İlham Əliyev bu vəzifəyə təyinatı bir ildir gecikdirir

İlham Əliyev bu vəzifəyə təyinatı bir ildir gecikdirir

13-02-2022 00:00 / Bu xəbər 1389 dəfə oxundu

2021-ci ilin yanvarında yaradılan Medianın İnkişafı Agentliyi bir ildir çalışsa da, nizamnaməsində yazılan Müşahidə Şurası hələ mövcud deyil. 

Nizamnaməyə görə Şuranın 4 üzvü olmalıdır və bu üzvləri prezident təyin etməlidir. Amma bir il müddətində prezident bu üzvləri təyin etməyib. 

Müşahidə Şurası Agentlikdə hansı işləri görməli idi? 

Nizamnaməyə görə Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

- Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq edir;

- İcraçı direktorun fəaliyyətinə nəzarət edir və onun fəaliyyətini yoxlayır;

- Agentliyin kənar auditorunu təyin edir və audit hesabatını qəbul edir;

 - Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir;

- İcraçı direktorun iki müavinini də prezidentin təqdimatı ilə vəzifəyə təyin edib, vəzifədən azad edir.

Müşahidə Şurasının mövcud olmaması Agentlikdə hansı problemlər yaradır? 

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Agentlik yaranandan loyal mediaya pul vermək və yeni "Media Haqqında” qanun layihəsi hazırlamaqla məşğul olub. Büdcəyə nəzarət etməli olan Şura olmadığına görə agentlik maliyyə problemləri yaşayıb. 

Agentlik bir il müddətində çap və onlayn media orqanlarına bir neçə dəfə maliyyə yardımı göstərib. Amma illik maliyyə hesabatını açıqlamayıb. 

Agentliyin mətbuat xidmətinin rəhbəri Səidə Şəfiyeva göndərdiyimiz sorğuya cavab verməyib. 

1 ildir ki, Müşahidə Şurasının üzvlərinin təyin olunmama səbəbi ilə bağlı Prezident Administrasiya isə əlaqə saxlamaq mümkün olmayıb.