IDI parlament seçkiləri ilə bağlı ikinci dövr üçün media hesabatı yaydı

IDI parlament seçkiləri ilə bağlı ikinci dövr üçün media hesabatı yaydı

08-02-2020 19:48 / Bu xəbər 1547 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı ikinci dövr üçün nəticələr barədə hesabat yayıb.

Ümumilikdə 60 günlük dövr üçün nəzərdə tutulan monitorinqin ikinci mərhələsi seçkiqabağı təşviqat dönəminin başlanma tarixindən - 17 yanvar 2020-ci ilədən 6 fevral 2020-ci ilədək dövrü əhatə edir. 

Monitorinqə 3-ü televiziya olmaqla 9 media daxil edilib. Belə ki, dövlət yayımı (AZTV), ictimai yayım (İTV) və ən son lisenziya alıb, xəbərləmə üzərində ixtisaslaşdığı iddia edilən "Real TV”, habelə  rəsmi informasiya agentliyi "Azərtac” (www.azertag.az),  "Azərbaycan” qəzeti və "Report” İnformasiya Agentliyi, "Turan” İnformasiya Agentliyi, "Meydan TV” və müxalifətə yaxınlığı ilə seçilən "Azadlıq” qəzetinin internet resursu (www.azadliq.info) monitorinq edilib. 

Bu resurslarda seçki prosesi ilə əlaqələndirilə biləcək informasiyalar məqalələrin sayına görə qeydə alınıb və informasiyaların mahiyyətinə görə təsnifatlandırılıb. 

TV kanallarının praym-taym zamanı olan 19:00-23:00 yayım aralığı 4 saat monitorinqə salınıb. 

Monitorinq edilən 21 gün ərzində "prime-time” vaxt 3 TV üçün (21 gün x 3 tv  x 4 saat ) cəmi 252 saat müddəti əhatə edib. 252 saatlıq "prime-time” vaxtında seçki prosesi ilə əlaqəli olan xəbər, xəbər törəmə, debat, müzakirə, talk-şou, yekun analitik proqramlar qiymətləndirilib. 

Bu zaman seçkilərdə vətəndaşların səsverməsinə təsir göstərə biləcək informasiyalar, xəbərlər proqramları, xəbər-törəmə proqramları, tok-şoular, debatlar, müzakirə verilişləri, analitik proqramlar və xüsusi buraxılışlar əsas monitorinqin hədəfi olaraq seçilib və monitorinq edilib. 

Televiziyaların monitorinqi zamanı bu suallara cavab axtarılıb:

1. İnformasiya praym-taym zamanı hansı vaxtda efirdə gedib; (saat-dəqiqə-saniyə göstərilməklə) 
2. Bilgi-maarifləndirici mahiyyətdə olan informasiyalar;
3. Təşviqata rəsmi start verilməsə də xəbər-təşviqat mahiyyətli informasiyalar;
4. İqtidar və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar; (vaxt-miqdar göstərilməklə);
5. İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə (vaxt-miqdar göstərilməklə);
6. Balanslı informasiyalar;
7. Müxalifət  və onu dəstəkləyən tərəfin lehinə olan informasiyalar (vaxt-miqdar göstərilməklə);
8. Müxalifət  və onu dəstəkləyən tərəfin əleyhinə olan informasiyalar (vaxt-miqdar göstərilməklə);
9. Monitorinqdə qiymətləndirilən verilişlər və vaxtları.

Onlayn media və qəzetlər üçün də eyni yanaşma əsas götürülüb. Sadəcə, orada vaxt məqalə sayı ilə əvəz olunub və göstərilib. 

Bütün televiziyalarda 252 saatlıq "prime-time” vaxtında müddətdə 57 saat 07 dəqiqə 05 saniyə seçki prosesi ilə əlaqələndirilən, yaxud seçkilərdə seçicilərə təsir etmək qabiliyyəti olan ictimai-siyasi informasiyalara yer verilib. 

Bu, bütün "prime-time” vaxtının 18,48%-ini əhatə edir. 21 gün ərzində 3 televiziyanın maarifləndirici xarakterli məlumatları 3,55%, xəbər-təşviqata aid olan informasiya 2.41%, tərəfsiz-balanslı  informasiyalar 1,12% təşkil edib. Televiziyalarda iqtidar və onu dəstəkləyən tərəfin lehinə gedən informasiyalar 94% olmuşdur. İqtidar və onu dəstəkləyən tərəfin əleyhinə təşviqat dönəmində hər hansı informasiyaya yer verilməyib.

Elektron resursların və qəzetlərin monitorinqi 17 yanvar 2020-ci ildən 76 fevral 2020-ci ilədək olan 22 günlük dövrü əhatə edib. Monitorinq zamanı toplam 524 materialın 43,35% xəbər-təşviqat xarakterli, 32,56% iqtidar və onu dəstəkləyən tərəfin lehinə olan, 14,26% tərəfsiz, 4,82%  iqtidar və onu dəstəkləyən tərəflərin əleyhinə olan, 3,08% bilgi-maarifləndirici xarakterdə, 1,93% müxalifət və onu dəstəkləyən tərəfin əleyhinə qiymətləndirilən informasiya olub. 

