etmək olan səhiyyə obyektinin işi demək olar ki, alt-üst olub”.

Şikayətçi deyir ki, müəssisənin həkimləri və orta tibb işçiləri bu gərgin mühitdə işləməkdən bezib. Bütün periferik tibb müəssisələri kimi onsuz da ciddi kadr çatışmazlığı yaşayan bu mərkəzin bir neçə həkimi ərizə yazaraq işdən çıxıb: "Bu günə kimi maaş heç vaxt gecikməmişdi. Ancaq noyabrın maaşı hələ verilməyib. Həkimlər konflikt yaratmaq üçün vəzifələndirilmiş saxta "xəstə”lərlə hər gün müxtəlif problemlər yaşayır. Şaiq Şükürov vəziyyəti düzəltmək yerinə yaranmış xaosdan istifadə edərək müxtəlif işçiləri vəzifədən azad edib, yerinə rüşvətlə başqa şəxslər təyin edir. Cümşüd Məmmədovun başçılığı ilə illərdir, nümunəvi, nizam-intizamlı tibb müəssisəsi olmuş Füzuli Müalicə-Diaqnostika Mərkəzinə "Prezidentin gəncləşdirmə siyasəti"ni dəstəkləyən nümunə kimi təlqin edilərək rəhbər təyin edilmiş Şaiq Şükürov buranı da əvvəl rəhbərlik etdiyi Horadiz Şəhər Mərkəzi Xəstəxanası kimi sadəcə adı xəstəxana olan tikili obyektə çevirmək yolunda irəliləyir”.

Mənbə deyir ki, onsuz da kadr çatışmazlığı yaşayan müəssisədə yüz kilometrlər qət edərək işləməyə gəlmiş həkimləri "gəlmələr" adlandıraraq nə tibbi, nə insani etikaya uymayan ayrı-seçiliklə qarşılayırlar: "Hər iki münaqişə tərəfindəki saxta diplomlu, adları mütəmadi dələduzluq cinayətlərində hallanmış şəxslər ali təhsilli həkimləri yox saymış kimi, mərkəz sağlıq ocağı deyilmiş kimi öz aralarında mübarizə aparır. Rayon icra başçısı Alı Alıyevin vəziyyətdən xəbəri olsa da, heç bir tədbir görmür. Düşünürük ki, həm Səhiyyə Nazirliyi, həm digər əlaqədar orqanlar Füzuli Müalicə-Diaqnostika Mərkəzində baş verən bu biabırçı vəziyyətlə bağlı dərhal ölçü götürməlidir”.

Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Şaiq Şükürov Meydan TV-yə xəstəxana daxilində çəkişmə, problem olduğunu inkar edib: "Ancaq bəli, o doğrudur ki, xəstəxanada bir-birinə qohum insanlar çalışır. Bu da xəsəxananın Böyük Bəhmənli kəndində yerləşməsindən irəli gəlir. Həmin adamlar o kəndin sakinləridir. Üstəlik, onlar məndən öncə, əvvəlki baş həkimin dövründə işə götürülüblər. Mən gələndən sonra bir neçə insanı işdən çıxarmışam. Bəlkə də onlardır bu yalan məlumatları yayan. Ancaq haqsız yerə də çıxarmamışam. Onlardan bəziləri Bakıda yaşayırdı, işə gəlmirdi və ya işlərini normal görmürdülər. Sırf buna görə işdən çıxarılıblar”.

Füzuli Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını deyiblər: "Bu barədə hər hansı şikayət almamışıq. Araşdıracağıq”.