İcra Hakimiyyətindən sabiq məmurun intiharı ilə bağlı açıqlama

İcra Hakimiyyətindən sabiq məmurun intiharı ilə bağlı açıqlama

09-12-2019 16:30 / Bu xəbər 1184 dəfə oxundu

Laçın Rayon İcra Hakimiyyəti rayonun Təhsil şöbəsinin əməkdaşının intiharı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

İcra Hakimiyyətindən Arqument.Az-a göndərilən açıqlamada bildirilir ki, "Laçının icra başçısını tənqid edən şəxsin intihar etdiyi bildirilir" başlıqlı xəbərdə iddia olunan fikirlər həqiqəti əks etdirmir: "Saytınızda yerləşdirilmiş "Laçının icra başçısını tənqid edən şəxsin intihar etdiyi bildirilir" başlıqlı yazıda Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri barəsində qeyd olunanların heç bir fakta əsaslanılmadan yazıldığını və tamamilə həqiqətə uyğun olmadığını bildiririk. Belə ki, Müqabil Baxış oğlu Baxışov 1972-ci ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olmuş, əmək fəaliyyətinə Laçın rayonunun Şeylanlı kənd 2 nömrəli tam orta məktəbində tarix müəllimi kimi başlamış, 01.02.2008-ci il tarixdən 05.06.2012-ci il tarixədək Laçın Rayon Təhsil şöbəsində metodist, məsləhətçi vəzifələrində işləyib, 05.06.2012-ci il tarixdə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilib". 

"Əlavə olaraq bildiririk ki, o, yenidən 20.06.2013-cü il tarixdə Laçın Rayon Təhsil Şöbəsində vakant olan metodist vəzifəsinə təyin edilmiş və həmin vəzifədə işlədiyi dövrdə 01.05.2014-cü il tarixdən 03.11.2014-cü il tarixədək qabaqcadan heç bir məlumat vermədən üzrsüz olaraq iş yerinə gəlməmiş və harada olması barədə məlumat verməyib. O qayıdandan sonra da harada olması barədə heç bir sübut və sənəd təqdim etməyib. Qeyd olunanlar nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi 03.11.2014-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə uyğun olaraq ləğv edilib", - rəsmi açıqlamada qeyd olunur.  

"Məlumat üçün bildiririk ki, Müqabil Baxışov 18.06.2012-ci il tarixdə sərxoş vəziyyətdə ”Aqroinvest” Kredit İttifaqının Ağcabədi filialına gələrək filialın müdirini söyüb təhqir edərək ona xəsarət yetirib, orada yerləşən əşyaları dağıdıb, 300 manat məbləğində maddi ziyan vurmaqla, ictimai qaydaları kobud surətdə pozub, vətəndaşlar üzərində zor tətbiq edərək 18.06.2012-ci il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında olan gecə işıqlandırıcı dirəyini sındırıb. 31.10.2012-ci il tarixdə Müqabil Baxışov Ağcabədi Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə 3 il şərti cəzaya məhkum olunmuş və bır sıra dələduzluq hərəkətlərinə görə Laçın Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qətnaməsi ilə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla,  4 il müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin 31.01.2018-ci il tarixli hökmü ilə  müddətdən əvvəl azadlığa buraxılıb", - İcra Hakimiyyətinin açıqlamasında deyilir. 
Müqabil Baxışov 

