İdman yazarlarından bədbin proqnoz: "Asan olmayacaq"

İdman yazarlarından bədbin proqnoz:

10-10-2016 18:37 / Bu xəbər 2469 dəfə oxundu

Amal Abuşov: "Qələbə o qədər də asan əldə olunmayacaq" 

Natiq Muxtarlı: "Azərbaycan yığması üçün çox çətin oyun olacaq"

"Oktyabrın 8-i Bakıda Norveç millisi ilə baş tutan oyunu nəzərə alaraq düşünürəm ki, bu qələbəni çətinliklə əldə etdik. Çünki millimizin oynunun keyfiyyəti heç də Norveçdən yaxşı deyildi. Topa sahib olmada 70%-in 30%-ə Norveç öndə idi. Doğma meydan amili, norveçlilərin də bizi qiymətləndirməməsi sayəsində qələbəni qazandığımızı vurğulamalıyam". 

Bunu idman yazarı, Sport7.az saytının redaktoru Amal Abuşov Toplumtv.com-a 11 oktyabrda baş tutacaq Azərbaycan-Çexiya matçını şərh edərkən deyib.

O, Azərbaycan millisi ilə baş tutacaq oyundan gözləntilərinin o qədər də böyük olmadığını qeyd edib və oktyabrın 11-də Çexiya millisi ilə baş tutacaq oyun haqqında proqnozlarını bölüşüb: "Bu dəfə qələbə o qədər də asan əldə olunmaya bilər. Bildiyimiz kimi, Çexiya millisinin qrupdakı vəziyyəti elə də ürəkaçan deyil. Yəni bu günə qədərki oyunlarda qələbə qazanmayıblar. Elə bu səbəbdən də sabah Azərbaycan millisi ilə oyunda bu günə qədər itirdiklərini kompensasiya etməyə çalışacaqlar. Həm də çex azərkeşlər də onlara qarşı yetərincə qəzəblidir. Zənnimcə, bütün bu amilləri nəzərə alanda sabahkı oyunda şansımız elə də çox deyil". 

İdman yazarı Natiq Muxtarlı isə toplumtv.com-a açıqlamasında sabahkı oyunla bağlı belə deyib: "Norveçlə oyundan əvvəl Azərbaycanı favorit qismində görənlər çox az idi, hər kəs Norveç millisinin qalib gələcəyini düşünürdü. Millimiz qalib gəlməklə bu proqnozları alt üst etdi. Lakin oyun müddətində millimizdə yetərincə problemlər, xüsusən də, top saxlamaqda çətinlik çəkirdik, hücum planında ciddi çatışmazlıqlar var idi. Onu da nəzərə alaq ki, Çexiya komandası Norveç komandasından bir neçə pillə üstün olmaqla bərabər, öz meydanlarında oynayacaqlar. Bu səbəbdən də konkret olaraq bu oyunda Azərbaycanın qalib gələcəyini iddia etmək sadəlöhvlük olardı. Çexiya yığması da keçən mərhələyə çox uğursuz başlayıb və onlar Almaniya ilə oyundan məğlub qayıdıb. Üstəlik, azərkeşləri qarşında çıxış edəcəklər və bu oyunda qalib gəlməlidirlər".  

"Amma onu da deyək ki, futbolda heç nə mümkünsüz deyil. Futbolçular məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirib, müdafiədə səliqəli oyun nümayiş etdirərək ələ düşən imkandan yetərincə yararlana bilsələr, Çexiyadan vətənə bir xal ilə qayıtmaq da uğur hesab olunacaq. İndi Azərbaycan futbol ictimaiyyəti qazalanılan 6 xaldan sonra eyforiyadadır. Amma Azərbaycan yığmasının real gücü Çexiya ilə oyundan sonra bəlli olacaq. Ona görə də futbolçularımız bu dəfə də əzmkarlıqla mübarizə aparmalı və səhvsiz oynamalıdırlar ki, Çexiyadan xal ala bilsinlər", - jurnalist bildirib. 
 
Xatırladaq ki, oktyabrın 8-də futbol üzrə Dünya Çempionatının seçmə turnirinin matçında Azərbaycan yığması Bakıda Norveç milli komandasına 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 11-ci dəqiqədə hücumçu Maksim Medvedyev vurub. Medvedyevin cərimə meydançasının mərkəzində əlverişli mövqedə olduğunu görən Ağabala Ramazanov topu ona ötürüb və Medvedyev topun öhdəsindən məharətlə gəlib. Beləliklə, Azərbaycan builki seçmə silsiləsində ikinci dəfədir qələbə qazanıb. Belə ki, bundan öncə sentyabrın 4-də Azərbaycan komandası San-Marinoda qalib gəlmişdi.

Hazırda Azərbaycan yığması 6 xal ilə C qrupunda birinci yerə çıxıb. İkinci yerdə Almaniya yığmasıdr, ancaq bir matç az oynayıb. C qrupunda Çexiya və Şimali İrlandiya yığmaları da çıxış edirlər. 

Bu qrupda Azərbaycan yığma komandasının növbəti oyunu sabah - oktyabrın 11-də Çexiya milli komandası ilə baş tutacaq.

Toplumtv.com
Ofelya Ramilqizi