İlham Əliyev bir icra başçısı və bir rektor təyin etdi

İlham Əliyev bir icra başçısı və bir rektor təyin etdi

04-11-2024 16:44 / Bu xəbər 499 dəfə oxundu

Cabbar Musayev icra başçısı, Yaşar Ömərov rektor oldu

Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə noyabrın 4-də ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

2023-cü ilin noyabrında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov vəzifəsindən azad edilmişdi.


Cabbar Musayev. Foto: icra başçısının şəxsi arxivindən

Yeni icra başçısı Cabbar Musayev 1981-ci ildə anadan olub, Ankarada ali təhsil alıb.

O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

Cabbar Musayev 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib.

2013-2016-cı illərdə Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.

2016-cı ildə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilən Cabbar Musayev 2021-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Noyabrda daha bir təyinat

Bu, noyabr ayında ikinci icra başçısı təyinatıdır. Bundan əvvəl, noyabrın 1-də Prezident Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində Orxan Hüseynzadəni təyin edib. Ona qədər Tofiq İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi, o, avqust ayında azad edilib.

Yeni icra başçısı Orxan Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.


Orxan Hüseynzadə. 
Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytından

O, 2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

 2006-2012-ci illərdə Səhiyyə Nazirliyində, 2012-2018-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışırdı.

Yeni rektor təyinatı

İlham Əliyevin bugünkü digər bir sərəncamı ilə Yaşar Ömərov Texnologiya Universitetinə rektor təyin edilib.

Yaşar Ömərov 1977-ci ildə doğulub.

1999-cu ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin "Biokimya” ixtisasını bitirib.

2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb.


Yaşar Ömərov. Foto: Azərbaycan Texnologiya Universitetinin rəsmi səhifəsindən götürülüb

2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb.

2021-ci ilin iyulundan Y.Ömərov Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.

2022-ci ildə təhsil nazirinin əmri ilə Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib.