IDI prezidentin köməkçisi ilə görüşdən imtina etməsini əsaslandırıb

IDI prezidentin köməkçisi ilə görüşdən imtina etməsini əsaslandırıb

18-09-2020 15:20 / Bu xəbər 1163 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin  sentyabrın 17-də vətəndaş cəmiyyəti məsələləri üzrə görüş keçirmək dəvətindən imtina edib.

Bir saat yarım  davam edən zoom görüşünə 50-dən çox QHT-lərin nümayəndəsi dəvət alıb.

"Dəvətə görə təşəkkürümüzü bildirərək görüşdən imtina etdiyimizi ictimaiyyətə çatdırırıq", - deyə IDI-nin məlumatında bildirilir.

IDI imtinanı aşağıdakı kimi  əsaslandırıb:

İmtinanın məqsədi hər hansı dialoqdan qaçmaq və ya görüşdən yayınmaq deyil, görüşün seçilən formatını faydalı hesab etmədiyimizdəndir. İnandığımız odur ki, görüşün reallığa və qarşılıqlı dialoqa çevrilməsi üçün faydalı format və əvvəldən müəyyənləşmiş konkret mövzusunun olması minimum şərtlərdir. Biz fərdi problemlərin həllinin deyil, həqiqi institutsional dəyişikliklərin faydalı olacağına inanırıq.

IDI hazırkı formatda görüşdən imtina etsə də, hesab edir ki, hökumət problemlərin həllində real siyasi iradə göstərmək əzmindədirsə, bizimlə görüşmədən də aşağıdakı institutsional problemləri həll edə bilər.

Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti həm Konstitusiyanın 58-ci maddəsi, həm də ölkənin qoşulduğu beynəlxalq sənədlərdə birləşmək azadlığı hüququna əsaslanır. Azərbaycan Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı və Avropa İnsan Hüquqları Konvensiyasını (AİHK) ratifikasiya edib və bu sənədlərdə birləşmək azadlığı fundamental hüquq hesab edilir. Paktın 22-ci maddəsində və AİHK-ın 11-ci maddəsində göstərilir ki, hər kəs digərləri ilə birlikdə birləşmık və birliyə qoşulmaq hüququna malikdir. Beləliklə, vətəndaş cəmiyyətinin faəliyyətinin təmin edilməsi həm də dövlətin öhdəliyidir.      

Birləşmək azadlığı hüququ ilə əlaqədar qanunvericiliyin (xüsusilə QHT-lərə münasibətdə qanunvericiliyin) çərçivələrini müəyyən etmək üçün Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) 10 oktyabr 2007-ci il tarixdə 1006 saylı Tövsiyələr (Tövsiyələr) və həmin tövsiyələrə dair İzahedici Memorandum qəbul edib. Həmin sənədə görə Azərbaycanda AŞ üzvü kimi QHT-lərə münasibətdə Tövsiyələrdə nəzərdə tutulmuş minimum standartlara uyğun olaraq qanunvericilik, siyasət və praktika formalaşdırılmalıdır. Həmçinin AŞ Venesiya Komissiyasının 12-13 dekabr 2014-cü il tarixli Azərbaycanın QHT qanunvericiliyinə dair Rəyi və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) birləşmək azadlığı hüququnun pozuntusuna dair qərarları, xüsusilə Azərbaycana dair qərarları da nəzərə alınmalı əsas sənədlərdir.

Praktik olaraq səsləndirsək hazırda vətəndaş cəmiyyətinin əsas problemləri kimi QHT-lərin qeydiyyatı və maliyyələşməsi məsələləridir. Vətəndaş cəmiyyəti təşkilatlarının hökumətdən gözləntisi "Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında” Qanuna (2000), "Qrant haqqında” Qanuna (1998), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestr haqqında” Qanuna (2003), "Könüllü fəaliyyəti haqqında” Qanuna (2009) və İnzibati Xətalar Məcəlləsinə 2013-2014-cü illərdə edilən məhdudlaşdırıcı dəyişikliklərin ləğv edilməsi və bu qanunların 2013-cü ildən əvvəlki vəziyyətə qaytarılmasıdır. Həmçinin qeyri-hökumət təşkilatlarının qeydiyyatı proseduru sadələşdirilməli, kommersiya qurumlarının qeydiyyatı üçün tələb edilən müddət (3 gün) qeyri-hökumət təşkilatlarına da tətbiq edilməlidir.
 
Bundan əlavə, QHT-lərin  yaradılması üçün onun fəaliyyət göstərəcəyi sahəyə nəzarət edən icraedici orqandan (nazirlikdən) razılıq alması kimi qanunda nəzərdə tutulmayan, amma praktikada tətbiq edilən məhdudiyyətlər aradan qaldırılmalıdır.

QHT-lərin qrant almaq proseduru sadələşdirilməli, xarici donorlardan alınan qrantlar üçün qeydiyyat tələb edilməməlidir. QHT sadəcə olaraq aldığı qrant haqqında məlumat verməklə kifayətlənməlidir. Beynəlxalq təşkilatlar və digər xarici donorların Azərbaycan Respublikası ərazisində qrant vermək hüququ əldə etmədən də qrant vermək hüququ təmin edilməlidir.

İanələr üçün qeydiyyat tələb edilməməli, həmçinin 200 manatdan artıq ianələr bank köçürməsi olmadan həyata keçirilə bilməlidir.

QHT-lərin paytaxt və regionlarda sərbəst fəaliyyətinə şərait yaradılmalı, regionlarda fəaliyyət üçün hər hansı icraedici orqandan qanunda nəzərdə tutulmayan icazə tələb edilməməlidir.

Yekun olaraq siyasi hakimiyyət müstəqil QHT-lərə münasibətdə öz hakimiyyətinə təhlükə törədəcək rəqib kimi deyil, ictimai problemlərin həllində tərəfdaş kimi baxmalı, vətəndaş cəmiyyəti liderlərinə qarşı təqib və sərhəddə yoxlamalar, ölkədən çıxışına qadağalar və qarayaxma kampaniyalarına rəvac verilməsi imkanlarını aradan qaldırmağa real səy göstərməlidir.