“İdxal azalıbsa, büdcəyə gələn pullar necə arta bilər?” – Natiq Cəfərli
15-01-2014 12:29 / Bu xəbər 765 dəfə oxundu
Arqument.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli facebook səhifəsində Gömrük Komitəsinin rəsmi məlumatlarını şərh edib.
“Bu gün Gömrük Komitəsi ilə bağlı yayılan 2 rəsmi məlumat diqqətimi çəkdi:
1). Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 12% artıb;
2). Azərbaycana gətirilən avtomobillərin sayı 36%-dən çox azalıb. İkinci xəbərin izahı var: Avro-3 standartlarına keçiblər (kağız üzərində), ona görə də, əsasən Gürcüstandan gətirilən avtomobillərin sayı azalıb, yəni, 2005 buraxılışından aşağı Avropa istehsalı maşınların gətirilməsinə icazə vermirlər (bu da xub, əla, ekologiya təmizlənər). Anlamadığım budur ki, nəyin hesabına gömrükdən büdcəyə daxilolmalar 12% artıb?
Gəlin rəsmi rəqəmlərə baxaq: 2013-cü ilin ilk 9 ayında ölkəyə 1.120.577 manatlıq maşın və avtomobil ehtiyat hissələri gətirilib, 2014-cü ilin ilk 9 ayında isə bu kateqoriyadan olan malların girişi cəmi 580 milyon manat olub, yəni keçən ilə nisbətən azalma 550 milyon manatdır, az qala yarıbayarı azalma olub.
Avtomobillər və onların ehtiyat hissələri gömrük xətti ilə büdcəyə ödənişlərdə mühim yer tutur, beləliklə suallar:
1). Hörmətli Gömrük Komitəsi, əsas idxal məsələlərindən biri olan maşın və ehtiyat hissələrinin ölkəyə gətirilməsi 36% azalıbsa, büdcəyə daxil olmalar nəyin hesabına 12% artıb?
2). Nəzərə alsaq ki, Azərbaycanın xarici ticarət əməliyyatlarının müsbət saldosu ilk 9 ayda 8% artıb (tərcüməsi: neftin qiyməti azalıbsa, hasilatı az olubsa, ixracatı da azalıb, deməli, müsbət saldonun artmasının yeganə səbəbi idxalın azalması olmalıdır), idxal azalıbsa, gömrük xətti ilə büdcəyə gələn pullar necə arta bilər, nəyin hesabına?”
Arqument.az












