İctimai fəal: "DTX belə səmimidirsə, niyə Şəkiyə gəlmir?"

İctimai fəal:

09-09-2020 17:26 / Bu xəbər 1939 dəfə oxundu

"İcra başçısı və müavini problemi həll etmək əvəzinə polisdən istifadə edir"

"Bir neçə müddət öncə yağan güclü yağışlardan sonra Şəkinin mərkəzində olan Qurcana çayının divarları uçaraq yararsız vəziyyətə düşüb. Burada durum olduqca acınacaqlıdır".

Bu barədə Arqument.az-a ictimai fəal, ötən parlament seçkilərində Şəkildən deputatlığa namizəd olan Mete Türksoy məlumat verib.

O bildirib ki, yerli İcra hakimiyyəti problemi aradan qaldırmır və buna görə də məsuliyyəti məhz yerli icra qurumları daşıyırlar: "Bunun məsul qurumu formal olaraq Bələdiyyə olsa da, informal şəkildə Şəki İcra Hakimiyyətidir. Bir dəfə zibillənmə ilə bağlı yazdığımda İcra Hakimiyyətinin başçısı Elxan Usubovun və müavini Həsənov Həsənin xətrinə dəyibmiş və polis vasitəsi ilə öz "incikliklərini" bildiriblər. Lakin görünən odur ki, onlar, həqiqətən, ağıllanmır və Şəki camaatını qorxu və təhdid altında saxlayaraq hər cür istismar edir, haqlarını yeyirlər. Şəhərə isə bu formada biganə, laqeyd, vicdansızca münasibət bəslənilir. Hər dəfə şəhərin bu halını görəndə ürəyim ağrıyır. DTX isə nədən öz küləklərini bu tərəfə əsdirmir, şou bitdimi?!"

"Hər zaman demişəm, yenə deyirəm Şəki ən çox yeyintiyə məruz qalan şəhərdir. Bu boyda tarixi şəhərin yolları kənd yolundan betərdir. Dövlət Təhlükəsizlik Xidməti rayonlarda əməliyyatlar keçirir. Belə səmimidirlərsə, niyə Şəkiyə də gəlmirlər? Gəlib olanlardan dərs çıxarmayan bu insanları "sil-süpür” etsinlər. Çünki bu tip insanların kresloda qalması sadəcə, bürokratik bir məsələ deyil, artıq elə bir vəziyyətdir ki, bu, milli təhlükəsizlik məsələsidir”, - ictimai fəal bildirib. 

O, İcra Hakimiyyətinin yenə də təzyiqə əl atacağını istisna etməyib: "Ola bilsin yenə "incikliklərini” polis vasitəsilə etsinlər. Çünki öz fərasətləri yoxdur, normal sivil dialoq etməyə. Lakin məlumdur ki, cəmiyyətlə sivil dialoq qurulduğu zaman faydalı nəticələr əldə etmək olar, əks-təqdirdə toplum və hakimiyyət tərəfləri arasında yaranacaq dərin uçurum destruktiv nəticələr doğuracaq".
 
Şəki İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib.