İlahi möcüzə və fədakarlıq…

İlahi möcüzə və fədakarlıq…

20-08-2017 14:51 / Bu xəbər 1303 dəfə oxundu

Oqtay Gülalıyev 
Hüquq müdafiəçisi

Sıxıntılı avqust günlərində bir şad xəbəri sizlərlə paylaşmaq istərdim. 

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü, bölgə fəalı Lazım Umudovun oğlu İlkin keçirdiyi avto-qəza nəticəsində düşdüyü ağır koma vəziyyətindən bir ay sonra özünə gəlib. Huşu, yaddaşı geri qayıdıb. Zəif də olsa danışa və yemək yeyə bilir, yaxınlarını tanıyır.
Bu, ilahi möcüzədir. 

İnsan aldığı ağır kəllə- beyin tramasından sonra 1 aydan çox koma vəziyyətində qalır. Bütün xarici aləmdən təcrid olur. Ona süni hava verilir. Bir neçə dəfə kliniki ölüm keçirir. Ailəsinin, yaxınlarının, hətta həkimlərin ümidi belə daralır. 

Amma deyir: "Allahdan ümid kəsilməz”. İlahi möcüzə baş verir və İlkin koma vəziyyətindən ayılıb özünə gəlir. Allahdan ümidlərini üzməyən Umudovlar ailəsinə İlkin komadan ayılan gün ikinci xoşbəxtlik nəsib olur. İlkin ata olur, özü də sapsağlam, gümrah oğul- əsgər atası. Bəlkə də, Tanrı bu ailəni çəkdiyi sınaqdan təmkinlə, dözümlə çıxdığına, heç zaman Allahdan ümidlərini üzmədiklərinə görə onlara iki övlad qismət etməklə mükafatlandırır.

Azərbaycan səhiyyəsinin ümumi durumu barədə əksərimizin fikri mənfi olsa da ayrı- ayrı həkimlərimizin bilik və bacarığını, fədakarlığını xüsusi qeyd etmək lazımdır. Ilkin 1 aydan sonra komadan ayılmasını ilahi möcüzə ilə yanaşı həkimlərin həm də fədəkarlığının nəticəsi hesab etmək olar. Mən İlkinə baş çəkmək üçün Sabunçu rayon xəstəxanasına gedirdim. Həkimləri ilə görüşürdüm. Onların İlkin üçün necə fədakarlıq etdiklərinin, əllərindən gələni əsirgəmədiklərinin həm canlı şahidi olurdum, həm də atasından eşidirdim. Bu da nəticəsi…

İlkinin atası Lazım Umudov bizdən xahiş edib ki, oğlunun yenidən həyata qayıtmasında göstərdikləri fədəkarlığa, təmanassız dəstəyə görə 3 saylı Sabunçu rayon xəstəxanasının həkimləri nevro-cərrah Anar Abbasova, şöbə rəisi Namiq Dəmirçiyevə, baş həkim Fikrət Zeynalova, Ağciyər xəstəlikləri institunun əməkdaşı Barat Bayramova, tanınmış cərrah Çərkəz Cəfərova təşəkkürünü çatdıraq. 

Amma eyni zamanda o, narahatlığını da bildirir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq Saatlı rayon polis şöbəsi baş vermiş avto- qəza ilə bağlı obyektiv araşdırma aparmır, ədalətli mövqe tutmur. İşin ört- basdır edilməsinə, cinayətin gizlədilməsinə çalışırlar.

Təbii ki, əsas məsələ İlkinin həyata qayıtması, müalicəsini uğurla başa çatdırıb sapsağlam doğmalarının yanına geri dönməsidir. Amma yol hərəkəti qaydalarının pozulmasında, ağır yol-qəza hadisəsinin baş verməsində günahkar olan şəxslərin də məsuliyyətə cəlb olunması əsas şərtlərdən biridir ki, ən azından belə hadisələr təkrarlanmasın. Bu iş isə aidiyyatı üzrə hüquq-mühafizə orqanlarının üzərinə düşür.