"III Respublika" Platforması, DTİ və Toplum TV-nin əməkdaşları həbsdə saxlanıldı

15-03-2024 17:23 / Bu xəbər 986 dəfə oxundu

Bakı Apelyasiya Məhkəməsi martın 15-də "III Respublika" Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətini təmin etməyib. 

Ruslan İzzətli ilə yanaşı, Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) əməkdaşları Əli Zeynal və İlkin Əmrahov, habelə Toplum TV-nin redaktoru Müşfiq Cabbar da həbsdə saxlanılıb.

"III Respublika" Platformasının spikeri Akif Qurbanovla bağlı qərar hələ ki açıqlanmayıb. 

Vəkillər qərarın bazar ertəsi açıqlanacağını ehtimal edirlər. 

Onların sözlərinə görə, qərar digər fəalların qərarı ilə eyni olacaq. 

Martın 14-də Bakı Apelyasiya Məhkəməsi Demokratik Təşəbbüslər İnstitutunun üzvü Ramil Babayevin həbsindən verilmiş şikayəti də təmin etməyib.

Vəkil Ayşə Abdel Qadir belə deyib.

Onun sözlərinə görə, gənc özünü təqsirli bilmir.

Vəkil qeyd edib ki, Babayev Turizm və Menecment Universitetini ən yüksək balla bitirib və hazırda Azərbaycan Elmlər Akademiyasının doktorantıdır.

Bu gün məhkəmə Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlini də azad etməyib. 

Adıçəkilən bütün şəxslər 6-8 mart tarixlərində qaçaqmalçılıq ittihamı ilə saxlanılıblar, lakin onlar ittihamı qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.