İcra Hakimiyyəti feministlərin yürüşünü məqsədəuyğun saymadı

İcra Hakimiyyəti feministlərin yürüşünü məqsədəuyğun saymadı

07-03-2023 15:53 / Bu xəbər 818 dəfə oxundu

Təşkilatçılar aksiyanı keçirəcəklərini deyirlər 

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) martın 8-də Bakının mərkəzi "Fəvvarələr Meydanı”nda keçiriləcək "8 Marş -Yaşamaq istəyirik” yürüşünə "yox” deyib.

Aksiya saat 15:00-16:00 arası planlaşdırılır. 

Plan "Fəvvarələr Meydanı”ndan Xurşudbanu Natəvanın abidəsinədək yürüməkdir.

Şəhər administrasiyası imtinanı səbəbi kimi aksiya üçün təklif olunan marşrutun insanların sıx olduğu yerdə planlaşdırılmasını göstərib: "Şəhər sakinləri və paytaxtın qonaqlarının sıx olduğu ərazidir. Üstəlik, orada çox sayda ictimai iaşə və xidmət obyektləri yerləşir. Bununla əlaqədar həmin ərazidə aksiya keçirilməsi məqsədəuyğun deyil”.

Təşkilatçılar hökumətin cavabını əsassız sayır. 

Aksiyanın təşkilatçılarından Sənubər Heydərova Meydan TV-yə deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin qərarı qanunsuzdur. 

O, yürüşü keçirəcəklərini bildirib: "Hər dəfə eyni cavabı verirlər ki, məqsədəuyğun deyil. Hansı məqsədə? Nədir İcra Hakimiyyətinin məqsədi? Yaxşı olardı ki, onu bir aydınlaşdırsınlar. Bu qərar qanunsuzdur və biz aksiyanı keçirəcəyik”.

Aksiya "Marş 8 - Yaşamaq istəyirik" şüarı altında keçiriləcək və gender zorakılığına və qadınların qətlinə etirazın nümayişi olacaq.