İctimai fəal həbs edilib

İctimai fəal həbs edilib

05-04-2021 16:23 / Bu xəbər 1027 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Müsavat Partiyasının keçmiş üzvü Laçın Vəliyev martın 20-də Sabunçu rayonu ərazisində saxlanılıb. 

Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu barədə vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Laçın Vəliyev Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə günahlandırılır. 

İttiham sübut olunarsa fəalı əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək həbs gözləyir.

"Mən onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşmüşəm. Dedi ki, ittiham elan edilməmişdən öncə bir neçə dəfə saxlanılıb və ondan Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarının əleyhinə ifadə verməsi tələb olunub. Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. O, özünü təqsirli bilmir, ifadələrindən imtina edib, ifadələrini təzyiq alıtnda verdiyini dedi. Laçın Vəliyev vəkili vasitəsilə Sabunçu Rayon Prokurorluğuna və Sabunçu Rayon Polis İdarəsinə şikayət göndərib”, - vəkil qeyd edib.

"Laçın Vəliyev əvvəlcə dələduzluq maddəsi ilə həbs edilib. Daha sonra qəfil ittihamı dəyişərək narkobarona çeviriblər. Laçın bəyi ötən aylar ərzində bir neçə dəfə saxlayıblar, fiziki zorakılığa məruz qoyublar. Konkret olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə almaq tələb olunub. Laçın bəy bu tələblərdən imtina etdiyinə görə cəzalandırılıb”, - Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib.

"Turan"ın aprelin 5-də verdiyi məlumata görə, bir sıra hüquq- müdafiə təşkilatları da Laçın Vəliyevin həbsini pisləyən bəyanatlarla çıxış ediblər.

Müdafiə Xətti hüquq- müdafiə təşkilatı bildirir ki, Laçın Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər.

"O, həyat yoldaşı ilə görüntülərini görər-görməz bayılıb, sonradan "nə istəyirsiniz, gətirin, qol çəkirəm...” deyib, irəli sürülən qurama ittihamlarla dinməz-söyləməz razılaşıb”, - Müdafiə Xətti hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov "Feysbuk" səhifəsində yazıb. 

Bu gün isə Daxili İşlər Nazirliyi Laçın Vəliyevin həbsi ilə bağlı açıqlama yayıb. 

"Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. 

Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub.

Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir", - DİN-in açıqlamasında bildirilib.