İctimai fəal məhkəmə zalında özünə xəsarət yetirib

İctimai fəal məhkəmə zalında özünə xəsarət yetirib

14-01-2025 02:22 / Bu xəbər 85 dəfə oxundu

Hakimə etiraz edən Nicat İbrahim başını şüşə kabinaya çırpıb

Həbsdə olan ictimai fəal Nicat İbrahim yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində özünə xəsarət yetirib.

Hakim Aygün Qurbanovanın sədrliyilə məhkəmənin hazırlıq iclasında Nicat İbrahimin vəkili Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. 

Vəkil bildirib ki, Nicat İbrahim təqsirsizdir və onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

Vəkilin vəsatətinə münasibət bildirən Nicat İbrahim özü də təqsirsiz olduğunu deyib. 

Onun sözlərinə görə, heç bir cinayət törətməsə də, 4 aydır ku, həbsdə saxlanılır.

Nicat İbrahim deyib ki, tanımadığı şəxsi gətirib üzünə qoyaraq, onu bıçaqladığını iddia edirlər: "Mənim yerimdə məni şərləyən cinayətkar polislər oturmalıdır…”

Hakim Aygün Qurbanova onun sözünü kəsərək deyib ki, dedikləri işin mahiyyətinə aiddir və ifadəsində bu barədə danışar.

"Danışmağa imkan vermirsiniz, bəs mən nə eləməliyəm?!” – deyən Nicat İbrahim başını məhkəmə zalında saxlandığı kabinənin şüşəsinə vurmaqla, özünə xəsarət yetirib. 

Başından axan qan məhkəmə zalına tökülüb.

Vəkili Zibeydə Sadıqova bildirib ki, Nicat İbrahimə tibbi yardım göstərilib: "Başına sarğı qoyulub, məhkəmə prosesi yanvarın 21-nə təyin olunub”.

Aygün Qurbanovanın sədrlik etdiyi, Fərid Namazov və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası isə ictimai fəalın ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Nicat İbrahim Bəhmən Əliyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham irəli sürülüb.

Nicat İbrahim bu ittihamı qəbul etmir, heç kimi bıçaqlamadığını deyir. 

Həyat yoldaşı Pərvin İbrahimova bildirir ki, onun bu cinayəti törətdiyi iddia edilən yerdə "Təhlükəsiz Şəhər” kameraları var. Ona görə də həbsindən dərhal sonra istintaqa vəsatət veriblər ki, ərazidəki kamera görüntüləri təqdim olunsun, Nicat İbrahimin həqiqətən adam bıçaqladığı sübut olunsun: "Lakin bizə o görüntüləri təqdim eləmədilər. Çünki Nicat heç kimi bıçaqlamayıb. Əgər bıçaqlayıbsa, niyə görüntülər təqdim olunmur?”

Nicat İbrahim iki ay əvvəl Bakı İstintaq Təcridxanasında da qanunsuz həbsinə etiraz olaraq, özünə xəsarət yetirmişdi.

İctimai fəal bir neçə il əvvəl ağzını tikməklə polislərə qarşı etiraz aksiyası keçirmiş, 4 il öncə isə Prezidentə istefa tələbindən sonra koronavirusu yayma ittihamı ilə il yarım həbsdə saxlanmışdı.

Tanımadığı adama bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs olunan ictimai-siyasi fəallar arasında keçmiş diplomat Emin İbrahimov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan Afiyəddin Məmmədov da var.

Zamin Salayev də məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.