“III Respublika” Platforması həbslərlə bağlı bəyanat yayıb

“III Respublika” Platforması həbslərlə bağlı bəyanat yayıb

10-03-2024 01:59 / Bu xəbər 828 dəfə oxundu

Təşkilat cəmiyyəti baş verənlərə biganə qalmamağa çağırıb

"III Respublika” Platforması bəyanat yayıb.

Bəyanatda deyilir ki, martın 6 və 7-də Toplum TV əməkdaşları və təsisçisinin, həmçinin "III Respublika” Platformasının üzvlərinin həbsi Azərbaycanda sivil toplum müqavimətini tam məhv etməyə yönəlib.

Qaçaqmalçılıq ittihamı ilə həbs də məhz buna yönəlib:

"Həmin pulların elə axtaranlar tərəfindən qoyulduğuna şübhə etməməklə yanaşı, onu da bildirmək istəyirik ki, evdə xarici valyuta saxlamaq cinayət təqibi üçün, xüsusən də "qaçaqmalçılıq” ittihamı üçün əsas ola bilməz. Şübhə yoxdur ki, baş verənlər Azərbaycanda sivil toplumun müqavimətini tam məhv etməyə yönəlib”.

"Həbslərdən dərhal sonra Toplum TV-nin "Youtube” və "İnstagram” hesablarının ələ keçirilərək videoların silinməsi də sübut edir ki, repressiyaların səbəbi heç də qaçaqmalçılıq deyil”, – bəyanatda deyilir.

Bildirilir ki, son repressiya dalğasının əsas hədəflərindən biri də "III Respublika” Platformasıdır:

"Diktaturanın özünü ən güclü hesab etdiyi bir dönəmdə yeni bir müxalif təşkilatın yaranması və ortaya olduqca mütərəqqi hədəflər qoyması cəmiyyətdə ümid yaratdı. Bu da rejimin məqsədləri və cəmiyyəti sürüdüyü istiqamətlə tam əkslik təşkil edir. "III Respublika” Platforması jurnalistikanın və siyasi fəaliyyətin cinayət olmadığını, birləşmək, söz və ifadə azadlığının ölkə Konstitusiyasında və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq konvensiyalarda təsbit olunduğunu bildirir, son günlər baş verənləri qanunsuz repressiya aktı kimi qiymətləndirir”.

"III Respublika” Platforması cəmiyyəti baş verənlərə və öz taleyinə biganə qalmamağa çağırıb: "Həmçinin beynəlxalq birliyi də Azərbaycanda baş alıb gedən qanunsuzluqlara, insan hüquq və azadlıqlarının tapdanmasına əməli reaksiya verməyə çağırırıq”.

Nə baş verib?

Martın 6-da polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

"III Respublika" Platformasının ofisdən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

"III Respublika" Platformasının spikeri Akif Qurbanova, Toplum TV-nin əməkdaşları - Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan Toplum TV-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.

Hüquqşünas, "Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb.

"III Respublika” Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.

Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı Nəsimi Məmmədli evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Axtarış zamanı "III Respublika" Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul "tapılıb”.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "Abzas Media”, "Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.

Fransa Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlığını ifadə edib.