İlham Əliyev: "Azərbaycan İrandan Ermənistana narkotrafik marşrutunu bağlayıb"

İlham Əliyev:

16-10-2021 00:43 / Bu xəbər 380 dəfə oxundu

"Qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırıq"

"Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb".

Bu bəyanatı Azərbaycan Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında səsləndirib.

İlham Əliyev deyib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olan İranla dövlət sərhədinin 130 kilometrlik hissəsinə nəzarəti bərpa edəndən sonra bu addımı atıb:

"Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Ölkə başçısı müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşının minaya düşdüyünü, onların bir çoxunun həlak olduğunu, bir çoxunun isə ciddi xəsarət aldığını deyib.

Əliyev Ermənistanı mina xəritələrini verməməkdə ittiham edib: "Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir".

O, işğaldan azad edilən ərazilərdə otuz il ərzində bütün binaların, tarixi abidələrin məhv edildiyini bildirib: "Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər".

Prezident vurğulayıb ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülərək Ermənistana və İrana satılıb: "Təbiətə də böyük ziyan vurulub. 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”.

Dövlət başçısı Dağlıq Qarabağ müharibəsinin və münaqişənin tarixdə qaldığını bir daha vurğulayıb: "Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara, həmçinin Ermənistanla sülh sazişinə dair müzakirələrə başlamağa da hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək”.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.(Meydan TV)