IDI-nin hesabatı: Azərbaycanda nümayəndəlik institutunun ləğvi və nəticələri

IDI-nin hesabatı: Azərbaycanda nümayəndəlik institutunun ləğvi və nəticələri

16-03-2021 12:41 / Bu xəbər 1751 dəfə oxundu

"Gürcüstan və Estoniyada vəkilliyə qəbul prosesi daha şəffafdır”

Azərbaycanın regionlarında fəaliyyət göstərən vəkillərin sayı 395 nəfərdir.

Onlardan isə 95 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur.

Paytaxtda 1396 vəkil fəaliyyət göstərir. Onlardan isə 103 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğuldur.

Bundan əlavə, Vəkillər Kollegiyasının Bakıda 56, regionlarda isə 37 vəkil qurumu fəaliyyət göstərir.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Azərbaycanda Nümayəndəlik İnstitutunun ləğvinin nəticələri ilə bağlı hazırladığı araşdırma sənədində belə deyilir.

Sənəddə bildirilir ki, 2010-cu ildə Vəkillər Kollegiyasına 15, 2011-ci ildə 9, 2012-ci ildə 121, 2013-cü ildə 12, 2014-cü ildə 149, 2015-ci ildə 12, 2016-cı ildə 22, 2017-ci ildə 17 vəkil qəbul edilib.

Ölkədə nümayəndəlik institutu ləğv ediləndən sonrakı illər - 2018-ci ildə isə Vəkillər Kollegiyasına 553 nəfər qəbul edilib:

"Görünən odur ki, hədəfləri ölkədəki vəkil sayını on minə çatdırmaqdır. Lakin ildə 500-600 hüquq məzunu ilə bu proses xeyli vaxt alacaq. Bunun da səbəbi var, çünki ölkədə hüquq təhsili dövlət tərəfindən inhisara alınıb. Yəni yalnız dövlət universitetlərində hüquq fənninin tədrisinə icazə verilir”.

Hesabatda bildirilir ki, nümayəndəliyin ləğvi ilə bağlı qanun layihəsi ictimai müzakirələrə çıxarılmadan qəbul edilib. Bu da layihənin praktiki hüquq fəaliyyətinin müstəqilliyinin, özünütənzimləməsinin və bütövlüyünün artırılmasına yönəlmədiyini, eləcə də beynəlxalq standartlara zidd olduğunu göstərir.

Sənədə əsasən, Azərbaycanda nümayəndəlik intitunun ləğv edilməsi əhalinin hüquqi yardıma çatımlılığı ilə bağlı bir sıra ciddi problemlər yaradıb.

Aztəminatlı şəxslərin effektiv hüquqi yardıma çatımlılıqlarının əhəmiyyətli dərəcədə zəifləməsi, praktiki hüquqi fəaliyyətlə məşğul olan hüquqşünas və qeyri-hüquqşünasların öz fəaliyyətlərindən məhrum edilməsi və ölkədə insan hüquqlarının müdafiəsi ilə məşğul olan müstəqil şəxslərin bundan sonra məhkəmə proseslərindən kənarda qalması bu problemlərdən bəziləridir: "Həmçinin, Vəkillər Kollegiyasında say problemi və hüquqi xidmətə çatımlılıq, ölkə əhalisi və Kollegiya üzvlərinin sayı arasında tarazlıq məsələsi insanların hüquqi yardıma çatımlılığı nöqteyi-nəzərindən araşdırılıb. Ölkə əhalisinin sayına nisbətdə vəkillərin sayının çox az olmasının vətəndaşların hüquqi xidmətlərdən istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirdiyi və nümayəndəliyin ləğvinin regionlarda yaşayan əhalinin hüquqi yardıma çatımlılığına xüsusilə mənfi təsir göstərdiyi qeyd olunub”.

Hesabatda bildirilir ki, Vəkillər Kollegiyasına qəbul imtahanının yazılı və şifahi mərhələlərinin təhlili, imtahanın qeyri-obyektiv cəhətləri və xüsusilə, müsahibə mərhələsinin keçirilmə məqsədləri ilə bağlı fikirlər öz əksini tapır: "Müsahibə mərhələsinin "arzuolunmaz" sayılan şəxslərin vəkilliyə qəbulunun qarşısını almaq məqsədi daşıdığı nəticəsinə gəlinir. Bundan əlavə Gürcüstanda nümayəndəliyin və vəkilliyin hüquqi vəziyyəti, eləcə də Avropanın keçmiş SSRİ ölkələrindən olan Estoniyada vəkilliyə qəbul proseduru Azərbaycanla müqayisəli şəkildə araşdırılıb. Gürcüstan Qafqaz regionunda yerləşdiyi, Estoniya isə Avropa Birliyinin post-sovet ölkəsi olduğu üçün müqayisəli araşdırma üçün seçilib. Müqayisə zamanı məlum olub ki, Gürcüstan qanunvericilliyi nümayəndələrə iştirakçılığı daha geniş təsbit olunub. Bundan başqa Gürcüstan və Estoniyada vəkilliyə qəbul prosesi daha şəffafdır”.

CEPEJ-in (Avropa Şurası, Ədalətin Səmərəliliyi üzrə Avropa Komissiyası) dəyişikliklərdən əvvəlki - 2014-cü il hesabatına görə, Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən vəkil sayına görə sonuncu yerə sahibdir.

