İlham Əliyev: "Açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza..."

İlham Əliyev:

07-01-2021 15:03 / Bu xəbər 823 dəfə oxundu

Azərbaycan Prezidenti: "Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir"

"Heç bir xarici vətəndaş Azərbaycanın icazəsi olmadan Qarabağa gedə bilməz. Heç bir beynəlxalq təşkilat - ancaq Qırmızı Xaç istisna olmaqla - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da ötən ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

"Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən?”

Dövlət başçısı Ermənistanın xarici işlər nazirinin Xankəndiyə getməsinə də reaksiya verib: "Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır. Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli "səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində”.

"Biz buna, necə deyərlər, göz yumuruq...”

İlham Əliyev deyib ki, sülhməramlı qüvvələrin orada funksiyası var: "Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik. Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. Biz digər addımlar atdıq ki, orada humanitar işlər getsin. Yenə də deyirəm, noyabrın 10-da imzalanmış sənəddə bu, yoxdur. Amma biz yenə də imkan veririk. Bu, bizim ürəyimizin nə qədər geniş olmasını göstərir. Hesab edirəm ki, noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb”.

"Diversiya ilə məşğul olanlar hərbi əsir sayıla bilməz”

İlham Əliyevin Ermənistanla sərhədlərin demarkasiyasına da toxunub: "Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər. Onlar Kəlbəcəri işğal edəndə bizə vaxt vermədilər. Bizim vətəndaşlar oradan ayaqyalın Murov aşırımından, Ömər aşırımından keçərək çıxdılar. Bir çoxları da yolda donub həlak oldular. Onlar bizə vaxt verdilər? Onlar mülki əhaliyə qarşı soyqırımı törətmişlər, Xocalı soyqırımı, digər hərbi cinayətlər. Biz isə bizim azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz. Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”.

"Dialoqda iştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm”

İlham Əliyev müharibə zamanı partiyaların hakimiyyətin müsbət cavab verməsindən danışıb: "Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır. Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik ediblər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Baş verənlər orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır”.

"Bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı”

İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizəyə başlanıldığını deyib: "Hesab edirəm ki, o da sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi və bəzi hallarda düzgün məlumat mənə çatdırılmırdı. Müvafiq qurumlar korrupsiyaya və rüşvətxorluğa qarşı kifayət qədər ciddi mübarizə aparmırdılar, bəzi hallarda cinayətlərə göz yumurdular. Bütün bunlar həqiqətdir. Kadr islahatları artıq buna da son qoyub. Bu gün heç kim, cinayət törətmiş insan vəzifəsindən asılı olmayaraq məsuliyyətdən boyun qaçıra bilməz. Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Bunu hər kəs bilməlidir”.

"Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək”

Ölkə başçısı koronavirusun bir sınaq olduğunu və Azərbaycan bu sınaqdan şərəflə çıxdığını söyləyib: "Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”.

"Xatirə kompleksi həmin yerlərdə olmalıdır ki...”

Prezident Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmasına toxunaraq bildirib ki, həmin evlər yenidən tikilməlidir: "Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Artıq orada təmizləmə işlərinə də start verməliyik. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. Xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik”.

Dövlət başçısı azad olunmuş ərazilərdə minaların təmizlənməsinə 560 nəfərin cəlb olunmasından narazılığını ifadə edib: "Bu tərkiblə biz istədiyimizə nail ola bilmərik. Yeni yaradılacaq bu qurum ən müasir texnika ilə təchiz edilməlidir. Dövlət İnvestisiya Proqramında bunu mütləq nəzərə alın ki, biz bu məsələyə çox vaxt itirməyək. İndi bəzi rəqəmlər səslənir, bəzi bəyanatlar verilir. Hesab edirəm ki, bu bəyanatlar yersizdir. İndi oturub bunu hesablamaq ki, biz bu torpaqları neçə ilə minalardan azad edəcəyik, sadəcə olaraq, məsuliyyətsizlikdir. Heç kim deyə bilməz. Burada hər hansı bir meyar, yaxud da ki, əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri də bizə verməyib. Biz nə qədər tələb etmişik, o minaların xəritəsi olmalıdır və onlar bizə verilmir. Ona görə indi biz gərək öz işimizi prioritetlər əsasında quraq, əslində, qurmuşuq. Eyni zamanda, mən göstəriş vermişəm ki, Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılsın. Dünən müdafiə naziri mənə məlumat vermişdir ki, bu sahədə işlər gedir. Eyni zamanda, Türkiyədən bildiyiniz kimi, 130 nəfərdən ibarət böyük heyət gəlmişdir. Onlar həm təlimatçı kimi bizim istehkamçılar üçün treninq keçirirlər, eyni zamanda, özləri də təmizləmə işləri ilə məşğuldurlar. İki gün bundan əvvəl Rusiyadan bir qrup istehkamçı gəlib və artıq onlar da bu fəaliyyətə başlayıblar”.

