"İcra başçısının müavini gəlib evimin şəklini çəkdi" - Müsavatın təşkilat sədri

01-12-2017 02:11 / Bu xəbər 276 dəfə oxundu

Müsavat Partiyasının Lənkəran təşkilatının sədri İman Əliyevə təzyiqlər davam edir. 

Bu barədə Arqument.Az-a İman Əliyev məlumat verib. 

O bildirib ki, noyabrın 26-da Liman şəhərində Müsavat Partiyasının Lənkəran Təşkilatının konfransı keçirilib. Bundan sonra Liman şəhər polisinə çağrılıb. Polisə isə icra başçısı şikayət edib: 

"Polis rəisini Lənkərana çağırdıqları üçün görüş yarımçıq qalıb. Çağırışa səbəb Liman icra hakimiyyəti başçısının keçirdiyimiz yığıncaqla bağlı polisə şikayət etməsi olub”.

İman Əliyev vurğulayıb ki, noyabrın 30-da Liman icra hakimiyyəti başçısının müavini Fərid Novruzov onlara gələrək evinin, həyətinin və dükanının şəklini çəkib: "Gəlib evimin, dükanımın və həyətimin şəklini çəkdi. Səbəbini soruşdum, heç nə demədi. Görünür, nəsə yeni planları var".

Onun sözlərinə görə, bütün bunlar siyasi fəaliyyətinə görədir: "Bir neçə gün öncə polisə çağırıldım. Rayon təşkilatının konfransı evimdə keçirilmişdi. Qərargahımızı əlimizdən aldılar, normal fəaliyyət göstərməyimizi əngəllədilər. Məcbur qalıb tədbirləri evdə keçiririk. İndi də bu yola əl atıblar, siyasi fəaliyyətimizə görə bizə basqı edirlər".

"Başa düşmürəm ki, bu adamlar nə istəyir? Anlamırlar ki, biz bu ölkənin müstəqilliyi, demokratikləşməsi uğrunda savaşan adamlarıq. Biz canımızı, malımızı ölkənin gələcəyi, demokratik cəmiyyətin qurulması uğrunda fəda etmişik. Belə təzyiqlərlə nəyə nail olacaqlarını düşünürlər? Bir ölkənin gələcəyi uğrunda çalışan insanlara düşmən gözü ilə baxan bu zehniyyət bizi haqq yolumuzdan döndərə bilməz", - təşkilat sədri bildirib. 

Arqument.Az Liman icra hakimiyyəti başçısı Bəxtiyar Səfərovla əlaqə saxlaya bilməyib. 

İcra başçısının müavini Fərid Novruzov isə məlumatı təkzib edib: "Məni bu işlərə qatmayın. Mən heç kəsin nə evini, nə də həyətini çəkmişəm. Məlumat doğru deyil".

İman Əliyev isə icra hakimiyyəti başçısının müavininin dediklərini həqiqətəuyğun saymayıb. 

Mövzunu diqqətdə axlayacağıq. 

Arqument.Az