Məlumatda deyilir ki, Müqabil Baxışov həbsdən azad olunandan sonra Laçın Rayon İcra Hakimiyyətinə müraciət edərək işlə təmin olunmasını xahiş edib: "Onun məhkum edildiyi və məhkəmə hökmündə 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunması nəzərə alınaraq o, özünüməşğulluq proqramına cəlb olunmuş, kiçik biznesinin qurmaq üçün özünüməşğulluq proqramı çərçivəsində ona dövlət tərəfindən 07.11.2018-ci il tarixdə 21 (iyirmi bir) baş xırdabuynuzlu heyvanlar verilib. Buna baxmayaraq Müqabil Baxışov təhsil sahəsində işlə təmin olunmasını təkidlə tələb edib. O, Rayon İcra Hakimiyyəti başçısı, başçının müavinləri və aidiyyəti şöbə müdirləri tərəfindən dəfələrlə qəbul edilmiş, onun təhsil sahəsində işlə təmin olunması məsələsinin müəllimlərin işə qəbulu qaydalarına əsasən Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqədə vasitəsilə mümkünlüyü dəfələrlə izah edilmişdir. Lakin o, bundan sonra Laçın rayonunun Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən birində direktor müavini vəzifəsinə təyin olunmasını təkidlə tələb edib. Bir daha qeyd edirik ki, Müqabil Baxışov bununla bağlı da dəfələrlə Rayon İcra Hakimiyyətinə və Rayon Təhsil Şöbəsində qəbul edilmiş, pedaqoji işçilərin işə qəbulunun Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak etməklə həyata keçirildiyi ətraflı izah olunub. Bununla əlaqədar bildiririk ki, Müqabil Baxışovun özünü intihar etməsinin Laçın Rayon İcra Hakimiyyətinin başçısı və Laçın Rayon Təhsil Şöbəsinin müdiri ilə heç bir bağlığı yoxdur".

Xatırlatma
 
Dekabrın 8-də Laçın rayonundan məcburi köçkün, təhsil şöbəsinin əməkdaşı Müqabil Baxışovun intihar edib. 

Bu barədə qardaşı Yusif Baxışov "Kanal 13”-ə məlumat verib. 

Yaxınları onun Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovanın təhdidləri ilə üzləşdikdən sonra özünü asdığını yazıblar.

Mərhumun qardaşı Yusif Baxışov "Kanal 13”-ə bildirib ki, qardaşı uzun müddətdir işləmək üçün müstəlif strukturlara müraciət etsə də, icra başçısını və təhsil şöbəsini sosial şəbəkələrdə tənqid etdiyi üçün iş tapa bilməyib.

Müqabil Baxışov məktub yazaraq təhdidlərə məruz qaldığı üçün intihar edəcəyini bildirib. Həmçinin məktubunda onun intiharına səbəb olanların cəzalandırılmasını istəyib.

M.Baxışov sonuncu dəfə dekabrın 6-da səhər saatlarında özünün "Facebook” hesabından paylaşım edərək, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Bayram oğlu Həsənovu tənqid edib.

Dekabrın 5-də isə canlı yayım edərək Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərlidən danışıb. 

O, Aqil Nəzərlinin ali təhsil ala bilmədiyini, Təfəkkür Universitetindən saxta diplom aldığını iddia edib, bunu təsdiqləyən faktları sadaladığı üçün təhdidə məruz qaldığını deyib.
 
M.Baxışov onu da deyib ki, Aqil Nəzərli sidik saxlaya bilməməsi səbəbi ilə hərbi xidmətdən yayınıb.

Özünü M.Baxışovun əmisi oğlu kimi təqdim edən Faiq Məmiyev isə sosial şəbəkələrdəki paylaşımlara yazdığı şərhlərdə mərhumun təhdidlərə məruz qaldığını deyib.

M.Baxışov bir müddət öncə Abdullah Öcalanın rəhbərliyi ilə Türkiyənin daxilində yaradılan və terror təşkilatı kimi təqdim olunan PKK-nın bayrağı ilə şəkil çəkdirərək sosial şəbəkələrdə paylaşmışdı. Bundan sonra o, tənqidlərə məruz qaldı.

O, 2016-cı ilin noyabrında həbs edilmişdi. Daxili İşlər Nazirliyinin həmin ərəfədə yaydığı məlumatda deyilirdi ki, Baxışov ayrı-ayrı vaxtlarda Laçın rayonunun 4 sakininin etibarından sui-istifadə etməklə və aldatma yolu ilə əmlakını ələ keçirib. 

O, həmin şəxslərə ailə üzvlərini işə düzəltməyi vəd etməklə 4 min manata yaxın ziyan vurub. Onun barəsində 2 ay 19 günlük həbs-qətimkan tədbiri seçilib. Bundan əvvəl isə M.Baxışov 2012-ci ilin oktyabrında xuliqanlıq maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin barəsində 1 il 6 müddətinə şərti sınaq müddəti olmaqla cəzası dəyişdirilib.

DİN və Respublika Prokurorluğundan da hər hansı açıqlama yayılmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "virtualaz.org”a bildiriblər ki, intihar hadisəsi ilə bağlı Təcili Tibbi Yardıma müraciət daxil olmayıb.