Avropada 100.000 nəfərə düşən ortalama vəkil sayı 139, Azərbaycanda isə 100.000 nəfərə 10-dur. CEPEJ-in 2020-ci il hesabatına görə, Azərbaycan Kipr, Gürcüstan və Moldova ilə birlikdə 2010-2018-ci illər arasında vəkillərin sayında 50 faizdən 100 faizə qədər artıma nail olan ölkələrdən biri idi:

"Bununla belə, vəkillərin sayının artması öz-özlüyündə açıqca müsbət bir inkişaf olsa da, bu artıma fərdi şəxslərin məhkəmələrdə təmsil olunmasını VK-nın üzvləri (və yaxın qohumlar) ilə məhdudlaşdıran dəyişikliklərin inhisarçı xarakteri və vətəndaşların, xüsusən aztəminatlı ailələrin effektiv hüquqi yardıma çatımlılığı kontekstində baxmaq lazımdır”.

Sənəddə bildirilir ki, 31 oktyabr 2017-ci il dəyişiklikləri nümayəndələrin hüquqlarını əhəmiyyətli dərəcədə azaltdı və məhkəmə proseslərində şəxslərin təmsil edilməsini vəkillərin monopoliyasına verdi.

Dəyişikliklərin qəbul edilməsi aztəminatlı şəxslərin effektiv hüquqi yardıma çatımlılıqlarının əhəmiyyətli dərəcədə zəifləməsi, praktiki hüquqi fəaliyyətlə məşğul olan hüquqşünas və qeyri-hüquqşünasların öz fəaliyyətlərindən məhrum edilməsi və ölkədə insan haqlarının müdafiəsi ilə məşğul olan müstəqil şəxslərin bundan sonra məhkəmə proseslərindən kənarda qalması ilə nəticələndi: "Sözügedən qanun layihəsi ictimai müzakirələrə çıxarılmadan qəbul edilib. Bu da layihənin praktiki hüquq fəaliyyətinin müstəqilliyinin, özünütənzimləməsinin və bütövlüyünün artırılmasına yönəlmədiyini, eləcə də beynəlxalq standartlara zidd şəkildə qəbul edildiyini göstərir”.

Vəkillərin sayına gəlincə, sənəddə bildirilir ki, təxminən 10 milyon əhalisi olan bir ölkədə cəmi 1844 vəkilin olması vətəndaşların hüquqi xidmətlərdən istifadəsini əhəmiyyətli dərəcədə çətinləşdirir: "Nümayəndəliyin ləğvi rayonlarda yaşayan əhalinin hüquqi yardıma çatımlılığına xüsusilə mənfi təsir göstərdi. Belə ki, kollegiya üzvlərinin cəmi 395 nəfəri rayonlarda fəaliyyət göstərir. Bundan əlavə, bir çox gənc hüquqşünas əhalinin müəyyən həssas qruplarını dəstəkləmək üçün yerli təşkilatlarla əməkdaşlıq edirdi və vəkilliklə məşğul olan şəxslərlə müqavilə bağlamaq çox xərc tələb etdiyi üçün həmin qruplar gənc hüquqşünasların xidmətlərindən faydalanırdı. Beləliklə, nümayəndəliyin ləğvi həm də insan alveri, məişət zorakılığı qurbanları, əlilliyi olan şəxslər və məcburi köçkünlər kimi əhalinin müəyyən həssas qruplarına vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən göstərilən hüquqi xidmətlər üçün də təsirsiz ötüşmədi”.

IDI tövsiyə edir ki, yalnız hüquq üzrə ali təhsili olan şəxslərin (vergi orqanında müvafiq fəaliyyət kodu ilə qeydə alınmaqla) fəaliyyətinə icazə verilməklə nümayəndəlik institutu bərpa edilməlidir. Eyni zamanda, Vəkillər Kollegiyasına qəbul prosedurunda müsahibə mərhələsi şəffaf və obyektiv şəkildə keçirilməlidir: "Bunun üçün - müsahibə zamanı hansı mövzular üzrə sualların veriləcəyi hazırda olduğu kimi ümumi deyil, konkret olaraq müəyyən olunmalı və ictimaiyyətə açıq şəkildə paylaşılmalıdır. Namizədlərin cavablarına verilən qiymətlər "məqbul” və "qeyri-məqbul” olaraq mücərrəd deyil, aydın formada (məsələn, 1-10 bal intervalında və hər balın söz ilə qarşılığı – yaxşı, çox yaxşı, orta və s. – göstərilməklə) müəyyən olunmalı və ictiamiyyətə açıq şəkildə paylaşılmalıdır. İxtisas Komissiyasının tərkibinin yarıdan çoxunu dövlət hakimiyyət orqanlarının deyil, VK-nın üzvü olan vəkillər təşkil etməlidir. Müsahibə prosesi video çəkilişlə qeydə alınmalı və video material müsahibənin nəticəsindən şikayət vermək istəyən şəxslərə, tələb olunduğu halda, sübut kimi təqdim edilməlidir”.

Eyni zamanda, IDI bildirir ki, mülki, inzibati və kommersiya işlərində dövlət hesabına hüquqi yardımın təmin edilməsilə bağlı qanun qəbul edilməlidir: "Vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılmalıdır. Kollegiyaya qəbul imtahanlarının hər il üçün nəzərdə tutulan sayı artırılmalı və qanunda konkret formada göstərilməlidir. Kollegiyaya qəbul olmaq üçün tələb edilən minimal iş təcrübəsi müddəti 3 ildən 1 ilə endirilməlidir”.

2017-ci il 31 oktyabr tarixində eyni anda 3 qanuna – Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edildi. Həmin dəyişikliklərə qədər Vəkillər Kollegiyasına üzv olmayan hüquqşünaslar və qeyri-hüquqşünaslar şəxsləri məhkəmədə təmsil edə bilərdilər. Dəyişikliklərdən sonra isə təmsilçilik fəaliyyəti Vəkillər Kollegiyasının inhisarına verildi. İndi yaxın qohumlar istisna olmaqla, yalnız VK üzvü olan hüquqşünaslar – vəkillər məhkəmə təmsilçiliyi ilə məşğul ola bilərlər.