İki kəndin oxşar sosial problemləri

İki kəndin oxşar sosial problemləri

19-05-2022 00:55 / Bu xəbər 3113 dəfə oxundu

Astaranın mərkəzindən bir neçə kilometr uzaqda yaşayan kəndlilər qaz, yol problemi yaşayırlar

"5-6 il əvvəl Tüləgüvana qaz xətti çəkdilər, ancaq yenə də odun sobası yandırırıq. Yolumuz da yoxdur, bir az yağış yağan kimi kəndə get-gəl kəsilir”.

Astaranın Tüləgüvan kəndinin qaz və yol problemi var. Bu barədə Meydan TV-yə kəndin sakinləri gileylənib.

"Yolsuzluq əngəllər yaradır”

Tüləgüvan – Astaranın mərkəzindən vur-tut 6 kilometr aralıda yerləşir. Kijəbə qəsəbəsinin inzibati dairəsinə aiddir. Əsas məşğuliyyəti sitrusçuluq olan əhalinin sayı 1500 nəfəri ötür. Ancaq bəzi sosial problemlər sakinlərə əngəllər yaradır.

İradə İsmayılova: "Yetişdirdiyimiz meyvələri yolsuzluq üzündən vaxtında bazarlara apara bilmirik. Bəzən bu səbəbdən tonlarla meyvə xarab olur. Kənddə heyvandarlıqla, arıçılıqla məşğul olanlar da var. Eyni problemlər səbəbindən onlar da öz təsərrüfatlarını inkişiaf etdirə bilmirlər. Azca yağış yağanda hər yer palçığa bürünür, kəndə get-gəl olmur, uşaqların məktəbə davamiyyəti pozulur”.

"Qaz xətti ola-ola odun sobası yandırırıq”

Qaz xətti kəndin giriş tərəfindən keçib digər kəndlərə gedir. Sakinlər deyir ki, həmin xətdən kənddəki evlərə qazın çəkilməsi üçün imkanları yoxdur: "Ana xətt bizdən yuxarı kəndlərə qədər uzanır. Qaz xətti gözümüzün önündə ola-ola həyətimizdəki ağacları qırıb yandırırıq. Deyirlər, kəndin yaxınılığına qədər gətirmişik, burdan o tərəfə özünüz çəkin”.


Tüləgüvan kəndi. 
Foto: Meydan TV

Astara Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, 2015-ci ilin noyabrında dağlıq ərazidə yerləşən Tüləgüvanda qaz xəttinin açılışı olub. Həmin qaz xəttindən yaşayış evlərinə xətlərin çəkilməsi üçünsə vətəndaşlar podratçı şirkətlərlə müqavilə bağlamalıdılar. 

Həmin şirkətlərə ödənişlərin "Azəriqaz” ASC-yə aidiyyəti yoxdur. 

Yol probleminə gəlincə isə, qurumdan bildirilib ki, təxminən 3 il əvvəl Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolu əsaslı təmir olunub. 

Kənddaxili yollarısa yerli bələdiyyələr həyata keçirir, sakinlər bələdiyyəyə müraciət etməlidir.

Evlərə getməyə yol yoxdur

Lənkəranın Göyşaban kənd sakinləri də yolsuzluqdan şikayətçidir. Sakin Zülfiyyə Qasımovanın sözlərinə görə, bir neçə ailə 15 ildən çoxdur ki, Göyşaban kənd bələdiyyəsindən ərazidə torpaq alaraq ev tikib. Ancaq indi o evlərə yetişmək üçün yol yoxdur. 

Demələrinə görə, torpaq sahələri satılarkən ərazidə yol və digər problemlərin tezliklə həll olunacağı vəd edilib. İllər keçsə də, problemlər həllini tapmayıb: "Onsuz da çətinlik çəkirdik, üstəlik, sakinlərdən biri istifadə etdiyimiz yeganə yolu beton plitələrlə bağlayıb. Evimizdən çıxıb beton plitələrin üstündən hoppanaraq gedib-gəlirik. Maşınla əraziyə yaxınlaşa bilmirik, maşınlarımız beton plitələrin o tayında qalıb”.


Tüləgüvan kəndi. 
Foto: Meydan TV

Yolu bağladığı bildirilən sakinsə Cavid Ağayevdir. Deyir, elə o da nə edibsə, yolsuzluq üzündən edib: "Torpaq alıb ev tikmişik, yolumuz yoxdur, mən də məcbur oldum ki, evimizə gedib-gəlmək üçün kanalın üzərindən müvəqqəti kiçik yol salım. 100 maşınadək qum, çınqıl alıb tökmüşəm. Mal-qara keçəndə o körpü də dağılmasın deyə beton plitələrdən möhkəmləndirmə işi görmüşəm. Bələdiyyə yol problemini həll etsin, biz də normal yoldan istifadə edək, o plitələri də söküb ataq”.

Sakinlər kənd bələdiyyəsindən yolun abadlaşdırılmasını istəyirlər.

Göyşoba kənd bələdiyyəsinin sədri Abdulla Fəttayev Meydan TV-yə bildirib ki, bələdiyyənin büdcəsində vəsait olan kimi ilk növbədə həmin ərazinin yolu abadlaşdırılacaq.