İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

18-03-2021 17:49 / Bu xəbər 2166 dəfə oxundu

Əfv edilənlər arasında "Gəncə", "Nardaran məhbusları” və AXCP üzvləri də var

Martın 18-də Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzası alan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə sərəncam 625 nəfərə şamil olunub.

98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər.

Əfv olunanların içində "Gəncə məhbusları"ndan Emin Saqiyev, Elvin Allahverdiyev, Məhəmməd İmanlı, "Nardaran məhbusları"ndan Anar Əliyev, Fərhad Mirzəyev, Vüsal Alışov, Ramin Yarıyev, Şamil Abdulalıyev də var.

İslam Partiyasının Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə də əfv olunanların içindədir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən isə Orxan Baxışlı, Babək Həsənov və Elçin İsmayıllı da əfv edilib.

Ağaəli Yəhyayev,Elxan İsgəndərov, Sahil Rzayev, Ramin Yariyev, Əlibala Vəliyev, Fərhad Mirzeyev, Alış Vüsal, Abbas Quliyev, Abbas Tağızadə isə əfv edilən dindarlardır.

Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Ömürlük həbs alan digər məhbus Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyevdir.

Sərəncama əsasən, Vüqar Əliyevin də ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

Üçüncü ömürlük məhbus isə Araz Əhmədovdur. Onun da cəzası 25 illik həbslə əvəzlənib.