"III Respublika" avtoritarizmdən parlament respublikasına keçidə çağırış etdi

18-12-2023 17:26 / Bu xəbər 5521 dəfə oxundu

"III Respublika Platforması"nın qurucu heyəti dekabrın 18-də mətbuat konfransı keçirib.  

Platforma yaraması və hədəfləri barədə cəmiyyətə müəyyən mesajlar verib. 

Təşkilat Azərbaycanda bir şəxsin hakimiyyətindən əsl respublika modelinə keçid məqsədilə yarandığını bəyan edib. 

Platformanın spikeri Akif Qurbanov deyib ki, Azərbaycanın öz ərazi bütövlüyünü tamamilə bərpa etməsi "Qarabağsonrası gündəliyə" keçməyə, parlament respublikası prinsiplərinə əsaslanan demokratik hüquqi dövlətin qurulmasına imkan verir: 

"1918-ci ildə qurulmuş və 1920-ci ildə bolşevik Rusiyası tərəfindən işğal edilmiş Azərbaycan Xalq Cumhuriyyətinin dövlət quruluşu belə idi. 1991-ci ildə Azərbaycan respublika formasında öz müstəqilliyini bərpa edib. Lakin 1993-cü ildən sonra respublika dəyərləri tədricən sıxışdırılmağa başlayıb. Bu, 1995-ci il Konstitusiyasında əskini tapıb. Sonrakı üç konstitusiya referendumu zamanı dövlətin respublika mahiyyəti daha da itirilməyə başlayıb. 2016-cı ilin son referendumu zamanı Konstitusiyaya edilən düzəlişlərlə şəxsi hakimiyyət rejimi bərqərar edilib".

"III Respublika Platforması"nın təşəbbüskarları üç təməl prinsipə - azad və ədalətli seçkilər əsasında mərkəzi hakimiyyətin formalaşdırılması; hakimiyyətin üç qolunun balansının təmin edilməsi; mərkəzi və regional hakimiyyət arasında balansın təmin edilməsi prinsiplərinə əsaslanan parlament respublikası yaradılmasını qarşısına məqsəd qoyur.

Xüsusən, yerli hakimiyyətin yenidən təşkili - yerlərdə mərkəzi icra hakimiyyəti nümayəndəliklərinin ləğvi, bunun yerinə kəndlərdə, qəsəbələrdə, şəhərlərdə hakimiyyətin bələdiyyələrə verilməsi təklif olunur.

Bundan başqa, ölkənin 18 regiona bölünməsi nəzərdə tutulur. 

Bu regionlarda və böyük şəhərlərdə nümayəndəlik orqanları formalaşdırılacaq, həmçinin birbaşa merlər seçiləcək.

Regional hakimiyyətin səlahiyyətləri dəqiq müəyyən ediləcək və unitar dövlət prinsipləri ilə ziddiyyət təşkil etməyəcək.

"Hesab edirik ki, dövlətdə şəxsiyyətin ləyaqətinə hörmət prioritet olmalıdır və bu, heç bir şəkildə "dövlət maraqlarına" qurban verilməməlidir", - deyə Qurbanov sözünə davam edib. 

"III Respublika Platforması"nın təsisçiləri teokratiyanı, aqressiv milliyyətçiliyi, radikal etatizmi, ayrı-seçkiliyin bütün təzahürlərini təkzib edirlər.

Qeyd edilən hakimiyyət modelinin və respublika prinsiplərinin hökmranllığı üçün yeni Azərbaycan Konstitusiyasının qəbul edilməsi təklif olunur. 

"III Respublika Platforması" həmçinin bir sıra proqram sənədləri işləyib hazırlayıb. 

Təşəbbüskarlar milli təhlükəsizliyin qarantiyasını da dövlətin demokratikləşməsində görürlər. 

Onlar Azərbaycan, Ermənistan və Gürcüstanın iştirakı ilə "Vahid Qafqaz İttifaqı" yaradılmasının tərəfdarıdırılar. 

Bu, Azərbaycan və Ermənistan arasında sülhə nail olunduqdan sonra mümkün olacaq.

 "Biz Azərbaycanın avtoritar regional koalisiyalarda iştirakının əleyhinəyik. Azərbaycanın inteqrasiyası avroatlantik olmalıdır. Azərbaycan MDB-dən çıxmalıdır, Türkiyə ilə müttəfiqlik gücləndirilməlidir", - deyə Qurbanov sözünə davam edib.

Onun sözlərinə görə, Azərbaycan Aİ və NATO-ya üzvlüyə can atmalıdır.

Müdafiə strategiyasına toxunan Qurbanov qeyd edib ki, tamamilə peşəkar orduya keçmək vacibdir.

Platforma məhkəmə hakimiyyətində islahatlar aparılmasını və onun icra hakimiyyətinin tabeliyindən çıxarılmasını təklif edir. 

Məhkəmə hakimiyyəti öz-özünü idarə etməlidir. Məhkəmələrin qərəzsizliyini təmin etmək üçün cinayət işləri üzrə andlılar məhkəməsini tətbiq etmək təklif olunur.

 "III Respublika Platforması" həmçinin ayrı-seçkilik əleyhinə tədbirlərin Avropa standartlarına keçməyə - maraqların toqquşması haqqında qanun qəbul etməyə, vətəndaşlar üçün bərabər imkanlar yaratmağa, təkcə vəzifəli şəxslərin deyil, həm də onların yaxınlarının gəlirləri və əmlakı haqqında bəyannamə tətbiq etməyə çağırır. 

Azad iqtisadiyyat modelinə keçmək və dövlət kapitalizmindən imtina etmək təklif olunur. 

Qarşıda duran növbədənkənar prezident seçkilərində Platforma öz namizədi ilə siyasi qüvvə kimi çıxış etməyəcək. 

Platforma təsisçiləri məqsədlərinə nail olmağın metodları haqqında suala cavabda qeyd ediblər ki, onların fəaliyyəti vətəndaş iştirakı prinsiplərinə əsaslanacaq. 

Yaxın günlərdə Platforma yaxın, orta və uzaq gələcək üçün konkret təkliflərini təqdim edəcək.  

Platformanın əsas şüarı belədir: "Bir şəxsə deyil, hüquqa tabe oluruq". 

Bir qrup ictimai-siyasi fəal dekabrın 7-də Platformanın təsis edildiyini elan edib. Strukturun məqsədi Azərbaycanda əsl respublika quruluşunu bərqərar etməkdir. 

Platformanın qurucu heyətinə siyasi və ictimai fəallar - Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadıqlı daxildir. 

Akif Qurbanov bir il müddətinə qurucu heyətin Spikeri vəzifəsinə seçilib.