Ümumiyyətlə, monitorinq nəticəsində məlum olur ki, televiziyalar ”Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində yer alan  teleradio fəaliyyətinin əsas prinsiplərini kobud şəkildə pozur. Fəaliyyətində informasiyanın əhatəliliyi, obyektivliyi, tam və doğru-dürüstlüyü, vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etməsi, ideoloji və siyasi plüralizm, tərəfsizlik və qərəzsizlik prinsiplərinə əməl etmir, tək tərəfli təbliğatla məşğuldur.
 
İctimai televiziya ictimai yayımın məqsədindən çox uzaqdır və ictimai yayımçı funksiyasını yerinə yetirmir. Televiziyada gedən məlumatların 73%-i iqtidar və onu dəstəkləyən tərəfin təbliğatı olub. Seçkidə namizədlərlə hər hansı ictimai müzakirə aparılmayıb. 

"İctimai Televiziya və radio yayımı haqqında” Qanunun 1-ci maddəsində göstərilən yayımının məqsədləri - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etmir, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamır. Vətəndaşların təşviqat dönəmində siyasi partiyaların fəaliyyəti barədə qərəzsiz və tarazlaşdırılmış informasiya almaq hüququnu pozur.  Bütünlüklə dövlət büdcəsindən maliyyələşməsinə baxmayaraq, ödənişli efir üçün çox yüksək siyasi qiymət müəyyən edərək, vətəndaşların seçəcəkləri siyasətçinin tanımalarına şərait yaratmır, namizədlərin debatını, diskusiyasını, ölkənin problemlərinə baxışını nümayiş etdirəcək dəyirmi masalarını, talk-şouları təşkil etmir, informasiyanın tərəfsizliyinin, qərəzsizliyinin və doğru-dürüstlüyünün təmin edilməsi prinsipinə sədaqət nümayiş etdirmir.

Dövlətin təsisçisi olduğu və hər il yüksək miqdarda dövlət büdcəsindən maliyyə ayırdığı Az TV də İTV-də olduğu kimi tərəfli yayım siyasəti ilə məşğuldur və sadəcə iqtidarın təşviqat maşını kimi fəaliyyət göstərir. Eyni vəziyyət dövlət büdcəsindən maliyyələşən "Azərtac” İA və "Azərbaycan” qəzeti üçün də xarakterikdir.

Ən son lisenziya alan Real TV-nin monitorinqi göstərir ki, ölkədə teleradio yayımının lisenziyalaşmasındakı problem davam edir və lisenziyalaşma siyasi məqsədli istifadə edilir. Bu yayımçı özəl yayımçı olsa da, dövlət büdcəsindən maliyyələşən digər iki yayımçı kimi gerçək media funksionallığından uzaqdır və hədəfi siyasi təbliğatda iştirak etmək, iqtidarın müdafiəçi olmaqdır. Bu monitorinqdə aydın görünür ki, ölkədə milli tezliklərdə yayımlanan elektron resurslar-televiziyalar demokratik cəmiyyətin mediası olmaqdan çox uzaqdır və demokratik dəyərlərin formalaşması istiqamətində fəaliyyət göstərmir. Milli tezliklərdə dövlət lisenziyası ilə yayımlanan ölkə və  regional səviyyəli 24 TV və 16 radioda, sadəcə, İctimai yayım ödənişli əsaslarla efir vaxtı ayırdı. O da elə yüksək qiymət müəyyənləşdirdi ki, 1400 nəfərədək namizədin 2-3 nəfəri istisna olmaqla heç kəs üçün bu qiymətlərdən istifadə çatımlı deyildi və heç kəs istifadə etmədi. Digər 39 TV və radio isə ümumiyyətlə seçki mövzusunu "tabu” olaraq gördü və bu mövzunu birbaşa müzakirədən uzaq durdu. 

Monitorinqlər zamanı sadəcə iki qurumun "Turan” İA və "Meydan” TV-nin media peşəkarlığı baxımından daha diqqətli olduğu müşahidə edilib. 

Monitorinq göstərir ki, media etikası prinsipi kimi unversal dəyərə çevrilən obyektivlik, qərəzsizlik, tərəfsizlik, siyasi rəngarəngliyə hörmət və balanslı olmaq şərtlərini mülkiyyət formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq monitorinq olunan qurumların əksəriyyəti kobud şəkildə pozub.  

Monitorinqə görə, medianın seçiciləri bilgiləndirmə, maarifləndirmə funksiyaları işləməyib, ölkədə seçkiöncəsi mühit və təşviqat dönəmi tamamilə tək siyasi iradənin təbliğatı və təşviqatına köklənib, seçicilər hakimiyyətin qanunverici qolunun formalaşması kimi mühüm siyasi hadisədən mümkün qədər uzaq tutulub və namizədlərini, onların dünyagörüşünü, platformasını bilmədən, tanımadan seçkiyə gedirlər.