İlham Əliyev: “Əgər təhlükə vardısa, Rusiya dərhal hava məkanını bağlamalı idi”

İlham Əliyev: “Əgər təhlükə vardısa, Rusiya dərhal hava məkanını bağlamalı idi”

06-01-2025 16:17 / Bu xəbər 119 dəfə oxundu

"Günahkarların cəzalandırılmasını tələb edirik”

Prezident İlham Əliyev AZAL-a məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış "Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.

Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Əliyev görüşdə bildirib ki, artıq qəzanın səbəbləri ilə bağlı ilkin məlumatlar var: "Prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür. Yenə də deyirəm, ilkin məlumatlar var”.

Əliyev qeyd edib ki, "Qara qutu”ların açılması prosesi başlanılıb: "Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin "qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada "qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək”.

Onun sözlərinə görə, istintaq başa çatandan sonra bütün məlumatlar Azərbaycan ictimaiyyətinə çatdırılacaq: "Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində "kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən, hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna "kavyor əməliyyatı” deyirlər”.

İlham Əliyev baş verənlərə görə yenə də Rusiyanı qınayıb: "Mən, hələ ki, cinayət işinin bütün materiallarını açıqlamaq istəmirəm, onun ilkin təhqiqatı və nəticələri mənə məruzə edilib. Amma əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik”.

Ölkə başçışı vurğulayıb ki, əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi: "Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək”.

"Bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır”, – Əliyev belə deyib.

Qəza və Rusiyaya uçuşların dayandırılması…

Dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Dekabrın 27-də AZAL təyyarənin qəzaya uğramasına səbəb kimi fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.

Prezident Vladimir Putin dekabrın 28-də İlham Əliyevə zəng edərək təyyarə qəzasının Rusiya səmasında baş verməsinə görə üzr istəyib. Ancaq o, təyyarə faciəsinə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etməyib.

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına (AzTv) müsahibəsində təyyarənin Rusiya tərəfindən vurulduğunu deyərək bir sıra ittihamlar səsləndirib. 

O bildirmişdi ki, Rusiya məsələni ört-basdır etmək istəyir. 

Qəzadan sonra Azərbaycan Ufa, Samara, Nijni Novqorod, Mineralnıe Vody, Soçi, Volqoqrad, Qroznı, Vladikavkaz və Mahaçqala da daxil olmaqla, bir sıra Rusiya şəhərlərinə uçuşları dayandırıb.

Kazan dayandırılmış istiqamətlər arasında olmasa da, bu şəhərə planlaşdırılan 28 dekabr reysi də ləğv edilib.

Uçuş məhdudiyyətləri ilə bağlı qərar Azərbaycan Mülki Aviasiya Dövlət Agentliyi ilə birgə qəbul edilib və Aktau qəzasının ilkin araşdırma nəticələrinə əsaslanıb.

Hava yolları davam edən pilotsuz uçuş aparatlarının aktivliyi və bölgədəki qeyri-sabitliklə əlaqəli "potensial riskləri” səbəb kimi göstərib.

AZAL bildirib ki, təsirlənmiş şəhərlərə uçuşlar "Embraer 190” qəzasının araşdırılması başa çatana qədər dayandırılacaq.