İctimai fəal Səhiyyə Nazirliyindən və TƏBİB-dən narazıdır

İctimai fəal Səhiyyə Nazirliyindən və TƏBİB-dən narazıdır

23-10-2020 16:43 / Bu xəbər 1037 dəfə oxundu

"İstəyirəm müharibə şəraitində pandemiya ilə necə mübarizə aparıldığını hamı bilsin”

COVİD-19 testi pozitiv çıxan aktivist Rəbiyyə Məmmədova Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və sahə həkimindən şikayətçidir. Deyir, oktyabrın 23-ü səhər saatlarından həm TƏBİB, həm də sahə poliklinikasına müraciət edib. Buna baxmayaraq onun müalicəsi başlamayıb. Eyni zamanda, birgə yaşadığı insanlardan COVİD testi götürülməyib. Rəbiyyə Məmmədova həm müalicəsinin gecikməsindən, həm də ailə üzvlərinin xəstəliyə yoluxacağından narahatdır:

"İstəyirəm Səhiyyə Nazirliyinin və TƏBİB-in müharibə şəraitində pandemiya ilə necə mübarizə apardığını hamı bilsin. COVİD-19 testimin pozitiv olduğunu bilən kimi qeydiyyatda olduğum 35 nömrəli poliklinikaya zəng edib vəziyyətim barədə məlumat vermişəm. Nə TƏBİB-dən, nə də başqa bir qurumdan müraciətimə cavab almışam”.

Rəbiyyə Məmmədova deyir ki, 35 saylı poliklinikaya zəng edəndə ona sahə həkiminə məlumat verməsini istəyiblər:

"Sahə həkimi Ziynət Cəfərovaya bir neçə dəfə zəng etməyimə baxmayaraq, telefonu götürmədi. Təxmini 1 saatdan sonra bir də zəng etdim. Bu dəfə xanım məndən gözləməmi istədi. Mən ona evdə 2 körpə olduğunu, onlara görə narahat olduğumu demişdim. Yarım saatdan sonra mənə bildirdi ki, sabah evdəkilərdən yaxma götürə biləcək və mənə dərman gətirəcək”.

Rəbiyyə Məmmədova deyir ki, hazırda yüksək hərarət və öskürəkdən əziyyət çəkir: "Üstəlik, evdəkilərə görə narahatam. Evdə tək işləyən anamdır və o, sabah tezdən işə getməlidir. İndi biz nə edək? Həkim deyir, "işin sonudur, ancaq sabah dərman gətirəcəyik sizə, sabah evdəkilərdən yaxma götürəcəyik”. Mən onlara zəng edəndə saat 14:35 idi. Mən bilirəm ki, ikinci növbədə olan işçilər poliklinikaya 14:00-da gəlir. Amma həkim mənə deyir: "İkinci növbəyəm, günün sonunudur”. 14:35 nə vaxtdan günün sonu sayılır? Mən bu vəziyyətdə dövlətin mənə ayırdığı dərmanları niyə səhər almalıyam?”

Rəbiyyə Məmmədova deyir ki, ancaq test götürülsə və bununla bağlı anasına sənəd verilsə, o, işdən qala bilər. Əks halda, işə getməlidir: "Xəstəlik də belə yayılır. Poliklinika ilə evin arası piyada 4 dəqiqəlik yoldur. Bu, necə yanaşmadır? Özləri də bilirlər ki, koronavirusla mübarizədə hər saniyə önəmlidir. Mən xəstəliyi yaya - yaya aptekə gedim? Vicdanım buna yol vermir axı. Getməyim dərmansız qalım? Öskürək məni boğur axı”.

Rəbiyyə Məmmədovanın yaşadığı Binəqədi qəsəbəsinin sahə həkimi Ziynət Cəfərova Meydan TV-yə bildirib ki, o, Rəbiyyə Məmmədovaya baxmayacaqlarını deməyib. Sadəcə bəzi prosedur qaydalar var və buna görə onlara sabah gedə bilərlər:

"Xanıma sakitcə dedim ki, sənədi mənə göndər. Biz o sənəd əsasında iş görürük. Sonra ailə üzvlərinin ad, soyadını soruşdum. Dedim, sabah onlardan yaxma götürməyə gələcəyik. Eyni zamanda, ona dərman da gətirəcəyik. Bu qədər. Xanım isə mənim üstümə qışqırdı və dərmanın ona bu gün lazım olduğunu dedi. Mən mümkün olmadığını söyləyəndə isə "sizdən imtina edirəm” – deyib, dəstəyi asdı”.

Ziynət Cəfərova deyir ki, o Rəbiyyə Məmmədovanı anlayır, həyəcanlıdır, xəstələnib, hövsələsi tükənib: "Eybi yoxdur, çalışacağıq xanıma tezliklə kömək edək”.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.