İlham Əliyev: "Biz Göyçəyə, İrəvana qayıdacağıq"

İlham Əliyev:

14-07-2021 17:39 / Bu xəbər 2544 dəfə oxundu

"Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var"

"10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq. Mən müharibə dövründə dəfələrlə demişəm ki, biz dayanmağa hazırıq”.

Bu açıqlamanı Azərbaycan dövlət başçısı İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində səsləndirib.

İlham Əliyev bildirib ki, əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, Azərbaycan dayanmayacaqdı: "Bizim növbəti əməliyyat istiqamətləri bəlli idi. Ancaq itkilər çox olacaqdı: həm Ağdamda, həm də Kəlbəcər və Laçında. Çünki onlar Ağdamı elə bir istehkama çevirmişdilər ki, şərq tərəfdən ora girmək çox böyük təhlükə idi. Əlbəttə, Şuşa götürüləndən və Hadrut, Füzuli bizim əlimizdə olandan sonra təbii ki, Ağdamda erməni hərbi qruplaşması mühasirəyə düşəcək və məhv olacaqdı. Amma biz də itkilər verəcəkdik. Kəlbəcər və Laçın rayonlarının təbii relyefi, iqlimi, hava şəraiti bizim işimizi çox çətinləşdirə bilərdi, xüsusilə nəzərə alsaq ki, qış gəlirdi. Qış orada çox sərt keçir. Dağlarda qar heç ərimir. Deyə bilərəm ki, biz o istiqamətdə Azərbaycan-Ermənistan sərhədinə ancaq may ayında çıxa bildik. Çünki yol yoxdur, necə deyərlər, heç cığır belə yoxdur. O bölgələrdə sovet dövründə yaşayış məntəqələri olmayıb. Biz oraya ancaq qar əriyəndən sonra çıxa bildik. Ona görə bizim müharibə dövründə apardığımız işlər tam dəqiqliyi ilə oldu. Onu da bildirməliyəm ki, müharibə dövründə bir dənə də fərari olmayıb. Amma Ermənistan ordusunda 10 mindən çox fərari oldu. Onların yarısı ölkədən qaçdı, yarısına qarşı da cinayət işi açılıb. Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz”.

Dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapdığını bir daha deyib: "Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var”.

"Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur"
Mənbə: Azərtac

O, iyulun 7-də imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonasının yaradıldığını vurğulayaraq bildirib ki, bütün Qarabağa aid olan rayonlar orada birləşib: "Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur.Bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.

İlham Əliyev Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu xatırladıb: "Yəni bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib”.

Xatırlatma

Rəsmi məlumata görə, 1988-ci ildə Ermənistanın indiki Sünik (Qərbi Zəngəzur) və digər bölgələrindən 250 min azərbaycanlı deportasiya olunub. Hadisılər nəticəsində 226 azərbaycanlı ermənilər tərəfindən öldürülüb (güllələnib, qəsdən avtomobil qəzasına salınıb, dağ yollarında donub və s.), 400 nəfərdən çox adam bədən xəsarəti alıb.

Sadalananlarla əlaqədar Azərbaycan Ali Soveti 1990-cı il avqustun 9-da Qaçqınlar cəmiyyətində tərtib edilən siyahını və digər faktları əhatə edən məktubu SSRİ Prokurorluğuna göndərib.

SSRİ Baş Prokurorunun müavini V.İ.Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda 1988–1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işinin açıldığını qeyd edib: "1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılıb. Ermənistan məhkəmələrinə milli nifaq zəminində baş veən 91 müttəhim barəsində cəmisi 53 cinayət işi göndərilib. 48 iş üzrə 82 nəfər mühakimə olunub, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilib”.