İlham Əliyev: "3 ilə Laçın şəhəri Azərbaycana qaytarılacaq"

İlham Əliyev:

01-12-2020 15:03 / Bu xəbər 742 dəfə oxundu

"Artıq "Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb"

"Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də xalqa müraciətində səsləndirib.

Dövlət başçısı deyib ki, Laçın rayonu işğal olunanda orada təqribən 50 mindən bir qədər çox əhali yaşayıb: "İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq. Hazırda ilk layihələr artıq icra edilir. Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılıb, Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq başlanıb”.

"Dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib”

İlham Əliyev rayonun strateji əhəmiyyətindən də danışıb: "Bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

"Laçında 10 minə yaxın insan yaşayırdı”

Əvvəlki illərdə aparılan danışıqlara toxunan ölkə başçısı bildirib ki, Ermənistan tərəfi bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsini istəyirdi:

"Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox. Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər, onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı. Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də, 10 minə yaxın insan yaşayırdı. Yəni Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmayıb. Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər. 17 ildə dəfələrlə bizə müxtəlif yerlərdən, xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın, bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız, Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, - qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt da o rayonların bir hissəsi sizə qayıda bilər. Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı”.

"Razılaşmanı pozmaq istəyənlər var”

İlham Əliyevin sözlərinə görə, üçtərəfli Bəyanata kimsə müdaxilə etmək istəsə, Azərbaycanın sərt mövqeyini görəcək: "Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir. Bir daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq, düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun”.

Dövlət başçısı bildirib ki, Azərbaycannın təqribən 5 min kvadrat kilometrə yaxın ərazisi döyüş meydanında azad edilib: "Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadrat kilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı”.

"Laçın işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi”

Əliyev Laçın rayonunun işğal altına düşməsini "böyük faciə” adlandırıb: "Mən bir daha demək istəyirəm ki, hər bir rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi. Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il sonra Kəlbəcər rayonu işğal altına düşdü. Demək olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı, Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq”.

"Dağlıq Qarabağda yaşayan ermənilər və azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar”

Prezidentin qənaətincə, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur: "Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər ki, Dağlıq Qarabağ "müstəqil dövlət”dir. Gah deyirdilər ki, "Dağlıq Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi savadsız, siyasətdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu, müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu, müstəqil dövlətdirsə, - hansı ki heç kim tanımayıb, elə birinci Ermənistan tanımayıb, - o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistanın Baş nazirinin sözləri ilə desək, "Ermənistandır və nöqtə”. Ona görə onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi”.

"Fransa parlamentinin bizim məsələ ilə əlaqədar nə işi var?”

İlham Əliyev bildirib ki, o, hakimiyyətə gələndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidləri olub: "Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşğal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz müqəddəratı prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi. Amma son illər mənim də, necə ki, Azərbaycan xalqının əksər hissəsinin bütün ümidləri artıq tükənmişdi. Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra daha baş qaldırmasın. Bu müharibə bizim şanlı Qələbəmizdir. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir daha demək istəyirəm ki, artıq "Dağlıq Qarabağ münaqişəsi” termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar”.

"Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq”

Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın detalları haqqında danışan İlham Əliyev deyib ki, sənəd 9 yox, 10 noyabrda imzalanıb: "Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir. Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmayıb. İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılır. Bu, təmin edildi. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi. Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmayıb. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb. Sonra altıncı bənddə göstərilir ki, Ermənistan 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib: 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi. Yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır. Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların”.

"Bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər"

Doqquzuncu bəndin bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpa edilməsini əhatə etdiyini deyən Əliyev bildirib ki, Ermənistan vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir:

"Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salındı. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni bu dəhliz tam təhlükəsiz olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar”.

"Sən, Ermənistan, pul qazana bilərdin...”

Ölkə başçısı bildirib ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Horadiz-Zəngilan dəmir yolunun ilkin hesablamalarının aparılması göstərişi verib:

"Rusiyanın nümayəndə heyətinin Azərbaycana etdiyi səfər çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur, 100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun? Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib, iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta qədər bütün lazımi tədbirləri gördük. Nəqliyyat, energetika, iqtisadi əməkdaşlıq – bütün layihələri başa çatdırdıq. Dekabrın sonunda Cənub Qaz Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP istifadəyə verilir. Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim, – müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyatdır. Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin, TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”.

Mənbə: Meydan.Tv