İcra başçısının milyonluq biznesi — SƏNƏD
05-05-2020 19:28 / Bu xəbər 1286 dəfə oxundu
Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayilovun milyonluq biznesi üzə çıxıb.
Bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli feysbuk hesabında məlumat yayıb.
Jurnalist yazıb ki, icra başçısına qeyri-rəsmi aid olan Qaradağ çınqıl karxanası rəsmi olaraq rayon sakini, Sahil qəsəbəsj, Emin Quliyev pr, ev 50, m. 14 ünvanında qeydiyyatda olan Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib: "Karxana "Qaradağ çınqıl” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə 2016-cı ildə 1101435531 saylı VÖEN nömrəsi ilə qeydiyyatdan keçib. Məsələnin daha maraqlı tərəfi, "Qaradağ çınqıl” MMC-nin rəsmi sahibi Pərvin Məhyətdin Ağasoltan oğlunun adına 2018-ci ilin noyabrın 1-dən 2020-ci ilin noyabrın 1-dək ünvanlı sosial yardım təyin olunub”.
Araşdırmaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Qaradağ Rayon İcra Hakimiyyətindən "təkzib” gözləyidiyini də deyib.
"Ümid edirəm, Qarabağda belə bir karxana fəaliyyət göstərmədiyini, belə bir adam yaşamadığını və belə bir şirkət olmadığını iddia etməyəcəklər. Süleyman Mikayılovun Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini şəxsi biznesinə yönəltməsi, Avropada – qulağımın dibində şirkət açması da bir ayrı mövzudur”, - Cavanşir Həsənli qeyd edib.
Arqument.Az məsələ ilə bağlı sözügedən qurumlardan münasibət öyrənə bilməyib.




















