İlahiyyatçıya 17 il həbs cəzası verildi

İlahiyyatçıya 17 il həbs cəzası verildi

28-09-2023 14:17 / Bu xəbər 735 dəfə oxundu

Sərdar Babayev dövlətə xəyanət ittihamını qəbul etmir

Dövlətə xəyanət ittihamıyla həbsdə olan ilahiyyatçı Sərdar Babayevin təxminən 6 aydır davam edən məhkəməsi yekunlaşıb. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmə əsasən, Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirli bilinib və 17 il azadlıqdan məhrum edilib.

Sərdar Babayev İranın xüsusi xidmət orqanıyla əməkdaşlıqda, onlardan pul alıb göstərişlərini yerinə yetirməkdə ittiham olunur.

Lakin Sərdar Babayev bu ittihamı qəbul etmir. O bildirib ki, dövlətə xəyanət ittihamı əsassızdır. Sifarişlə həbs olunduğunu vurğulayan ilahiyyatçının sözlərinə görə, İranla Azərbaycan arasında siyasi münasibətlərin gərginləşməsi fonunda onu da qurban seçərək cəzalandırırlar.

Sərdar Babayevin işi üzrə məhkəmə araşdırmaları 2023-cü ilin martında başlayıb. Əvvəlcə məhkəmənin açıq keçirilməsinə qərar verilsə də, sonra qapalı elan olunub.

Açıq keçirilən hissədə vəkili Cavad Cavadov onun haqqında cinayət işinin əsassız olduğunu, ittihamları təsdiqləyən heç bir mötəbər sübut olmadığını vurğulayıb, bu işə xitam verilməsi barədə vəsatət qaldırmışdı. Lakin məhkəmə vəsatəti təmin etməmişdi.

1974-cü il təvəllüdlü Sərdar Babayev bundan əvvəl 2017-ci ilin fevralında da həbs olunmuş, Cinayət Məcəlləsinin 168-1.3.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Üstəlik, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricdə dini təhsil alıb. Bundan başqa, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Dövlətə xəyanət ittihamına gəlincə, Sərdar Babayev 2021-ci il oktyabrın 19-dan bu ittihamla həbsdədir.