İctimai fəal evindən ayaqqabısız aparıldığını deyib
21-09-2023 20:33 / Bu xəbər 700 dəfə oxundu
İctimai fəal, Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada və s. yerlərdə çalışmış diplomat Emin İbrahimov haqqında 30 günlük inzibati həbs qərarından apelyasiya şikayəti veriləcək.
Onun vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, sentyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən İnzibati qaydada həbs olunanların saxlandığı təcridxanada müvəkkiliylə görüşüb.
O, vəkilinə deyib ki, həbsinin əsl səbəbi fikrini və tənqidlərini sosial şəbəkələrdə yaymasıdır.
Vəkilin sözlərinə görə, Emin İbrahimov bildirib ki, onu sentyabrın 20-də yaşadığı evdən götürüb aparıblar.
Evin qapısını isə "Azərsu” işçiləri adıyla döyüblər.
Emin İbrahimovun dediyinə görə, qapını açan kimi bir neçə nəfər mülki geyimli şəxs mənzilə daxil olub və onu zorla götürüb aparıblar. Bundan başqa, əllərində məhkəmə qərarı olmadan evdə axtarış aparıblar, xeyli əşya götürüblər. Onların arasında telefonlar, kompüter, video-reqistrator olub.
Emin İbrahimovu Baş Prokurluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsinə gətiriblər.
O, vəkilinə deyib ki, bu idarəyə ayaqqabısız, corabla gətirilib. Prokurorluqda onu sosial media hesabındakı paylaşımlarına görə "terroru dəstəkləməkdə” ittiham ediblər.
Daha sonra İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə protokol tərtib edib, Yasamal Rayon Məhkəməsinə aparıblar.
Bu məhkəmədə də hakim Rəşad Cavadzadə onun haqqında 30 sutka inzibati həbs qərarı verib.
"Samsung” və "iPhone” markalı telefonların, HP markalı kompüterin, video reqistratorun qaytarılması məsələsi də məhkəmə qərarında öz əksini tapıb. Qaytarılma məsələsi prokurorluğa həvalə olunub. Bu isə həmin əşyaların evdən götürüldüyünü sübut edir. Hansı qanuni əsasla götürüldüyü isə qərardan aydın deyil.
Aqil Layic. Foto: "Amerikanın səsi”
"Onun sosial media hesablarında yazdığı fikirlərdə terrorun dəstəklənməsindən söhbət gedə bilməz. Emin İbrahimovun fikrə görə həbs olunmasının möhürü elə məhkəmə qərarından da görünür”, – Aqil Layıc bildirib.
Müdafiəçi əlavə edib ki, müvəkkilinin saxlanma şəraitindən, prokurorluğun inzibati binasında ona olan rəftardan narazılığı olmayıb.
Emin İbrahimov Qarabağda baş verən əməliyyatların Rusiyanın maraqları çərçivəsində həyata keçirildiyini düşünürdü və "Facebook” hesabındakı son paylaşımlarında bu barədə yazmışdı.
Son iki gün ərzində Azərbaycanda müharibə əleyhdarı olan çoxsaylı gənclər həbs olunub.
Onlardan bir neçəsinə 30 sutka inzibati həbs cəzası verilib.
Bir nəfər haqqında isə xuliqanlıq ittihamıyla cinayət işi başlanıb.