İcra sistemi

İcra sistemi

05-09-2016 14:59 / Bu xəbər 1257 dəfə oxundu

Fariz Namazlı
Vəkil

1937-ci illərin repressiya dalğaları çox ailələri bürüyürdü. O zamanlar hansısa evin qapısı döyüldükdə evdəkilərin canına vəlvələ düşürdü, çünki qara paltarlılar gəlmişdi. 

Demək ki, evdən kimsə getməliydi və gedənin nə zamansa geri qayıdacağı bəlli olmazdı. Ya uzaq Sibirə gedib soyuğa dözsəydi, geri qayıdacaqdı, ya da xəbərsiz, məhkəməsiz güllələnib torpağa gömüləcəkdi. Həmin zamanlarda həbs olunan şəxslər haqqında qəzetlər və şair, yazıçılar, siyasi və ictimai xadimlər geninə boluna tənqidi fikirlər səsləndirər, onları xalq düşməni adlandırardı. Bəzən kimin üçünsə sübut tapmadıqda dost-tanışlarına işgəncə verib onların əleyhinə ifadələr alardılar.

Son illərin həbslərinə, verilmiş ittihamlara, məhkəmə proseslərinə baxdıqda o illərdən nələrisə xatırlayırsan. Kimisə xəbərsiz tutub həbs edirlər, aidiyyatı olmayan ittihamlar irəli sürürlər. Bəzən kimlərəsə işgəncə verib dost-tanışları əleyhinə ifadə alırlar.

Sanki Kafka Məhkəmə.ni bizim üçün yazmışdı. O məhkəməni ki Kafka adamları günahsız yerə həbs etməsi ilə bərabər, həm də xəbər vermədən həbs etməsi ilə xarakterizə edirdi.

Son illərin həbsləri də bu qaydada həyata keçirilir. Birdən xəbər gəlirdi ki, filankəs ortalıqda yoxdur, yaxud məhkəməyə və ya prokurorluğa aparılması barədə məlumat gəlirdi. Verilmiş ittihamlar o qədər gülməli olur ki, adam istəyir oturub ölkənin halına ağlaya. Növbəti gün artıq hüquq mühafizə orqanları həmin şəxsin həbsi ilə əlaqədar yağlı bəyanatını yayır. Oxuyursan və görürsən ki yalanla həqiqəti gizlədirlər.

Heç bir hökümət əbədi deyil, nə zamansa o gedir, yerinə başqası gələcək. Amma gedənin etdiyi günahlar bağışlanılmır. Bir zamanlar onlar üçün çalışan, onlara yarınanlar elə onların cəlladına çevriləcək.

Kafkanın "Məhkəmə” əsərində belə bir hissə var. İnsanları kötəkləyən keşikçi hətta ona əmr verən şəxsi kötəkləməli olsaydı belə, onu kötəkləyəcəyini deyir. Çünki o kötəkçidir.

İstintaqçılar, məhkəmə hakimləri də belədir, onlara verilən əmrləri sorğusuz, sualsız icra edirlər. Səbəbini soruşmadan, izah istəmədən. Bir dəfə bir müstəntiq mənə demişdi ki, sən bu sistemdə işləyə bilməzsən. Səbəbini soruşduqda deyir ki,sən tapşırığı icra etmək əvəzinə səbəbini soruşacaqsan. Sistem sual verənləri xoşlamır, ona ancaq sualsız icraçı lazımdır.

Bir siyasi məhbusun işində Ali Məhkəmə təqsirləndirilən şəxsi şərti olaraq azadlığa buraxmışdı, Apellyasiya Məhkəməsinin hakimi inciyir ki, bu qərarı o da verə bilərdi. Amma verməyib, çünki onun itithamın qondarma olmasını bilməsinə baxmayaraq işə baxdığı zaman ona belə qərar vermək tapşırığı verilməmişdi. Təkcə bu cür işlərdə deyil, hətta qeyri-siyasi işlərdə belə hakimlər müstəqil qərar çıxarmağa ehtiyat edir, ən xırda məsələdə belə sədrlə, prokurorluq orqanı ilə məsləhətləşir, onların razılığı olmadan addım atmır.

Sistem belə qurulub, aşağıda oturan məmurlar yuxarıda oturanların tapşırığı əsasında fəaliyyət göstərir, nə deyildisə, o formada da hərəkət edəcəkdilər. Çünki onlar hüququn arxasınca getmirlər. Viktor Hüqo deyirdi ki, mənim üçün gücün kimin tərəfində olmasının fərqi yoxdur, vacib odur ki,hüquq kimin tərəfindədir.

Xüsusən məhkəmə sistemində hüququn, qanunçuluğun tətbiq olunması vacib məsələdir. Çünki dövlət atributlarında ən vacib element məhkəmə sistemində olan ədalətlilik, obyektivlikdir. Polyak alim Marek Novitçi deyirdi ki, istənilən dövlətdə hər bir dövlət qurumuna lağ etmək olar, amma məhkəmə elə bir qurumdur ki, ona lağ etmək, onu rişxənd obyektinə çevirmək olmaz. Əgər məhkəməyə gülürlərsə, demək ki, dövlətin təməl sütunları çoxdan sarsılıb.

Ölkədə məhkəmə sisteminin formalaşması məhkəmə binalarının möhtəşəmliyindən kənara çıxmır, onun kölgəsində ilişib qalır. Nə qədər gözəl məhkəmə binaları olsa da, o binaların içində ədalət yoxdursa, sistemin, hakimlərin ədalətliliyindən danışmaq yersizdir.

Kant deyirdi ki, ədalət yoxa çıxanda insan həyatına qiymət vermək üçün heç nə qalmır.

Yoxa çıxansa təkcə ədalət deyil, ümidlər də yoxa çıxır.
 
azadliq.info