III Çarlz Böyük Britaniyanın kralı elan ediləcək

III Çarlz Böyük Britaniyanın kralı elan ediləcək

09-09-2022 16:48 / Bu xəbər 854 dəfə oxundu

73 yaşlı III Çarlz şənbə günü, sentyabrın 10-da rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək. 

Bu barədə "Independent" qəzeti məlumat yayıb. 

Çarlz 8 sentyabrda kraliçanın ölümündən sonra taxtın keçmiş varisi kimi dərhal kral olub. 

Amma qəzetin yazdığı kimi, ənənəyə uyğun olaraq Varislik Şurasının rəsmi mərasimi keçirilməlidir. 

Varislik Şurası adətən monarxın ölümündən sonra 24 saat ərzində Londondakı Müqəddəs Ceyms Sarayında toplanır.

Amma bu dəfə mərasim hazırlıq üçün kifayət qədər vaxt olmadığından daha sonra keçiriləcək.  

Ənənəvi olaraq, Şurada monarxın məsləhətçilərindən ibarət Gizli Şura üzvləri iştirak edir, onların sayı 700-dən çoxdur. Lakin "İndependent”in məlumatına görə, bu dəfə mərasimdə iştirak etmək üçün şuranın cəmi 200 üzvü dəvət olunub.

Kraliçanın matəmi veriləndən sonra Çarlzın rəsmi tacqoyma mərasiminin təşkilinə başlanılacaq. Hazırlıq bir ildən çox çəkə bilər. 

Məsələn, II Yelizavetaya atasının ölümündən və taxta çıxmasından bir il yarım sonra tac qoyulmuşdu.

Kraliça II Yelizaveta 96 yaşında vəfat edib. 

O, 1952-ci ildə taxta çıxmış, Britaniya və İngiltərə tarixində ən uzun padşahlıq edən monarx olmuşdu.

Onun böyük oğlu Çarlz deyib ki, II Yelizavetanın ölümü onun və bütün ailə üzvləri üçün "ən kədərli an" olub. 

"Mən bilirəm ki, onun itkisi bütün ölkədə, krallıqlarda, Birlik ölkələrində və dünyada saysız-hesabsız insanlarda dərin iz buraxacaq", - deyə o bildirib.