İlahiyyatçı Ruhullah Novruzzadə həbs olunub

İlahiyyatçı Ruhullah Novruzzadə həbs olunub

31-01-2023 20:28 / Bu xəbər 1280 dəfə oxundu

Ona və Azad Kərimova narkotik ittihamı verildiyi bildirilir

"Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin həbs olunduğu bildirilir. 

Yaxınları Meydan TV-yə bildirib ki, Ruhulla Novruzzadənin saxlanma səbəbləri haqda onlara dəqiq məlumat verilməsə də, ona qarşı narkotik ittihamı irəli sürüldüyü deyilib:

"Əlbəttə ki, bu ittiham absurddur, gülüncdür. Ruhullah Novruzzadə hara, narkotik hara?! Onun rəhbərlik etdiyi mərkəz yüksək əxlaqi, insani dəyərlərin təbliği ilə məşğuldur. Özü də insanları pis işlərdən çəkindirməyə çalışır. Onsuz da kimi şərləyib tuturlarsa, narkotik ittihamı verirlər. Bu, aydın məsələdir. Amma niyə tutublar, ondan nə istəyirlər, bunu da bilmirik”.

Ruhullah Novruzzadə 2011-ci ildə qanunsuz silah saxlama, iğtişaş yaratmaya cəhd və s. ittihamlarla həbs olunub, 11 il azadlıqdan məhrum edilmiş ilahiyyatçı Abgül Süleymanovun qaynıdır. 

Abgül Süleymanov 2022-ci ilin sentyabrında azadlığa buraxılıb.

Ruhulla Novruzzadə Qum Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. 

O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olmuşdu ki, ölkəyə girişinə qadağa qoyulub. 

Bundan sonra Ruhulla Novruzzadə məhkəməyə müraciət edərək, qadağanın götürülməsinə nail olmuşdu.

Ruhulla Novruzzadə ilə yanaşı, son günlərdə də daha bir inanclı fəalın da narkotik ittihamıyla həbs olunduğu bildirilir. 

Müsəlman Birliyi Hərəkatından Meydan TV-yə verilən məlumata görə, təşkilatın üzvü Azad Kərimovu yanvarın 30-da polislər yaşadığı evdən Nəsimi Rayon Polis İdarəsinə aparıb: "Ailəsinin dediyinə görə, polislər təxminən saat 13.30 radələrində gəliblər. Heç bir səbəb də göstərməyiblər. Sonra Azad Kərimov evlə əlaqə saxlayıb, deyib ki, onu həbs qərarı almaq üçün məhkəməyə aparacaqlar. Ailəsi səbəbi soruşub. Deyib ki, narkotik ittihamı veriblər ona. Azadı tanıyanlar bilir ki, bu böhtan ona yapışan deyil. Günahsız insanları bu cür böhtanlarla həbsə göndərmək adətlərindən nə vaxt əl çəkəcəklər, bu maraqlıdır. Aydın məsələdir ki, Azad Kərimovun həbsinin bir səbəbi var – Müsəlman Birliyi Hərəkatının üzvü olması. Onun heç bir qanunazidd hərəkəti yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti İran casusu əməliyyatı apardığını deyib.

Nazirlik bildirib ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və digər bölgələrdə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

"Onların arasında A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdovun adları keçir”.