İctimai fəallar aksiya təşkil etdilər, DİN "qarşısı alınacaq" deyir

İctimai fəallar aksiya təşkil etdilər, DİN

12-05-2022 18:00 / Bu xəbər 2745 dəfə oxundu

"Biz kriminal dövlətdə yaşamaq istəmədiyimiz üçün yürüş təşkil etmişik"

Bir qrup ictimai fəal 14 may Fəvvarələr meydanında mitinq təyin edib.
 
İctimai fəal Gülnarə Mehdiyeva 14 mayda baş tutatacaq yürüşün tələbləri barədə "Toplum TV"yə danışarkən belə deyib.

Aksiyada itirak etmək niyyətində olan jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri ölkədə son vaxtlar tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edəcəklərini qeyd edirlər.

Aksiyanın Təşkilat Komitəsinin siyahısına aşağıdakı şəxslər daxildir:

1) Bəxtiyar Hacıyev
2) Ülvi Həsənli
3) Mehman Hüseynov
4) İlkin Rüstəmzadə
5) Zaur Əkbər
6) Rüfət Səfərov
7) Əhməd Məmmədli
8. Əziz Məmiyev
9) Rüstəm İsmayılbəyli
10) Tofiq Yaqublu
11) Nərmin Şahmarzadə
12) Ruslan İzzətli
13) Gülnara Mehdiyeva
14) Fuad Əhmədli
15) Fatimə Mövlamlı
16) Fikrət Cəfərli
17) Rəbiyyə Məmmədova
18) Qiyas İbrahim
19) Nemət Kərimli
20) Səxavət Soltanlı
21) Elmir Abbasov
22) Sənubər Heydərova
23) Fərid İmanov

G.Mehdiyeva söyləyir ki, ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa cəmiyyət olaraq etiraz etməsək, daha ağır cinayətlər, o cümlədən, siyasi qətllər baş verəcək: "Son 6 ayda baş verən bir çox cinayətlər siravi insanlar tərəfindən törədilməyib. Burada hökumətin əlinin olduğuna dair ciddi şübhələr var. Məsələn, Tofiq Yaqublunun polis tərəfindən saxlanıldıqdan sonra amansızca döyülməsi, işgəncəyə məruz qalması, ardınca Əvəz Hafizlinin dəfələrlə ölüm təhlükəsində olduğunu desə də, şikayətlər etsə də Dövlət Təhlükəsizlik Xidməti açıq şəkildə dedi ki, biz bu işlə məşğul olmuruq. Nəticədə Əvəz Hafizli nifrət nitqinin qurbanı oldu və öldürüldü. Bəxtiyar Hacıyevin oğurlanması, hədələnməsində də dövlətin əli var. Ardınca Aytən Məmmədovanın boğazına bıçaq dirənməsi hadisəsi baş verdi. Biz bilirik ki, Azərbaycan hökumətinin əlində böyük resurslar var və istəsələr, qısa müddətdə cinayəti törədən şəxsləri tapa bilərlər. Əgər tapmırlarsa, deməli maraqları yoxdur. Bütün bunlar bizi təkcə ictimai fəal kimi yox, adi vətəndaş kimi də qorxudur. Binanın girişinə daxil olanda düşünürük ki, görən, bizi orda kimsə gözləyir, ya yox, küçəni təşvişlə keçirik. Sivil, normal dövlətdə belə hallar yaşana bilməz. Biz bunun qarşısını vaxtında almalıyıq".

Gülnara Mehdiyeva - sosial media

İctimai fəal İlkin Rüstəmzadə qeyd edir ki, onlar siyasi fəallara, jurnalistlərə, vətəndaş cəmiyyət fəallarına qarşı terrorun dayandırılmasını tələb edirlər: "Tofiq Yaqublunun döyülməsi , Əvəz Hafizlinin öldürülməsi, Bəxtiyar Hacıyevin, Aytən Məmmədovanın başına gələnlər və dövlətin bu hadisələr reaksiyasızlığı onu göstərir ki, Azərbaycanda dövlət vətəndaş cəmiyyətinə və fəallara qarşı artıq çox ağır cəzalandırma metodları seçib. Bu proseslər dayandırılmalıdır".

İlkin Rüstəmzadə - sosial media

G.Mehdiyava söyləyr ki, aksiyanın baş tutması üçün heç bir quruma müraciət edilməyəcək: "İcazəli aksiya deyə bir anlayış yoxdur. Qanunvericilikdə baş tutacaq aksiya haqqında xəbərdarlıq edilməsi nəzərdə tutulur. Biz də Təşkilat Komitəsi olaraq qərara gəldik ki, sosial şəbəkələrdə etiraz aksiyası ilə bağlı paylaşımlarımız artıq xəbərdarlıq xarakteri daşıyır. Ona görə də hansısa quruma müraciət etməyi nəzərdə tutmuruq".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sözlərinə görə, sözügedən yürüşə polis müdaxilə edəcək. "İcazəsiz, müvafiq icra orqanından saksiyalaşdırılmayan bütün aksiyaların, qanunsuz təşkil edilən tədbirlərin qarşısı polis tərəfindən alınacaq", - deyə o qeyd edib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlama verib.

Elşad Hacıyev

"Qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərinin qarşısı alınacaq”, - DİN rəsmisi bildirib.