İki od arasında: ifrat populizmdən ifrat təslimçiliyə...

İki od arasında: ifrat populizmdən ifrat təslimçiliyə...

29-05-2020 01:36 / Bu xəbər 3985 dəfə oxundu

Şəmşad Ağa

Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" əsərinin adı, bəli, məhz adı Azərbaycanın gerçək və təlatümlü coğrafi şəraitinin təsviri idi. Ona görə də çap etdirə bilməmişdi. Sonralar - 1960-cı ildə professor Əkbər Ağayev əsərin adını dəyişərək "Qan içində” adı ilə çap etdirdi. Tam olmasa da, bu adı ədəbi mistifikasiya (bilərəkdən aldatmaq) saymaq olar. Əsəri detallı şərh etmək istəmirəm, amma həmişə düşünmüşəm ki, Azərbaycanın gerçək taleyi üç əsərdə emosional bədii çalarlarla əksini tapıb: "İki od arasında", "Əli və Nino", bir də "Anamın kitabı". 

"Anamın kitabı"

Azərbaycan bütövlükdə "Anamın kitabı"dır. Elə sosial şəbəkələrə baxsaq, personajlar da dəyişməyib: biri Rüstəm bəydir (Rusiyameyilli - uçitel), biri Səməd Vahiddir (Osmanlı - Türkiyəmeyilli), digəri Mirzə Məhəmmədəli (İranmeyilli - molla). 

Biri ölkəni Rusiyaya, biri Türkiyəyə, biri İrana çəkir. Uzun illərdir belədir. Nə qədər ağır olsa da, deyim: biri Rusiyanın uşağıdır, biri Türkiyənin, biri də İranın... 
 
Azərbaycan isə prototip olaraq övladları pərən-pərən düşmüş Zəhrabəyim anadır... 

Bu şərti ayırmaları toplum və tam halına gətirəndə, yəni hər kəs "Zəhrabəyim ananın uşağı" olanda, kənardan xilaskar axtarmayanda mütləq həqiqət parıldayacaq və Azərbaycan öz gerçək cümhuriyyətinə qovuşacaq. 

Cümhuriyyəti quranların bizdən üstünlüyü onda idi ki, onların içərisində də müxtəlif mədəniyyətlərə baş vuranlar, müxtəlif ölkələrdə təhsil alanlar olmuşdu, amma və lakin onlar bütün yanaşma və təsirlərin fövqündə duran bir düşüncədə oldular: "Azərbaycanın uşağı" olmaq… 

Nəticədə dünyaya yeni bir Şərq ölkəsi doğdu, həm də hələ də feodalizmdən tam ayrıla bilməyən üç imperiyanın buynuzlaşdığı bir ərazidə, yəni iki odun arasında... 

Azərbaycan Cümhuriyyəti zamanın axarı ilə deyil, axarına qarşı fırlanan çarx idi, "yoxdan var olmaq" budur. Hətta Əhməd bəy Ağaoğlu kimi fikir adamları belə zamanın əksinə dönən bu çarxı geri, həm də Azərbaycanı xilafətin əbasına bürünmüş bir imperiyanın vassalına çevirə bilmədilər. Necə ki Nərimanov başda olmaqla (hətta Əliyevlər də) böyük bir şəbəkə cümhuriyyət düşüncəsini beyinlərdən silməyi bacarmadı... 

Bilənlər bilir, bilməyənlərə də izah edim  ki, Cümhuriyyət ərəbin "cəmahiriyyə" sözündəndir, mənası "xalqın, kütlənin respublikası, dövləti" deməkdir. 

Azərbaycan Cümhuriyyəti isə xalqın xəbəri olmadan məhz xalq üçün yaradılmış bir dövlət idi... 

"Əli və Nino"

İllər öncə bu əsərin Yusif Vəzirə və ya Məhəmməd Əsəd bəyə (Qurban Səid) məxsus olması barədə dartışmalar gedəndə səhv etmirəmsə, "Paralel” qəzetində yazmışdım ki, bu əsərin kimə aid olduğu o qədər də önəmli deyil. Önəmli olan Ninonun qucağındakı körpə qızcığazın taleyidir. Oxuyanlar bilir ki, Əli xan Şirvanşir bolşevik istilasına qarşı vuruşmada həlak oldu, Nino ölkəsinə (Gürcüstan) döndü, qucağında da yetim bir qız uşağı... 