"1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılıb”

İlham Əliyev azad olunmuş rayonların kəndlərinin bərpası ilə bağlı vahid yanaşmanın vacib olmasını bildirib: "Çünki işğaldan əvvəl bəzi kəndlərdə yaşayan insanların sayı çox az idi, təqribən 20 nəfər, 30 nəfər, 50 nəfər. Əlbəttə, ilk növbədə, biz böyük yaşayış məntəqələrinin bərpası ilə məşğul olmalıyıq. Aidiyyəti qurumlar, hökumət, Prezident Administrasiyası kəndlərin optimal say tərkibini müəyyən etməlidir. Yəni bizim üçün bir oriyentir olmalıdır. Əlbəttə ki, bu tarixi yaşayış məntəqələrinin mövcudluğu, torpaq sahələri nəzərə alınmalıdır ki, orada məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin etsinlər. Yəni, onlar daha dövlət dəstəyinə möhtac qalmasınlar. Onlar üçün elə torpaq sahələri ayrılmalıdır ki, orada rahat əkib-becərə bilsinlər və yaxşı da gəlir götürsünlər. Nəzərə alsaq ki, bu torpaqlarda torpaq islahatı aparılmayıb, bu islahatı aparmaq üçün biz, əlbəttə, yeni meyarlar işləməliyik. Çünki 1990-cı illərdə torpaq islahatı bəzi hallarda natamam aparılıb və ondan sonra bəzi problemlər üzə çıxıb. Torpaq sahələri düzgün qeydiyyata alınmayıb. Ona görə biz indi belə bir vəziyyətlə üzləşdik. Peykdən əldə edilən məlumat yerlərdə olan məlumatla uzlaşmır. Ona görə indi Kənd Təsərrüfatı Nazirliyi bu problemin həlli ilə məşğuldur. Amma azad edilmiş torpaqlarda bu səhvlərə, əlbəttə ki, yol verilə bilməz. Ona görə dəqiq bilməliyik ki, hansı torpaqlar dövlət torpaq fonduna veriləcək, hansı torpaqlar meşə fonduna veriləcək”.

"Köçkünlər üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır"

Ölkə başçısı məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə veriləcəyini söyləyib: "Artıq göstəriş verdim ki, "Qaçqınkom"un balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaq”.

"Təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır”

Dövlət başçısı deyib ki, dronlardan da istifadə etməklə hər bir şəhərin, hər bir kəndin sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır: "Bunu biz özümüz aparmalıyıq. Xarici mütəxəssislər, beynəlxalq şirkətlər gələndə artıq bu materiallar onlara təqdim ediləcək. Əlbəttə ki, onlar özləri də sərbəst şəkildə bütün tədqiqatları aparmalıdırlar. Burada, ilk növbədə, tarixi abidələrin məhv edilməsi, dağıdılması öz əksini tapmalıdır - ictimai binaların, dövlət binalarının, müəssisələrin, - o vaxt bütün müəssisələr dövlət mülkiyyətində idi, - fərdi evlərin və çoxmənzilli binaların dağıdılması. Bütün sənədləşmə işləri aparıldıqdan sonra bu əmlakların o vaxtkı qiyməti rubl ekvivalentində çıxarılmalıdır və bunun indiki qiymətləndirilməsi aparılmalıdır. Təzminat davasının başlanması üçün bizdə mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır. Dəymiş ziyana gəldikdə, eyni zamanda, biz itirilmiş gəliri də hesablamalıyıq. Çünki bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik. Orada bir çox müəssisələr və bu müəssisələrin böyük potensialı var idi. Onlar dağıdılıb və biz götürə biləcəyimiz o gəliri götürməmişik. O da hesablanmalıdır. Həmçinin ekologiyamıza vurulan ziyan hesablanmalıdır. Meşələr elə-belə qırılmayıb. Bu meşələr qırılıb və satılıb. Qırılmış o meşələrin, ağacların bazar qiyməti hesablanmalıdır. İndi Ermənistan mətbuatında gedən məlumata görə, o torpaqların böyük hissəsini kriminal rejimin başçıları zəbt etmişdilər. Orada Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyanın böyük torpaq sahələri var idi. Eyni zamanda, qanunsuz rejimə rəhbərlik edənlərin böyük torpaq sahələri var idi. Onlar hər il böyük gəlir əldə edirdilər. Çünki o torpaqlar çox münbitdir və çox məhsuldardır. Eyni zamanda, örüş sahələri, otlaq sahələri. Bütün bunların qanunsuz istismarı gərək qiymətləndirilsin və biz onu pul ekvivalentinə çevirməliyik. Əlbəttə, oradakı təbii sərvətlərin qanunsuz istismarı artıq danılmaz faktdır. Bizdə şirkətlərin adları var. Əgər bizim qızıl və digər yataqlarımızı qanunsuz istismar edən bu şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək. Əgər bu təzminatı ödəməsələr, bütün işlər gedəcək beynəlxalq məhkəmələrə və onlar orada biabır olacaqlar. Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq. Çünki başqa ölkədə təbii sərvətləri qanunsuz istismar edib, ondan gəlir qazanıb varlanan şirkətlərə, insanlara müasir dünyada yer yoxdur. Ona görə onların qarşısında məsələ qoyulub, onların qanunsuz istismar etdikləri qızılın və digər təbii sərvətlərimizin dəyəri hesablanmalıdır, dəymiş ziyan hesablanmalıdır, əldə edilmiş gəlir hesablanmalıdır və bizə qaytarılmalıdır. O təqdirdə biz beynəlxalq məhkəmələrə müraciət etməyə bilərik”.

"Xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar..."

"Giriş sözümün sonunda beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətə də toxunmaq istərdim. Dünya Bankının "Doing Business” hesabatında, - yəqin vətəndaşlar xatırlayırlar, - bir neçə ölkə haqqında məlumatlar qeyri-dəqiq idi. Dünya Bankı bir neçə ay bundan əvvəl bildirmişdi ki, bu ölkələrin reytinqlərinə yenidən baxılacaq, o cümlədən Azərbaycan da bu siyahıda idi. Beləliklə, yenidən baxıldı və bizim reytinqimiz artırıldı. Çünki ondan əvvəl düzgün hesablanmamışdı. Bilmirəm hansı səbəblərə görə, o, başqa məsələdir. Amma yeni reytinqə görə, Dünya Bankının "Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir. Bizim işimizə ağızlarını büzən, iqtisadiyyatdan başı çıxmayan tiplər üçün, ünsürlər üçün, bax, budur əsas. Dünya Bankı bunu deyir. Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən qeyd edilir. Bundan əlavə, Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir. Ona görə deyirəm, dırnaqarası, qondarma iqtisadçılar, xaricdə və burada banlayan dırnaqarası iqtisadçılar, açın gözünüzü baxın və dilinizi qoyun qarnınıza. Yoxsa, yerindən duran bizə dərs deyəcək: "iqtisadiyyat düzgün aparılmır, elədir, belədir”. Gedin, oxuyun, əgər oxuya bilirsinizsə", - İlham Əliyev bildirib.

"Xaricdən avtomobillər, texnika, mebel alırlar, buna son qoyulmalıdır”

Prezident xərclərə nəzarətin gücləndirilməsini vurğulayıb: "Xüsusilə dövlət xətti ilə alınan mallara da çox ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda orada şişirtmələr də olur. Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də, hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər. İkincisi, büdcəmizdə neftin qiyməti 40 dollar götürülüb. Bu, çox konservativ, yəni, mühafizəkar yanaşmadır. Ancaq indi dünya bazarında neftin qiyməti 50 dollardan çoxdur. Əlbəttə, proqnoz vermək çətindir, amma nəzərə alsaq ki, pandemiya, bu il sona çatacaq, - artıq bir çox ölkələrdə peyvəndləmə işləri də gedir, - və beləliklə, iqtisadi fəallıq artacaq, gediş-gəliş artacaq, hava nəqliyyatı və digər sahələr açılacaq, yanacağa daha da böyük tələbat olacaq. Yəni kifayət qədər böyük ehtimal var ki, neftin qiyməti hər halda 50 dollardan aşağı olmayacaq. Bunu nəzərə alsaq, bizdə profisit yarana bilər və siz indidən fikirləşin, bu profisit hansı istiqamətlərə yönəldilə bilər. Ola bilər ki, biz Neft Fondundan transfertləri azaldaq, əgər vəsaitə ehtiyac olmayacaqsa. Əgər ərazilərin bərpası üçün nəzərdə tutulan 2,2 milyard manat vəsait kifayət etməzsə, onda ola bilər bu vəsaitdən, yəni, əgər profisit yaranacaqsa, o istiqamətlərdə də istifadə etmək olar. Hər halda, bunu həyat göstərəcək. Birinci rübün yekunlarına baxdıqda görəcəyik ki, iqtisadiyyat hansı istiqamətdə gedir və ümumiyyətlə, dünyada hansı proseslər gedir”.(Meydan.Tv)