Əli Şərqin, Nino Qərbin təmsilçisi idi, Şərqlə Qərbin izdivacından, inteqrasiyasından bir ölkə doğulmuşdu, Cümhuriyyətin avrointeqrasiya mesajı da bu idi. Buna qədər Nərimanov "Bahadır və Sona" əsərində müsəlman oğlan və xristian qızın timsalında (oxu: mədəniyyəti), Cavid "Azər" poemasında Şərqlə Qərbin sintezinə bədii çalar qatmağa cəhdlər etmişdi, amma uğurlu alınmamışdı…

Bəli, "Əli və Nino"nun izdivacından bir qız doğuldu, Əli öldü (oxu: cümhuriyyət devrildi), Nino evindən didərgin düşdü, körpəsi də sahibsiz, yetim qaldı, amma artıq daş yerinə oturmuş, bünövrə qoyulmuşdu. İki mədəniyyətin izdivacından doğulan bu körpə məhz Azərbaycan Cümhuriyyəti idi…

"İki od arasında"

"İki od arasında" isə imperiyaların (əsasən də, Rusiya və İran) ortasında, odun, alovun içində qalan bir məmləkətin gerçək tarixidir. Sonrakı nəticə də bəlli. Orada Qarabağ xanlığı isə Azərbaycanın ümumiləşmiş obrazıdır... 

Azərbaycan Cümhuriyyəti devrilsə də, özündən sonra "İki od arasında"kı coğrafiyada dərin bir iz buraxdı. Amma bu tarixi gerçəkliklərdən nəticə çıxara bilmədik, əsasən də 1991-ci ildə İkinci Respublika qurulanda qurucu babaları örnəyə çevirə bilmədik, fərqinə varmadıq ki, dünyanın azman bir imperiyası dağılsa da, hələ də "İki od"un ortasında, tüstü və duman içərisində, həm də yol ayrıcındayıq…

Örnəyi Rəsulzadənin "Stalinlə ixtilal xatirləri"ndə bir dialoqda əskini tapıb. Stalin deyir: "Siz kiçik bir məmləkətsiniz, öz başınıza müstəqil olaraq özünüzü idarə edə bilməzdiniz, başqa böyük bir dövlətlə necə də olsa, anlaşmanız lazım idi”. 

Rəsulzadə cavab verir: "Bu təqdirdə biz yenə böyük qonşumuz olan sizinlə anlaşardıq, fəqət Nərimanın anlaşdığı tərzdə yox".

İkinci Respublikanın məğlubiyyəti məhz bu tarixi gerçəkliklərdən - "qonşuluq siyasəti”ndən nəticə çıxarmamaqda idi. Rusiyanı vilayətlərə parçalamaq, Təbrizi Azərbaycanın paytaxtı elan etmək, Çinə nota (rəsmi prosedur olaraq nəzərdə tutmuram. Çin sərhədlərinə bayraq sancmaq kimi iddialar və s) vermək, qonşuları düşmən elan etmək və s… 

Vəziyyət o qədər absurd teatra çevrilmişdi ki, ölkənin siyasi idarə etməsi və xarici siyasəti pafos üzərində qurulmuşdu. Müzakirələr isə daha çox belə sonuclanırdı və indi də belədir: "Lider, başqan, sədr, bəy, müəllim nəsə bilir, onun mütləq bir bildiyi vardır və s”.
 
Təsəvvür edin ki, Gəncəyə gedə bilməyənlər Turan qururdular. Nəticədə qonşular əlbir olub "pafos hakimiyyəti”ni, ultravətənpərvəliyi yıxdılar, yerində 30 ildir davam edən monarxiya quruldu. 

Monarxiya isə daha ağrılı və dəhşətli oldu, atadan oğula ötürüldü, öz hakimiyyətini qorumaq üçün qonşularla təslimçi münasibətə getdi, bir sözlə, ultravətənpərvəlik ultratəslimçiliklə əvəzləndi. 
 
Populist ultramillətçilik isə monarxiyadan qorunmaq və alver predimeti oldu: "Öz ölkəmin diktatoru, başqa ölkənin demokratından yaxşıdır…” 

Beləliklə, yenə də Əli öldü, Nino və körpəsi sahibsiz qaldı. Ara yerdə psevdovətənpərvərlər çoxalıb əhkam kəsməyə başladılar... 

Amma ümidsiz olmayın, III Respublika mütləq qurulacaq, ola bilər ki, biz onu görmədik, amma qurulacaq və insan hüquqları uğrunda mübarizə aparan hər bir şəxsin, ləyaqətlə yaşamağı haqq edən hər bir fərdin, hər bir etnosun - türkün, talışın, ləzginin, kürdün, lahıcın, tatın, avarın, rusun, yəhudinin, hətta Azərbaycanın vətəndaşlığını qəbul edən erməninin belə Cümhuriyyəti olacaq, - buna şübhə etməyiniz, vətəndaşlar…  
 
Respublika gününüz mübarək!